Şirvanda 3 ilin yataq xəstəsinə pensiya təyin edilmir
Şirvanda uzun müddət çayçı işləmiş 62 yaşlı Aslanov Aydın Çoban oğlunun ailəsi dövlətdən kömək umur. İmkansız ailənin şikayətini ictimailəşdirmək xahişi ilə “Basta”ya Müsavatın Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov müraciət edib.
“Aydın 3 il bundan öncə iş yerindən evinə döndüyündə yolu keçən zaman avtomobil qəzasına düşüb, – Xurşidov yazır, – həmin vaxtdan Bakıda müxtəlif xəstəxanalarda müalicə alıb, lakin heç bir təsiri olmayıb”.
Xurşidov bildirir ki, Aydında yaranmış yaddaş pozuntusunu bərpa etmək mümkün olmayıb. Aslanov yataq xəstəsidir, 1 ildən yuxarıdır ki, Şirvan şəhər xəstəxanasında qeydiyyatda olaraq müalicəsini davam etdirir.
Şirvan şəhər xəstəxanasında hazırlanan sənədlər Aslanova əlillik təyin edilməsi üçün 2 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndırilsə də, xəstəyə cavab olaraq əlilliyin veriməsindən imtina edilib. Ailəyə yeganə qazanc gətirə biləcək şəxsin hazırda 3 ildir ağır yataq xəstəsi olması ailəni ağır duruma salıb. Aslanov və iki işsiz övladı, onun həyat yoldaşı olan Seyidə xanımın aldığı 130 manat təqaüdün hesabına yaşamaq məcburiyyətində qalıb. Bu 130 manata xəstənin dərmanları alınmalı, evin gündəlik ərzaq tələbatları və kommunal xərclər odənilməlidir.
Aslanovun ailəsi, ona əlillik təyin olunması və pensiya ayrılması üçun müvafiq dövlət orqanlarından kömak istəyir.
Basta