Vətən Müharibəsinin nəticələri və milli birliyin yeni formulu
Arif Hacılı, Müsavat Partiyasının başqanı
44 günlük Vətən Müharibəsinin elə ilk günlərindən aydın oldu ki, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün yetərli hərbi, siyasi gücə, bu vəzifənin öhdəsindən gəlmək əzmində olan peşəkar orduya malikdir.
Fərqli dünyagörmüşü olan sosial qrupların, siyasi təşkilatların, milli mənafeləri siyasi mənafelərdən üstün tutan müxalifət qüvvələrinin çağırışları vətəndaş qarşıdurması vəziyyətində olan cəmiyyətin qısa müddətdə yumruq kimi birləşməsinə səbəb oldu.
Milli birlik, ilk növbədə qardaş Türkiyə Cümhuriyyəti olmaqla Pakistan, Ukrayna, İsrail kimi dövlətlərin Azərbaycana siyasi və mənəvi dəstək verməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı.
Müasir silahlarla silahlanmış, yeni dövrün müharibə qaydalarına uyğun olaraq təlim keçmiş, vətənpərvər şəxsi heyətə malik olan ordumuz döyüş meydanında qələbələr qazanmağa başladı.
Geopolitik mənzərə dəyişdi
Qısa müddət ərzində müqaviməti qırılan düşmən ordusu bütün cəbhə boyu sürətlə geri çəkilməyə başladı.
Hərbi, siyasi, diplomatik məsələlərdə milli məfkurəyə əsaslanan 44 günlük müharibə dövründə ərazilərimizin böyük bir hissəsi, dörd rayonumuz, Hadrut qəsəbəsi, yüzlərlə kəndlərimiz, başlıcası isə müqəddəs Şuşa şəhərimiz işğaldan azad edildi.
Sentyabrın 26-dan noyabrın 9-dək olan 44 gün ərzində yalnız Qarabağ münaqişəsi ilə bağlı olan status-kvo dəyişmədi, həm də bu regionun ümumi geopolitik mənzərəsi dəyişdi.
Bu mənzərəni Azərbaycan, Azərbaycan Ordusu, fədakar Azərbaycan əsgəri dəyişdirdi.
Ordumuzun bu fədakarlığı, bu şücaəti çoxları üçün gözlənilməz oldu.
Nə Ermənistan, nə də bu ölkənin qüdrətli havadarları Azərbaycan Ordusunun belə sürətlə irəliyəcəyini, hər cür hərbi dəstək alan erməni ordusunun bu səviyyədə darmadağın ediləcəyini gözləmirdi.
Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində, “Türkiyə Azərbaycana dəstək verərkən, niyə Rusiya Ermənistana uyğun dəstəyi vermədi” sualına cavab olaraq Rusiyanın Ermənistan odekvat dəstək verdiyini, bu sahədə balansın təmin edildiyini, lakin sonda döyüş meydanında fərqli mənzərənin yarandığını bildirdi.
Bu fərqli gerçəkliyi, döyüş meydanda dostları sevindirən, düşmənləri pərişan edən Azərbaycan Ordusu, ordusunun arxasında dayanan Azərbaycan xalqı yaratmışdı.
Türkiyə silahı Rusiya silahına qalib gəldi
II Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistan Ordusuna, Türkiyə silahı Rusiya silahına qalib gəldi.
44 günlük müharibə dövründə əldə edilən uğurların qazanılmasında payı olanların sayı isə milyonlarladır.
Bu mühüm dövrdə hər kəsin dövlətimiz üçün xidmətləri zaman- zaman dəyərləndiriləcək.
İndidən bəlli olan və hər kəsin qəbul etdiyi həqiqət isə odur ki, bu qələbələrin əsas müəllifi Azərbaycan Azadlıq Ordusu, əsgər və zabitlərimiz, vətənin azadlığı naminə həlak olan, xatirələri heç vaxt unudulmayacaq şəhidlərimizdir.
İndi bəzi təhlilçilər Azərbaycanın bugünkü durumunu 26 sentyabrda olan durumla müqayisə edir, “Buna da şükür”- deyib təsəlli tapır.
Halbuki, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşma təhlil edilərkən çıxış nöqtəsi 26 sentyabr vəziyyətindən yox, 9 noyabr vəziyyətindən götürülməlidir.
Noyabrın 9-da Azərbaycan Ordusu Şuşanı işğaldan azad etmiş, həm Şuşa, həm Xocavənd istiqamətindən Xankəndinin, Xocalının bir neçə kilometrliyinə qədər irəliləmişdi.
Erməni tərəfi də etiraf edir:
“Müharibə bir neçə gün də davam etsə, rus ordusu gəlməsə Qarabağı tam olaraq, birdəfəlik itirəcəkdik”. “Stepanakerti (Xankəndini) qorumaq üçün hərbi qüvvəmiz yox idi”.
Bunu separatçı rejimin rəhbəri Arayik Harutunyan deyir.
“Ordu rəhbərliyi müharibəni dayandırmaq üçün mənə yalvarırdı”. “Bir neçə gün ərzində Ağdam istiqamətində 20 minədək ordumuz mühasirəyə düşəcək, ya əsir alınacaq, ya da məhv ediləcəkdi”.
Bunu Ermənistan rəhbəri Nikol Paşinyan deyir.
“Müharibə bir-neçə gün də davam etsəydi biz daha acnacaqlı vəziyyətə düşəcəkdik”.
Bunu da istefa vermiş Müdafiə Naziri Tonayan deyir.
Belə bir vəziyyətdə, yəni çıxış nöqtəsini 9 noyabrda mövcud olan gerçək vəziyyətdən götürsək üçtərəfli razılaşma Rusiya üçün böyük uğur, erməni tərəfi üçün isə vəziyyətdən uğurlu çıxış yolu idi.
Bu baxımdan N.Paşinyanın “Biz döyüş meydanında məğlub olduq, amma diplomatik meydanda yox”-bəyanatı təsadüfi deyil.
Paşinyan onu nəzərdə tutur ki, ordusu məhv olmuş, iqtisadiyyatı çökmüş, siyasi çəkişmələr burulğanında boğulan, qalib Azərbaycan Ordusunu Ermənistana qədər gələcəyini gözləyən bir dövlət müəyyən itkilərlə də olsa özünü və Azərbaycan ərazisində yaratdığı separatçı rejimi xilas edə bildi.
Razılaşmanın nəticələri və suallar
Üçtərəfli razılaşma nəticəsində bizim də əldə etdiyimiz ciddi nəticələr var.
5 min kv.km dən çox ərazisi olan 3 rayonumuz döyüş əməliyyatları keçirilmədən, şəhid qanı axıdılmadan azad edilib.
Atəşkəs nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə infifən bərpa işlərinə başlamaq üçün şərait yaranıb.
Üzərimizə daha böyük beynəlxalq basqıların qarşısı alınıb.
Cavabsız qalan suallar isə daha çoxdur.
Azərbaycan xalqına deyildi ki, 10 noyabr üçtərəfli razılaşmasının 5-ci bəndi Rusiya və Türkiyə silahlı qüvvələrinin Qarabağda bərabər hüquqda, bərabər sayda nizamlanma prosesinə və atəşkəs rejiminə nəzarət etməsini nəzərdə tutur.
Rusiya silahlı qüvvələri noyabrın 10-dan başlayaraq Yerevan və Azərbaycan üzərindən gətirilən hərbi kontingent, silah-sursat vasitəsi ilə Xankəndini, Ağdərəni, Xocavəndi və Xocalını öz nəzarətinə götürdü.
Sülhməramlı missiyasında eyni səlahiyyətlə, eyni sayda iştirak edəcəyi barədə vəd edilən Türkiyə sülhməramlılarının Azərbaycana gəlməsinə isə imkan verilmədi.
Əsas nəticələr:
▪İşğal altında olan təqribən 12 min kv.km ərazinin 9 min kv.km azad edildi.
▪Şuşa işğaldan azad edildi.
▪Hadrut qəsəbəsi ordumuzun nəzarəti altına alındı.
▪Yuxarı Qarabağ ətrafında əsas hakim yeksəkliklər ələ keçirildi.
▪Döyüş təcrübəsi olan ordumuz yarandı.
▪Vətənpərvərlik səviyyəsi yüksəldi.
▪Xalqın özünəinamı bərpa olundu.
▪Azərbaycan-Türkiyə əməkdaşlığı yüksək həddə çatdı.
▪Türkiyə keçmiş SSRİ ərazisində təsir imkanlarını artırdı.
▪Türkiyə ilə Azərbaycan arasında viza rejimi qaldırıldı.
▪Dinindən, milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı “Qarabağ Azərbaycandır” şüarı ilə vahid ordu, Azərbaycan Ordusu ətrafında birləşdi.
▪Bütün dünya azərbaycanlıları, türk xalqları dünyanın hər yerindən səsimizə səs verdi.
Cənublu soydaşlarımızın Təbrizdə, Ərdəbildə, Tehranda ” Ya Qarabağ, ya ölüm” şüarları altında keçirdiyi möhtəşəm aksiyalar İran dövlətini müharibənin gedişində mövqeyini korrektə etməsinə səbəb oldu.
▪Məlum oldu ki, Azərbaycanın indiki gənc nəsli Azərbaycanı regionun və dünyanın təsir gücünə malik olan dövlətlərindən birinə çevirmək qüdrətindədir…
10 noyabr razılaşmasının ciddi ağır nəticələri də oldu:
▪️Ərazilərimizin işğaldan azad edilməsi naminə aparılan uğurlu döyüş əməliyyatları yarımçıq qaldı.
▪Sülhməramlı adı altında Rusiya Silahlı Qüvvələrinin Yuxarı Qarabağ ərazisinə gəlişi münaqişənin tam və qəti həllinə imkan vermədi.
▪Rusiya Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olması yalnız Yuxarı Qarabağ ərazisi üçün yox, bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təhdiddir.
▪Laçın şəhəri və ərtaf kəndlər işğaldan azad edilmədi.
▪Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Yuxarı Qarabağa aid olan digər ərazilər tam olaraq rus sülhməramlıları və qondarma, separatçı rejimin nəzarəti altına düşdü…
▪️Ərazi bütövlüyümüz təmin edilmədi.
Ərazi bütövlüyümüzün təmin edilməsi üçün çox mühüm irəliləyişə nail olsaq da bu qələbəmiz tam olmadı, Qarabağ münaqişəsi bitmədi.
İndi qələbə eyforiyasına qapılmadan qarşımıza çıxan yeni problemlərin həlli üçün 44 günlük Vətən Müharibəsi dövründə olduğu kimi toparlanmalı, vahid milli mövqenin formalaşmasına nail olmalıyıq.
İndiki durumda bizi birləşdirən əsas hədəflərimiz, milli birliyin yeni formulu:
– Azərbaycanın bütün ərazisində dövlət suverenliyimizin təmin olunması.
– Ölkəmizin ərazisindən suverenliyimizi təhdid edən silahlı qüvvələrin çıxarılması.
– Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, gerçək hakimiyyət bölgüsü, insan haqlarının, liberal iqtisadi münasibətlərin təmin edilməsi naminə siyasi və iqtisadi islahatların həyata keçirilməsi.
– Xarici siyasət sahəsində Milli Təhlükəsizlik Konsepsiyamızda nəzərdə tutulduğu kimi, Türkiyə və GUAM ölkələri ilə əməkdaşlıq və müttəfiqlik münasibətlətinin daha da möhkəmlənməsi, Avrointeqrasiya siyasətinin dərinləşməsi istiqamətində səylərin artırılması ola bilər.
Gücümüz birliyimizdədir!
Bu Vətən Bizimdir!