Özümüzü aldatmayaq

 Vaqif Hacıbəyli

 

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı fikirlərinə münasibət bildirərək Rusiya tərəfinin münaqişənin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Lakin nazirliyin həmin açıqlamasında bəzi məqamların üstündən sükutla keçilir. Onlar hansılardı?

 

1. Putin münaqişənin başlanmasında Azərbaycanı günahlandıraraq bildirdi ki, bu münaqişə Sumqayıt hadisələrindən sonra başlayıb, bunun nəticəsi olaraq erməni əhalisi də özünü qorumaq üçün silahlanıb və son nəticədə Daglıq Qarabagı və ətraf 7 rayonu zəbt edib. Münaqişənin səbəbi barədə Putinin dedikləri yumşaq desək, həqiqətə uygun deyil.

 

2. Putin həmin müsahibəsində bir neçə dəfə təkrar etdi ki, Ermənistan Qarabagdakı rejimin müstəqilliyini tanımayıb və bu səbəbdən Rusiyanın “ODKB” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməsi, yəni hərbi müdaxiləsi mümkün olmayıb. Lakin Rusiya Ermənistanın müttəfiqi olaraq müharibə vaxtı bu ölkəyə lazım olan bütün yardımları edib. Başqa sözlə, Putin bu açıqlaması ilə Ermənistanı Qarabagdakı cinayətkar rejimi tanımağa təhrik edir. Eyni zamanda, o müharibənin gedişində Ermənistana hərbi yardımların göstərilməsi ilə baglı İlham Əliyevin birbaşa ünvan göstərmədən söylədiklərini də etiraf edir. Amma ardınca da deyir ki, Türkiyə müharibə vaxtı tərəf tutdugu üçün sülhməramlı missiyada iştirak edə bilməz. Ermənistana müharibə vaxtı nə istəyibsə, onu vermisənsə, sən də tərəf tutmusan. Bu halda, Putinin açıqlamasındakı ziddiyyət və məntiqsizlik göz qabagındadır.

 

3. Putin daha sonra Gürcüstan və Cənubi Osetiya mövzusuna toxunur. Acıq, birbaşa mətnlə deməsə də, əslində Azərbaycanı təhdid edir. Biz orada hansı proseslərin baş verdiyini yaxşı bilirik. Əslində, Rusiyanın çox böyük israrla türk müşahidəçilərini Xankəndinə buraxmaqdan imtinası da Qarabagda Cənubi Osetiya ssenarisini həyata keçirmək niyyəti ilə baglıdır. Əks – təqdirdə müşahidəçilərin Xankəndinə girişinə qoyulan qadaga nə saglam məntiqlə, nə də razılaşmanın üzdə görünən məqsədləri ilə qətiyyən uzlaşmır.

 

4. Putin həmin ərazidə mövcud olan rejimin qorunub saxlanacagını bildirir. Lakin 9 noyabr razılaşmasının mahiyyətindən bu məna çıxmır. Bu barədə artıq yazmışam.

 

9 noyabr razılaşmasından dərhal sonra yazmışdım ki, bu sənədi diplomatik sahədə qazanılan qələbə kimi qəbul etmirəm, lakin bunu faciə kimi qələmə verməyin də əleyhinəyəm. Yenə bu qənaətdəyəm. Lakin baş verənlərin mahiyyəti barədə düzgün məlumat verilməlidir. Öz özümüzü aldatmaq bizə xeyir gətirməyəcək.

 

Görünən odur ki, Azərbaycan iqtidarı hesab edir ki, onlar hərb meydanında oldugu kimi, diplomatik sahədə də qələbə ardınca qələbə qazanırlar. Rəsmi təbligat məhz bu istiqamətdə gedir. İnsanlarımızın bir hissəsi də səmimi şəkildə inanırlar ki, onlar bu yaxınlarda Xankəndinə, Xocalıya, digər yerlərə qayıdacaqlar. Bu günə qədər 1700 erməni Qarabağa geri qayıdıb, amma geri qayıdan bir nəfər də olsun soydaşımız yoxdur. Axı 9 noyabr anlaşmasına görə biz də qayıtmalıydıq. Putin bu barədə heç nə demədi. Bizim rəsmi dairələr də bu barədə susurlar. Susmaq isə heç də həmişə qızıl deyil.

 

Basta