Çavuşoğlu ilə NATO baş katibi arasında Qarabağ müzakirələri

“Ermənistan birbaşa mülki şəxsləri hədəf alır. Bu, əslində hərbi cinayətdir”. Bu sözləri Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 O qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərindən olan Fransa açıq şəkildə Ermənistanı dəstəkləyib.

“Bu problemi həll etmək üçün yaradılmış Minsk üçlüyünün  obyektiv olmalıdır”, – M.Çavuşoğlu qeyd edib.

O, ermənilərin Xocalıda soyqırım törətdiklərini və bu yaxınlarda Ermənistanın Tovuz istiqamətində təcavüzünü xatırladıb.

İndi isə Ermənistan dalana dirənib, Gəncə, hətta Bakını raket atəşinə tutmağa başlayıb.

“Başqa sözlə, o, birbaşa dinc sakinlərə istiqamətlənib ki, bu da əslində hərbi cinayətdir”, – Çavuşoğlu qeyd edib.

O qeyd edib ki, ərazi bütövlüyü təhlükə altında olarkən Ukrayna və Gürcüstanı hamı haqlı olaraq dəstəkləyir. Bəs  biz niyə deməyək ki, Ermənistan da Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır?

Onun sözlərinə görə, NATO işğalçı qoşunların beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində bölgədən çıxarılmasına çağırmalıdır.

“Biz Qarabağ regionunda vəziyyəti diqqətlə izləyirik. Tərəflər münaqişəni mümkün qədər tez dayandırmalıdırlar, bu problemin hərbi həlli yoxdur”, – öz növbəsində NATO-nun baş katibi Stoltenberq deyib.

Turan