Rus “sülhməramlıları”: Alternativ var idi?
Səxavət Soltanlı, Müsavat başqanının müavini
Rus “sülhməramlıları”nın bu şəkildə ərazilərimizə gəlməsindən narazı olduğunu bildirənlərin, bu məsələyə etiraz edənlərin, indi və xüsusi ilə gələcək üçün ciddi fəsadları olacağını deyənlərin ünvanına bəzən səmimi şəkildə də suallar səslənir:
Başqa nə edə bilərdik?
Başqa nə etmək olardı?
Alternativ variant var idi?
Məncə var idi. Yox idisə belə, yaratmaqlıydıq. Buna imkanımız var idi.
Yoxuydusa belə döyüş meydanında ordumuzun misilsiz, təsəvvürəgəlməz qəhrəmanlıqları fonunda alternativlər yaratmalıydıq. Azərbaycan əsgəri həqiqətən inanılmaz reallıqlar yaratdı. Diplomatiyamız və siyasi iradəmiz də ordumuzun fədakarlıqlarına adekvat olmalı idi. Kameralar önündə xarici mətbuatın suallarına verilən cavablardakı sərt və doğru ritorika mümkün olduğu qədər danışıqlar masasına da daşınmalıydı. Bunun üçün hər şey var idi. Döyüşkən və güclü ordu, tam bütün, həmrəy xalq.
Düşünürəm başqa alternativlərimiz var idi, ən real və bizim maraqlarımıza uyğun olanı əvvəlcədən, 44 günlük müharibənin nizamlama prosesini tək Rusiya və Türkiyəylə yox, Rusiya, Fransa, Amerika, Türkiyə və Böyük Britaniyanın birgə iştirakıyla həll etməyə çalışmalıydıq. Bu məncə sülhməramlı məsələsində ən ideal variant olardı.
Danışıqlar masasında Türkiyənin neytrallaşdırmasının qarşısını da bu yolla ala biləcəyimizi düşünürəm. Ən əsası münaqişənin həllində Rusiyanın inhisarçılığına imkan verilməməliydi. Bunun üçün ciddi arqumentimiz və əsaslarımız da var idi. “Münaqişə ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir” tipli bəyanatlar və razılaşmalar.
Belə olduqda indikindən daha yaxşı nəticə əldə etmək olardı. Məs: hər ölkədən 300-400 sülhməramlı cəlb etmək olardı.
Hətta, “Minsk qrupu” həmsədr ölkələr çərçivəsində proses getsəydi belə, Türkiyə və Böyük Britaniya əsgərlərinin sülməramlı olması razılaşdırıla bilməsəydi yalnız Rus əsgərinin ərazimizə sülhməramlı adıyla girməsindənsə, həmsədr ölkələr kimi Rusiya, Fransa, Amerika əsgərlərinin BİRGƏ sülhməramlı kimi bölgədə olması indikindən daha yaxşı alternativ olduğunu düşünürəm. Belə düşünməyim üçün bir neçə səbəbim var. İndi açıq yazılması mümkün olan və olmayan səbəblər.
“BİRGƏ Sülhməramlılar”ın gəlişi variantı indiki davranışlar, gələcək “Gedişlər”, baş verəcəklər və mümkün ehtimallar baxımından daha yaxşı olacağı düşüncəsindəyəm.
Zamanı gələndə sülhməramlıların ölkədən çıxarılması qərarımız nə tək Rusiyaya qarşı demarş sayılmayacaqdı, nə də çıxıb-çıxmamaqla bağlı qərarı Rusiya təkbaşına verməyəcəkdi. İndi Moldovada, Dnestryanı məsələsində olduğu kimi.
Fransanın da ermənipərəst olduğu arqumentlərini səsləndirənlərə bu başdan deyim ki, Fransanın sözdə dediklərini Rusiya əməldə edir.
Bu variantlardan biri alınsaydı Fransa da ən azı indiki kimi davrana bilməzdi və ya davranmazdı. Fransa və Rusiyanın rəqib olmalarından, Amerikanın hər iki ölkəyə təsir imkanının olmasından münaqişənin həllində ciddi şəkildə faydalana bilərdik ki, bunun üçün düşünürəm ciddi çalışılmayıb.
Tarixi ədalətin bərpası, torpaqlarımızın ciddi hissəsinin azad olunması əlbəttə çox ciddi hadisədir. Buna sevinməmək, bununla öyünməmək mümkün deyil. Sadəcə düşünmürəm ki, kimsə münaqişənin bu formada “bitməsindən” tam məmnundur. Hər kəsin içində daha yaxşı variantlarla bağlı düşüncələr var. Bu düşüncələr döyüş meydanındakı uğurlarımıza qətiyyən kölgə sala bilməz. Salmır da.
Müharibə yalnız tarixdən qaynaqlanmır, yalnız keçmişdə olanlara görə baş vermir. Müharibə həm də gələcəklə bağlı, gələcəkdə olacaqların hesablanmasından qaynaqlanır. Müharibələr keçmişdə olanlardan daha çox gələcəkdə olacaqların hesablanmasının nəticəsidir.
Müharibə yalnız tarixi ədalətsizliyin aradan qaldırılması, bərpası üçün deyil, gələcəkdə baş verəcək neqativlərin, fəsadların qarşısının alınması, azaldılması üçün baş verir.
Müharibə keçmişdə baş verənləri dəyişməkdən daha çox gələcəyi dəyişmək cəhdidir. Gələcəyi risk altına atmaqla keçmişi bərpa etmək isə ən ideal variant ola bilməz.
Hər zaman ən azı bir çıxış yolu olur. İndi də var, bu haqda sonra.