“Ermənistan sənin hakimiyyətin dövründə işğalçı ölkə kimi tanındı” – Köçəryanla Paşinyan arasında söz dueli
Ermənistanın baş naziri Nikol Paşinyan onun ünvanına irəli sürülən ittihamlara cavab verib.
Cümə günü Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində Paşinyan hökumətini kobud diplomatik səhvlərdə ittiham edib. O bildirib ki, Paşinyan br sıra səhvlər buraxdığı üçün beynəlxalq birlik Azərbaycanın “aqressiyasına” seyrçi yanaşıb. Köçəryanın fikrincə, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə, həm Azərbaycanı müharibəyə təhrik edib, həm də Ermənistanın işğalçı ölkə kimi qəbul edilməsinə şərait yaradıb.
Köçəryan həmçinin deyib ki, müharibə başladıqdan 4 gün sonra Ermənistanın hərbi genarileteti Paşinyana məğlubiyyətin qaçılmaz olduğu barədə raport verib. Lakin Paşinyan bu raporta rəğmən müharibəni vaxtında dayandırmayıb, sülh sazişini dərhal yox, 44 gün sonra – böyük ərazi və canlı qüvvə itkilərindən sonra imzalayıb.
Nikol Paşinyanın cavabı gecikməyib. O, özünün feysbuk səhifəsindən canlı yayıma çıxaraq, ittihamlara cavab verib.
“Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinə münasibəti 2020-ci ildə formalaşmayıb, bu, 25 il ərzində baş verib. Qarabağ məsələsi ərazi mübahisəsi kimi qəbul olunmağa başladı və bu, böyük bir problemə çevrildi. Ermənistan işğalçı bir ölkə kimi qəbul olunmağa başladı. Və son 2,5 ildə (Paşinyanın hakimiyyətdə olduğu müddət) biz bu vəziyyəti dəyişmək, qapalı dairədən çıxmaq üçün cəhd elədik” – deyə, Paşinyan bildirib.
Paşinyan xatırladıb ki, məhz əvvəlki iqtidarların dövründə beynəlxalq birlik Ermənistanı işğalçı ölkə kimi tanıyaraq, rəsmi qətnamələr qəbul edib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında müharibənin dayandırılması haqqında saziş imzalandıqdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə hərəkat başlayıb.
İlk həftələrdə bu qarşıdurma əsasən narazı əhali ilə hakimiyyət arasında idisə, son günlər proseslər Köçəryan-Paşinyan rəqabəti müstəvisinə keçib. Maraqlıdır ki, İstər Paşinyan, istərsə də Köçəryan beynəlxal aləmdə Ermənistanın işğalçı ölkə kimi tanındığını etiraf edir, sadəcə hər ikisi buna görə məsuliyyəti öz üzərindən atmaq istəyir ki. Əslində isə Ermənistanın işğalçı ölkə kimi tanınmasının səbəbi hansısa diplomatik “səhvlər” yox, yürüdülən işğalçı siyasətdir, bunu isə həm keçmiş, həm də indiki iqtidar aparıb.
Basta