Vətən müharibəsinin yekunları müzakirə edildi

Dekabrın 12-də Müsavat Partiyasının təşəbbüsü ilə Dəyirmi Masa keçirilib. Video-konfrans rejimində keçirilən tədbirdə Vətən müharibəsinin yekunları müzakirə olunub.

 

Müzakirələrdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Divan üzvləri Gülağa Aslanlı, Razim Əmiraslanlı,  Könül Alı, Mustafa Hacıbəyli, Məclis üzvləri Ramazan Əliyev, Dadaş Əhmədli, Mərdan Mehdili, Natiq Ulubəy, Vətən Hüseynli, Ərzulla Buludlu,  MSDM-in sədri İsa Qəmbər, qurumun üzvləri Rüfət Qaragözlü, Arzu Səmədbəyli,   Vaqif Hacıbəyli və başqaları iştirak ediblər.

 

Çıxışlarda 44 günlük müharibənin nəticələri qiymətləndirilib, Azərbaycanın əldə etdiyi nailiyyətlər və itkilər sadalanıb, ölkədə və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb.

 

Qeyd edilib ki, 44 gün ərzində Azərbaycan ordusunun işğal olunmuş ərazilərin böyük hissəsini, o cümlədən Şuşa şəhərini işğaldan azad etməsi tarixi bir qələbədir. Bu qələbə Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsi və yeni mərhələyə qədəm qoyması baxımından da əlamətdardır. Bununla belə, Yuxarı Qarabağın bir hissəsində separatçı rejimin qalmaqda davam etməsi münaqişənin hələ bitmədiyini göstərməkdədir. Müharibənin yekunu olaraq Rusiya Silahlı Qüvvələrinin sülhməramlı adı altında Azərbaycana qaytarılması bu müharibədə Azərbaycanın məruz qaldığı itkilərdən biri kimi qiymətləndirilib.

 

Çıxışlarda Rusiya Silahlı Qüvvələrinin buradakı statusunun dəqiqləşdirilməsi və Azərbaycandan mümkün qədər tez uzaqlaşdırılmasının yolları barədə təkliflər irəli sürülüb. Bununla bağlı müzakirələrin davam etməsi və təkliflər paketinin hazırlanması zəruri hesab edilib.

 

Basta