“ASAN Xidmət” əməkdaşlarının ləkəli geyimi
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) və bu qurumun nəzdindəki “İnnovasiyalar Mərkəzi” MMC neçə illərdir ki, əməkdaşlarına uniformanı tender yolu ilə müxtəlif şirkətlərə sifariş verir.
Turan İA-nın araşdırması ilə müəyyən olunub ki, əslində həmin geyim formalarını digər istehsalçılar tikirlər.
Artıq 5 ildir ki, “ASAN Xidmət” əməkdaşları üçün mövsümə uyğun geyim formalarının tikilişi üzrə satınalmaları əsasən “Fashion Style” MMC (VÖEN 2002912951) udur.
Sonuncu dəfə VXSİDA bu şirkəti ötən ilin noyabrında 900 dəst qadın və kişi kostyumu və aksessuarlarının (qalstuk və şarf) satın alınması üzrə müsabiqənin qalibi elan edib. Tərəflər arasında bağlanan və 15 iş günü ərzində icrası tələb olunnan müqavilənin dəyəri 285 624,6 manat (168 min ABŞ dolları) olub.
Müsabiqə şərtlərinə görə, iddiaçılardan müvafiq sahəsə 3 illik təcrübə, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı kimi ixtisas göstəriciləri tələb olunurdu. Turan İA “Fashion Style” MMC-nin direktoru İlkin Qubuşovdan sirkətin tikiş bazasının olub-olmamasını soruşub. İ. Qubuşov suala cavab verməyib.
Turan İA, həmçinin, VXSİDA-nın mətbuat xidmətinə müraciət edərək qalib şirkətin ixtisas uyğunluğunun yoxlanılması, müqavilənin icrasına cəlb olunan subpodratçılar haqda müəlumat verilməsini xahiş edib. 30 gün ərzində qurum yazılı informasiya sorğusuna cavab verməyib.
“Dövlət satınalmaları haqqında” qanuna 2018-ci ilin dekabrında mal, iş və xidmətlərin satın alınmasına subpodratçıların cəlb edilməsi qaydasının müəyyən edən əlavələr edilib. Dəyişikliklərə əsasən, tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda, iddiaçı bu tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları, konkret subpodratçının adı göstərilməklə əlavə etməlidir. Eyni zamanda, qalib gəlmiş podratçılar satınalan təşkilatın razılığı və tenderin əsas şərtlər toplusunda nəzərdə tutulması şərti ilə, işin icrası üçün subpodratçılarla müqavilə imzalaya bilər. Bütün digər hallarda satınalan təşkilatın yazılı icazəsi olmadan müqavilənin icrası subpodratçı təşkilatlara həvalə edilə bilməz. Qanun həm də onu tələb edir ki, işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar subpodrat müqaviləsinin dəyəri satınalma müqaviləsinin ümumi məbləğinin 50 faizindən çox olmamalıdır.
Turan İA-nın araşdırması ilə müəyyən olunub ki, “ASAN Xidmət” əməkdaşları üçün geyim formalarını Sumqayıtdakı “Gilan Tekstil Parkı” MMC və “Bakı Tikiş Evi” QSC-də tikirlər. Məlumatı “ASAN Xidmət” mərkəzlərindən birində çalışan əməkdaşlar da təsdiq ediblər.
Dövlət satınalmalarının vahid elektron portalının məlumatlarına görə, VXSİDA və qurumun nəzdindəki “İnnovasiyalar Mərkəzi” MMC 2016-2019-cu illərdə “Fashion Style” MMC ilə ümumi dəyəri 1 mln. 232,6 min manat təşkil edən 8 müqavilə bağlayıb. Daha 3 müqavilə isə (447,5 min manat) “İSC Services” MMC (VÖEN 1004808501) və “Azgroup-Trade” MMC-yə (VÖEN 2004221541) təqdim olunub.