“E-Təbib” mobil tətbiqi ilə necə icazə alınacaq?
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan xüsusi karantin rejimində “E-Təbib” mobil tətbiqi vasitəsilə də icazə almaq mümkün olacaq.
Bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
– tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
– mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;
– giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
– “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:
1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;
2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
3. icazənin növü seçilir (1 və ya 2);
4. “Göndər” düyməsi sıxılır;
– “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;
“Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.
“E-Təbib” xidməti vasitəsilə Siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), Sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.