Fransa Senatındakı Qarabağ müzakirələrinə Müsavatdan ETİRAZ
Fransa senatının Azərbaycanın Yuxarı Qarabağ ərazisinin ermənilərə məxsus müstəqil dövlət qurumu kimi tanımaq istiqamətindəki müzakirələri Azərbaycan cəmiyyətində ciddi narahatlıqla qarşılanıb.
Müsavat Partiyasının bununla bağlı bəyanatında deyilir:
“Beynəlxalq hüquqa zidd olan bu müzakirələr Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurmaq uğrunda fəaliyyət göstərən, strateji siyasətdə Avrointeqrasiya xəttinə üstünlük verən demokratik ictimaiyyəti xüsusilə narahat edir.
30 ildir ki, erməni silahlı birləşmələrinin işğalı altında qalan, tarixi və hüquqi baxımdan Azərbaycan ərazisi olan Qarabağ ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər əsasında azad edilib.
Bildiririk ki, Azərbaycan digər millətlərə və dinlərə tolerant yanaşan, yüksək mədəniyyətli cəmiyyətə malik mültietnik, multikonfessial, multikultural dövlət olaraq bu ərazidə yaşayan bütün xalqların, o cümlədən ermənilərin təhlükəsizliyinə, həmin ərazidə olan mədəni, dini irsin qorunmasına təminat verir.
Qarabağ nizamlanmasına məsul olan Minsk qrupu həmsədrlərindən biri kimi Fransanın obyektiv, neytral mövqe tutmasını vacib hesab edir, Azərbaycanın erməni əsilli vətəndaşlarının Azərbaycan torpaqlarında sülh içində yaşaması, bütövlükdə regionda sülhün bərpası və uzunmüddətli olması üçün Fransanı hər iki dövlətdən və xalqdan eyni məsafədə durmağa çağırırıq.
Azərbaycana qarşı qərəzdən doğan, heç bir hüquqi nəticəsi olmayacaq, tövsiyyə xarakterli qətnamənin və bu istiqamətdə qəbul ediləcək istənilən sənəd nəinki bölgədə sülhə, qarşılıqlı münasibətlərin yaxşılaşmasına səbəb olacaq, əksinə bütün sahələrdə gərginliyi daha da artıracaqdır.
Belə bir qərarın qəbulu bölgədə əldə edilməsi vacib olan sülhə vurulan növbəti zərbə kimi Ermənistanı daha uzun müddətli iqtisadi və regional layihələrdən kənarda qoyacaq, ziddiyyətləri daha da dərinləşdirəcək, mümkün sülhün əldə olunmasına ciddi əngəl törədəcək.
Ən əsası Fransa senatında Yuxarı Qarabağın müstəqilliyinin tanınmasıyla bağlı qəbul olunan hər hansı sənəd heç bir hüquqi nəticəyə gətirib çıxarmamaqla yanaşı Azərbaycan və Fransa dövlətləri və xalqları arasında münasibətilərin soyumasına, siyasi, iqtisadi, mədəni əlaqələrimizə ciddi zərbə vuracaqdır”.
Basta