Müsavat Divanında önəmli müzakirələr
Dekabrın 29-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiya başqanı İsa Qəmbər 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibəti ilə Divan üzvlərini təbrik edib.
Dekabrın 31-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi qərara alınıb.
İclasda görülən işlər və keçirilən toplantılar barədə məlumat dinlənilib. Partiya Məclisinin sessiyasında qəbul olunan qərarlar müsbət qiymətləndirilib. Partiyanın 2026-cı ilə dair fəaliyyət istiqamətləri haqqında sənədin əsasında rayon təşkilatlarına müvafiq təlimatların verilməsi qərara alınıb.
Azərbaycan təyyarəsinin vurulması ilə bağlı aparılan cinayət işinə Rusiya hakimiyyət qurumları tərəfindən xitam verilməsi pislənilib. Qeyd edilib ki, 38 nəfərin həlak olması ilə nəticələnən hadisəyə görə heç kəsin cəzalandırılmadığı, müvafiq təzminatın ödənilmədiyi halda həmin cinayət işinə xitam verilməsi rəsmi Moskvanın Azərbaycana düşmən münasibətinin kəskinləşməsi kimi qiymətləndirilməlidir.
Daha sonra regionda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.
Ukrayna, ABŞ, Rusiya və Aİ təmsilçiləri arasında aparılan sülh danışıqları haqda məlumat dinlənilib. Bir daha qeyd edilib ki, Müsavat Partiyası bu münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması şərti ilə sülh yolu ilə başa çatmasına tərəfdardır.
Toplantıda Amnistiya Aktı nəticəsində bəzi siyasi məhbusların azadlığa buraxılması və daha bir neçə nəfərin azadlığa buraxılması ehtimalı qeyd edilib.
Divan dünyada və regionda vəziyyətin getdikcə mürəkkəbləşməsini, ölkəmizdə milli birliyə ehtiyacın da artmasını nəzərə alaraq Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində hakimiyyəti bir daha bütün jurnalistləri, ictimai və siyasi fəalları həbsdən azad etməyə doğru addımlar atmağa çağırır.
Sonda cari məsələlər müzakirə olunub.

