Fəaliyyətsiz qalan boş zavodlar

Böyük neft gəlirlərinin olduğu dövrlərdən Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına böyük vəsaitlər sərf edəcəyini vəd etmişdi.
Bundan sonra ölkədə fabrik, zavodlar tikilməyə başladı. Hətta əlavə olaraq “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2004-2018-ci illərdə qeyri-neft sektoruna 4 milyard yarım vəsait yatırılıb.
Bu, həm də bölgələrdə işsizliyin aradan qaldırılması üçün atılmış addım idi.
Ölkə başçısı İlham Əliyevin açılış mərasimlərində şəxsən iştirak etdiyi doqquz zavod bir müddət sonra qapadılıb və ya qeyri-rentabelli bir müəssisəyə çevrilib. Bu müəssisələrə qoyulan vəsaitin toplam məbləği bir milyard ABŞ dollarından çoxdur (2020-ci ilin məzənnəsinə görə hesablanıb).
Dövlət Statistika Komitəsinin məlumatında isə deyilir ki, 2003-2012-ci illər Azərbaycanda sürətli iqtisadi inkişaf dövrü olub. Həmin illərdə sənaye, qeyri-neft bölməsində irəliləyiş olub. Bu illərdə sənaye məhsulu istehsalı 5.6 faiz artıb.
Prezidentin ötən ilin iyulundakı çıxışında, qeyri-neft sektorunda 2019-cu ilin ilk altı ayının göstəricilərinə görə, artımın 3.2 faiz olduğunu vurğulanıb.
Aşağıdakı cədvəldə adları qeyd edilən müəssisələr hazırda ya fəaliyyətsiz qalıb, bağlanıb, ya da onlar nəzərdə tutulan plandan çox aşağı gücdə fəaliyyət göstərir. Əksər hallarda, hökumət, əsasən, vergi ödəyicilərinin pulu hesabına tikilən müəssisələrdən mal almaq üçün yenə də vergi ödəyicilərinin pulundan istifadə edən əsas müştəridir:

Siyahı
Mənbə: ifact.ge
Gəncə Avtomobil Zavodu
Gəncə Avtomobil Zavodunun əsası 1986-cı ildə qoyulmuş və ildə 30 000 ədəd ortatonajlı avtomobil istehsal edəcəyi nəzərdə tutulmuşdu. Zavodun tikintisi 1989-cu ilin sonlarında bitməli idi. Sovetlər Birliyi dağıldı və zavodun tikintisi dayanıb. Müəssisənin tikinti işləri müstəqillik dövründə bərpa edilib. Zavod 2004-cü ilin dekabrında işə düşüb.
Müəssisə açılarkən işçi heyətində 85 nəfər olub.
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin nizamnaməsində bildirilir ki, zavod büdcə vəsaiti hesabına tikilib.
Beləliklə, investisiya layihəsi çərçivəsində Gəncə Avtomobil Zavoduna ən böyük investisiya 2007-ci ildə 2 milyon və 2011-ci ildə 1 milyon 500 min manat qoyulub. Bundan əlavə, Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatında deyilir ki, həmin ildə Dövlət büdcəsinin Ehtiyat Fondundan zavodun 2 layihəsinin maliyyələşdirilməsinə 3 milyon 480 min manat yatırılıb. Sənəddə layihələrin nə ilə bağlı olduğu qeyd edilmir.
KİV-də yer alan məlumatlara görə, 2003-cü ildən zavodun istehsal etdiyi “OKA” markalı minik avtomobillərini hökumət Qarabağ veteranları və şəhid ailələrinə bağışlayıb.
Gəncə Avtomobil Zavodu istehsalat birliyinin baş direktoru Xanlar Fətiyev də zavodun 10 illiyində jurnalistlərə açıqlamasında 2006-cı ildə müəssisənin həyatında əsaslı dönüş başladığını söyləyib. Həmin il 5.431 ədəd müxtəlif markalı təkərli traktor yığılıb. O, bunun 4600-nün dövlət sifarişli olduğunu da danmayıb.
Qiymətlərə gəlincə, zavodun qiymətlə bağlı 2016-cı ildə açıqladığı sonuncu məlumata görə, istehsal olunan məhsulların qiyməti çeşidinə uyğun dəyişir: MTZ markalı traktorlar 20 min – 40 min manat , yük avtomobilləri 35 min – 200 min manat arasındadır.
Məlumatda o da deyilir ki, 537 adamın çalışdığı Gəncə Avtomobil Zavodu 2013-2015-ci illərdə 2959 MTZ traktoru, 925 yük avtomobili, 2 mindən çox asma avadanlıq istehsal edib. Satış həcmi 200 milyon manat civarında olub. Zavodun əsas alıcılarından biri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrolizinq” ASC-dir.
2007-ci ildən etibarən zavodun istehsal etdiyi 10 000 traktordan 8466 ədədi dövlət sifarişi əsasında “Aqrolizinq”ə verilib.
2018-ci ildə yeni bir müqavilə imzalanaraq istehsal edilən 1000 traktordan 700 ədədi Aqrolizinqə verilib.
2015-ci ildə zavodun direktoru Kamran Nəzərov bildirmişdi ki, Rusiyanın “KamAZ” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə müqavilə bağlayıblar. Həmçinin “KamAZ” avtomobillərinin istehsalına başlayıblar. İl ərzində 1500 “KamAZ” yığacaqlar.
Zavod açılarkən işçi heyəti 85 nəfərdən ibarət olub. Ancaq sonra, 2015-ci ildə zavodun direktoru Nəzərov, Azərtac İnformasiya Agentliyinə verdiyi müsahibədə zavodun 500-dən artıq əməkdaşının olduğunu söyləyib. Hazırda isə müəssisədə 200-ə yaxın işçinin olduğu bildirilir.
2015-2018-ci illər arasında Gəncə Avtomobil Zavodunda çalışmış 35 yaşlı Samir Əliyev (ad şərtidir) deyir ki, çalışdığı zaman 250 manat əmək haqqı alırmış. Sonradan ixtisarlar başlayıb və maaş azalıb:
“Hətta zavoddakı sexlərin çoxu bağlandı, qaldı bir-ikisi. Nəticədə xeyli işçi ixtisara salındı və maaş endi. Mənim maaşım da 180 manata düşdü. Bununla dolanmaq mümkün olmadı deyə, işdən çıxdım. Çünki yaşlı anam və 4 nəfərlik ailəmi dolandırmalı idim. İndi şadlıq sarayında ofisiantam. Gəlirim zavoddakından daha yaxşıdır. Aya 450-550 manat arası qazanıram”.
Gəncə Avtomobil Zavodu bağlanmayıb, işləyir, ancaq rentabelli deyil. Açılanda deyildiyi kimi, yüzlərlə adama daimi iş yeri olmadı. İşə düşəndən bir müddət sonra xeyli adamı işlə təmin etsə də, onlar zamanla ixtisara düşdülər, əmək haqları yarıya endirildi. Bir müddət yalnız dövlətin yatırdığı vəsaitlər, aldığı avtomobillər hesabına ayaqda durdu.
Samir Əliyev deyir ki, bu gün zavodun bir neçə sexi fəaliyyət göstərir. Qalanları gəlirli olmadığı üçün qapadılıb:
“İşçilər yarıya endirilib, eynilə onların əmək haqları kimi”.
Şamaxı Star LTD
2004-2005-ci illərdə Şamaxıda “Star” LTD şirkəti tərəfindən televizor istehsalı zavodu tikilərək istifadəyə verilib. Zavodun açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. O, burada qeyri-neft sektorunun inkişafından, insanların işlə təmin olunmasından danışıb.
Dövlət zavoda 5 milyon manat məbləğində investisiya qoyub. Müstəqil iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, dövlət tərəfindən bu zavoda 7 milyon ABŞ dollardan çox vəsait ayrılıb. Məlumatda qeyd edilir ki, “Star” televizor istehsalı zavodunda 250 nəfərdən çox adam işləyir. Zavodun tam istehsal gücü isə bir ildə 1 milyon 200 min ədəddir.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2003-2012-ci illər Azərbaycanda sürətli iqtisadi inkişaf dövrü olub.
2013-cü ildə isə televizor istehsalı 24 372 min ədəd olub. Sonrakı illərlə bağlı rəsmi məlumat yoxdur.
Zavod 2016-cı ildə bağlanıb. Burada hazırda mühafizəçidən başqa kimsə çalışmır. Qapısı isə kilidlidir. Mühafizəçi deyir ki, gəlib gedəni də olmur. Ayda bir dəfə maaşını verməyə bir nəfər göndərirlər, vəssəlam:
“Mən zavodu yox, binanı mühafizə edirəm. Zavod işləmir. İllərdir dayanıb, istehsal yoxdur”.
Şamaxı “Azsamand” zavodu (Avtomobil İstehsalı Zavodu)
“Azsamand” Avtomobil istehsalı zavodu 2005-ci ildə Şamaxıda açılıb. Təkcə zavodun tikintisinə 10 milyon ABŞ dolları həcmində investisiya qoyulduğu deyilir.
Zavodun tam istehsal gücü bir ildə 2880 ədəddir. Zavodla bağlı məlumatda deyilir ki, müəssisə tam gücü ilə işləməsi həm də 900-1000 nəfər üçün yeni iş yerinə şərait yaradacaq.
Zavodla bağlı ən son statistika 2012-ci ildə açıqlanıb. 25 ədəd avtomobil istehsal olunub. Sonrakı illərdə isə istehsal dayandırılıb.
“Kür” Elektron avadanlıqları istehsalı MMC
2005-ci ildə Mingəçevirdə açılan “Kür” kompüter və elektron avadanlıqları zavodu da ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış addım kimi dəyərləndirilirdi.
Analitik Yadigar Sadıqlının sözlərinə görə, kompüter avadanlıqları istehsal edən müəssisədə 110 işçi çalışır və tam gücünün ildə 7 milyon manatlıq məhsul olduğu bildirilirdi.
Zavod Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Elçin Əliyevin sahib olduğu “Sinam” şirkətinə məxsusdur, E.Əliyev, Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiridir. Sinam şirkətinin müştərilərinin böyük hissəsi dövlət qurumlarıdır. Onların arasında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu kimi qurumlar da var.
“Kür” Kompüter və Elektron Avadanlıqları Zavoduna investisiya layihəsi çərçivəsində 2005-2007-ci illərdə isə 1,5 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.
Hazırda isə zavod fəaliyyət göstərmir. Zavodun keçmiş direktoru Rizvan Osmanov iFact.ge əməkdaşına bildirib ki, bəli, keçmişdə zavodun 100-dən artıq işçisi olub. Ancaq hazırda cəmi 2 işçi qalıb: “Zavod bağlanmayıb, ancaq istehsal dayanıb. 2018-ci ildə özəlləşdirilib. Yeni sahibi hələlik, fəaliyyəti bərpa etməyib” Mingəçevir sakini Şamil Məmmədov zavodda 2006-10-cu illər arasında çalışıb. O deyir ki, zavodun ən yaxşı vaxtları keçmiş təhsil naziri Misir Mərdanovun (red: Misir Mərdanov 1998-2013-cü illərdə təhsil naziri vəzifəsində çalışıb) dövründə olub.
“O, bütün məktəblərin informatika otaqlarını bizim kompüterlərlə doldurmuşdu. Demək olar ki, bütün sifarişləri nazirlikdən alırdıq”.
Şamil Məmmədov deyir ki, əslində zavod çoxdan çökmüşdü, ancaq açıqlanmırdı:
“2018-ci ildə özəlləşdirildi. Onda bütün işçilər zavoddan əlini üzdü”. Məmmədov, hazırda marketlərə məhsul paylamaqla məşğuldur.
Şamaxı “Azərelektronika” məişət cihazları zavodu
Sahəsi 13 ha olan Şamaxı “Azərelektronika” Məişət Cihazları Zavodu 2005-2008-ci illərdə tikilib. Obyektin yaradılmasına 50 milyon manat investisiya qoyulub..
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2003-2012-ci illərdə ölkədə 74,2 min ədəd məişət soyuducuları istehsal olunub. 2013-cü ildə 6662 məişət soyuducuları və 9435 ədəd məişət kondisioneri buraxılıb.
2014-cü ildən istehsal edilən məhsulların sayı azalmağa başlayıb. Soyuducu istehsalı 3 850, kondisioner istehsalı 1 275 ədəd təşkil edib.
2015-ci ildə ölkədə 180 ədəd məişət kondisioneri istehsal olunub. Həmin il mayın 1-nə hazır məhsul ehtiyatı 2 241 ədədə çatıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən iFact.ge-yə bildirilib ki, zavodlar fəaliyyətini dayandırıb. Dəqiq səbəbi isə məlum deyil:
“Sahibkarlıq obyektləri olub. Ola bilsin, satışın təşkil etməyiblər, müəyyən problemlər yaranıb və s. hardasa 2016-2017-ci illərdən fəaliyyətini dayandırıb. Son illər demək olar ki, istehsal yox idi. Bəli, işçiləri var idi, işləyirdilər, təəssüf ki, bağlandı”.
Bu zavodun da açılışını Prezident İlham Əliyev edib. Zavodun açılışından yayılan rəsmi məlumatda deyilir ki, ilkin mərhələdə zavodun 250 nəfər işçisi olub. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Gələcəkdə müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexlərinin yaradılması nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda 1000 nəfər işlə təmin olunacağı nəzərdə tutulmuşdu.
“Bura illərdir bağlanıb, işləmir. İndi cəmi iki nəfər işçisi var. Bir müdirdir, gəlib-gedir, bir də mənəm, mühafizə edirəm, vəssəlam”, zavodunun qapıdakı mühafizəçisi belə deyir.
Şamaxı sakini, 42 yaşlı Anar Əliyev isə 2 ildən çox, 2016-cı ildə zavod bağlananadək orada fəhlə işləyib.
“Zavod bağlananda çox adam işsiz qaldı. 200-dək fəhləsi vardı. Özü də keyfiyyətli, yaxşı soyuducu, kondisioner buraxırdıq. Birdən-birə bağlandı. Bu boyda adlı-şanlı bina boş qaldı”.
Anar Əliyev hazırda taksi sürür. Günə 7-12 manat qazanır. Zavodda işləyəndə aya 300 manat alırmış. Deyir, istənilən halda daimi iş daha sərfəlidir:
“Taksidə bilmirsən, bəzi günlər ümumiyyətlə, gəlir olmur. Zavod beləydi ki, bilirdin ay sonu nağd 300 manatın var. Özümlə bərabər 6 nəfərlik ailəyik. Anam da bizimlə qalır. Çətindir. Zavoddan sonra bir müddət işsiz qaldım, gördüm, alınmır. Borc-xərc sovetdənqalma bir maşın aldım, taksiyə çıxdım”.
Naxçıvan Avtomobil Zavodu
Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın 10-da açılıb və ildə 5000 ədəd avtomobil istehsal etməyə malik olduğu bildirilirdi.
İlk vaxtlar zavodda Almaniya, Belçika və İtaliyada hazırlanan son model avadanlıqlardan istifadə olunaraq avtomobil yığılıb. Zavodda Lifan minik avtomobilləri və eyni zamanda, yük avtomobilləri də istehsal olunurmuş.
2015-ci ildə baş verən devalvasiyaya qədər zavodun buraxdığı ən ucuz avtomobilin qiyməti 7500 dollar olub. Devalvasiyadan sonra qiymətlər 10-35 min dollar arasında dəyişib.
Çinin “Chongqing Lifan İndustry” şirkəti ilə birgə fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodunun işə salınması üçün 3,5 milyon manat həcmində investisiya yatırılıb.
2016-cı il yanvarın 27-də Prezident İlham Əliyev çıxışında dövlət qurumlarına yerli istehsal olan avtomobilləri almağı tövsiyə etmişdi.
Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev Prezidentin etdiyi tövsiyədən sonra satışlarının xeyli artdığını söyləmişdi.
Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding” zavoda 270 avtomobil sifariş edib.
2016-cı ildə zavodda 270 avtomobil yığılıb. 2015-ci ilə nəzərən istehsal 62,8 faiz azalıb. 2016-cı il “NAZ-Lifan” avtomobillərinin 121 ədədi isə satılmamış qalıb.
Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatına görə, 2015-ci və 2016-cı illər üzrə dövlət büdcəsindən 540 minik avtomobillərinin alınması üçün 5 milyon 2 min manat xərclənib. Avtomobillər Naxçıvan Avtomobil Zavodundan alınıb və müharibə əlillərinə pulsuz paylanıb.
Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatında isə deyilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə müharibə əlliləri üçün “Naz-Lifan” markalı minik avtomobillərinin alınması üçün Naxçıvan Avtomobil Zavoduna 19 milyon 995 min manat məbləğində vəsait köçürüb. 2018-ci ilin aprelində 120 ədəd minik avtomobili alınaraq Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə paylanıb.
Dövlətin zavoda verdiyi sifarişdən öncə zavodun direktoru M.Abdullayev açıqlama verərək bildirmişdi ki, zavod 2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satıb: “İş getmir”.
2018-ci ilin yanvar-oktyabr aylarında (10 ay) Azərbaycanda cəmi 610 ədəd minik avtomobili istehsal edilib.
Bu rəqəmlərin heç biri zavod açılanda deyildiyi kimi, ildə 5000 ədəd avtomobilə çatmır.

Gəncə “Det-Al” Aluminium Kompleksi
Mənbə: President.az
Gəncə “Det-Al” Aluminium Kompleksi
Zavod 2012-ci ildə açılıb. Açılışa qatılan Prezident İlham Əliyev deyib ki, bu zavod ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir:
“Zavodun açılışı ölkəmizin uğurlu inkişafını göstərir. Ölkədə bütün proqramlar icra edilir. Zavodun tikintisinə dövlət dəstək verib. Bu, qeyri-neft sektoruna qoyulan sərmayədir. Burada istehsal olunan məhsullar ixrac ediləcək. Bizim artan tələbatımızı da təmin edəcək. Bu, həm gəlirli layihədir, həm də yeni iş yeridir. 600-dən artıq insan işləyir burada”.
Gəncə Poladəritmə və Aliminium Zavodalarının enerji təchizatı layihələrinə dövlət 2009-cu ildə 110 milyon 527 min, 2010-2011-ci ilərdə isə 35 milyon 600 min manat investisiya yatırıb. Bunlar zavodun tikintisi dövründə ayrılan vəsaitlərdir.
“Det-Al” Aluminium Kompleksi isə 2014-cü ildə Prezidentin iştirakı ilə istifadəyə verilib. Rəsmi məlumata görə, müəssisədə 1400 nəfər işlə təmin edilib. Burada gücü 50 min ton olan iki zavod – “Metaltökmə, fasiləsiz metal yayma” və “Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərir.
“DET-AL Alüminium” Kompleksi bütünlükdə fəaliyyətini dayandırmayıb. 3 il bundan öncə kompleksin tərkibində fəaliyyət göstərən Aliminium Zavodunun işi zəifləyib. Həmin vaxt zavodun direktoru Akif İbişov açıqlamasında Aliminium Zavodunun fəaliyyətini dayandırdığını, ”Det-Al” haqqında məlumatsız olduğunu demişdi.
“Det-Al Alüminium” Zavodu Azərbaycan Beynəlxalq Bankının (ABB) kreditləri hesabına maliyyələşdirilib. Yəni zavodun götürdüyü kreditlərə dövlət (Maliyyə Nazirliyi) zamin durub və borclarını dövlət ödəyib. ABB bankrot elan edildikdən sonra həmin bankın maliyyələşdirdiyi müəssisələr, heç bir əsas olmadan müxtəlif yollarla ABB-nin nəzarətindən çıxarılıb.
Hazırda zavodda çalışan və adının açıqlanmasını istəməyən mənbə bildirir ki, Det-Al” Alüminium Kompleksi tam bağlanmayıb. Ancaq deyildiyi kimi tam gücü ilə də işləmir, yeni işçi də götürülmür. İş də, əmək haqları da azalıb:
“Maaşların verilməsində gecikmələr olur. Məsələn, mən əvvəl 230 manat alırdım. İndi 180 manat gəlir əlimə. Bağlanmayıb, amma bağlanmış kimi bir şeydir”.
“Fəhlə idim, aylıq gəlirim 240 manat idi. Birtəhər dolanırdıq. Zavod işləmir, qalmışıq işsiz. Bir neçə ilə bağlayacaqdılarsa, bu qədər vəsaiti bura niyə tökdülər? Təntənəli açılışı buna görə edirdilər?” deyə, zavodda 2017-19-cu illər arasında işləyən digər mənbə bildirir.
Məhərrəm Zeynalov zavoddan aldığı 240 manatlıq əmək haqqı ilə 5 nəfərlik ailəsini dolandırırmış. Onun 2 qızı, 1 oğlu var; qızlarından birinin mütəmadi müalicəyə ehtiyacı var, oğlu isə bu il hazırlığa gedir. Zeynalov deyir ki, əlavə hazırlığa aylıq 150 manat xərci çıxır: “Qızlardan birinin başında problemi var. Tez-tez ürəkgetməsi olur. Daim müalicə etdirməsək, olmur. Pensiya alır. Onun pensiyası, mənim maaşımla birtəhər dolanırdıq. İndi ata-anamızın pensiyasına, göndərdiklərinə möhtac qalmışıq. İş tapa bilmirəm”.
İsmayıllı Velosiped Zavodu
Mənbə: President.az
İsmayıllı Velosiped Zavodu
“Zavoda materialları xaricdən gətirirlər. Təkcə, velosipedlər burada yığılır. İndi isə iş dayanıb, çünki material bitib, yoxdur. İşçilər isə özhesablarına, uzunmüddətli məzuniyyətə göndəriliblər. Onsuz elə çox işçisi də yoxdur, elə 15 nəfərdir. Onların da nə zaman çağırılacağı bəlli deyil”, deyə zavodun mühafiəçisi deyir.
Açılışında Prezidentin iştirak etdiyi velosiped zavodu 2016-cı ildə istifadəyə verilib.
Zavod Prezidentin tərəfdaşı olan Əşrəf Kamilovun sahibi olduğu «Synergy Group»-a aiddir. Dövlət bu zavoda 7 milyon manat sərmayə yatırılıb. İlkin mərhələdə burada 60 işçinin çalışacağı söylənirdi. Bildirilirdi ki, gələcəkdə zavodun fəaliyyəti genişləndikcə işçilərin sayı da artacaq.
Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulurdu.
Ancaq iFact.ge-yə verilən məlumata görə, burada heç vaxt işçilərin sayı 60 olmayıb.
Zavod açılandan burada çalışan və adının açıqlanmasını istəməyən işçi bildirir ki, ilk gündən zavodda 20 nəfərdən çox adam çalışmayıb:
“Müdir, müavin, mühasib və təmizlikçiləri də saysaq, işçilərin sayı 20 nəfərdən o tərəfə keçməyib. İndi də ümumiyyətlə, fəaliyyət dayanıb, evdəyik. Bilmirik, əmək haqqımız ödənəcək, ya yox. Çox güman ödənməyəcək. Daha öncə belə durumlarda ödəməmişdilər” – deyən, işçinin aylıq əmək haqqısı 214 manat təşkil edir.
“Hazırda içəridə mühasib var. Hər gün gəlib, bir-iki saat oturub, gedir. Ümumi heç bir iş yoxdur” – deyə zavodun mühafizəçisi bildirir.
Mayın 29-da İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmi saytında isə məlumat yayılıb ki, zavod fəaliyyətini yenidən bərpa edib.
Məlumatda bildirilir ki, zavodu gün ərzində 100-150 velosiped istehsal edir. Onlar 120 manatdan 3000 manatadək qiymətlə yerli bazara çıxarılır:
“Hazırda burada 30 işçi karantin qaydalarına əməl edərək çalışır”.
 
SOCAR Azot Zavodu
Azot gübrələri istehsalı zavodunun tikintisinə 2011-2016-cı illərdə dövlət 500 milyon avro investisiya yatırıb.
“SOCAR Karbamid” Zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avrodur.
Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında kredit götürülüb. SOCAR isə zavoda birbaşa 100 milyon avro məbləğində vəsait ayırıb. Rəsmi məlumatlarda deyilir ki, zavodda təxminən 500-600 nəfər daimi işlə təmin ediləcək.
Hazırda zavodda rəhbər vəzifədə çalışan, işini itirməmək üçün adının açıqlanmasını istəməyən mənbə deyir ki, zavod tam fəaliyyət göstərir, ancaq işçilərin sayı deyilən qədər deyil. Maaş isə müxtəlifdir:
“Baxır işə. Zavodda çalışan xarici mütəxəssislərin əmək haqqı yüksəkdir. Onlar 2-3 min manata qədər, bəlkə də daha çox maaş alırlar. Stajı yüksək, yerli mühəndislər 800-1500 manatadək alır. Operator və fəhlələr isə saatı 2-4 manat arası əmək haqqı alırlar”.
Yerli mütəxəssislər zavodun Azərbaycanın həyatında rolunun böyük olmadığını düşünürlər.
Dövlət Gömrük Komitəsinin məlumata görə, Türkiyəyə (22 193 ton), Ukraynaya (993,6 ton), Rumıniyaya (2825,8 ton), Bolqarıstana (10 166,62 ton) və Rusiyaya (8 752,5 ton) karbamid satışından 7 milyon 189 min dollar əldə edilib. Məhsul 159,99 dollar/ton yaxud 272 manat/ton qiymətinə ixrac edilib.
2019-cu ilin iyulunda “Aqrolizinq” ASC SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb.
2012-ci il Gəncə Aliuminum Zavodunun açılışında prezident İlham Əliyev ölkə iqtisadiyyatına 2010-cu ildə 17.6 milyard ABŞ dolları, 2011-ci ildə isə daha 20 milyard dollar vəsait ayrıldığını qeyd edib: “Bu vəsait hesabına ölkəmizin hər bir bölgəsi inkişaf edir. Böyük proqramlar icra edilir. O cümlədən, bu bölgənin və Gəncənin inkişafı ilə bağlı konkret proqramlar, infrastruktur proqramları icra edilir. İşsizliyin aradan qaldırılması üçün konkret addımlar atılır” – İlham Əliyevin president.az-dakı çıxışından.
Turan Xəbər Agentliyi Dövlət Statistika Komitəsinə istinad edərək bildirir ki, 2019-cu ilin sentyabr ayınadək olan göstəriciyə görə regionlarda işsiz əhalinin sayı 42 min, Bakıda isə 29 min təşkil edib. Reallıqda isə minlərlə insan işsizdir və ya minimum əmək haqqından aşağı maaş alır.