Qəhrəman əsgərlərimiz “Bravo”nun mərhəmətinə möhtac durumuna niyə gətirilib?
Müharibə vaxtı və sonrakı həftələrdə bunu yazmadıq. Müdafiə Nazirliyini tənqid etməyin vaxtı olmadığını düşündük. Yalnız uğurları yazdıq və dəstək verdik. Amma həqiqət gec də olsa bilinməlidir və bilindi.
Müharibə günlərində hərbçilərimizə layiqincə qayğı göstərilməyib. Sözdə deyilib, amma reallıq başqa olub.
Məsələn, Füzulidə hospitalda müailəca alan yaralı əsgərlərimiz onlara qayğı, diqqət olmadığını bildirirdilər.
Ön xəttə olan əsgərlərimizin bəzilərinin hətta günlərla ac qalması, cibində şəkər gəzdirib bununla qidalanması halları olub.
Təxris olunan əsgərlərimizin cibinə 5 manat pul verilmədən, maşın ayrılmadan hərbi hissədən gecəyarı yola salınması halları olub.
Ola bilər ki, hardasa iki qatı edilib, amma hardasa da əsgərimiz qayğısız, dərmansız hətta çorəksiz qalıb.
Düzdür, camaat, əsgərlərin valideynləri cəbhə xəttinə çox yardımlar göndərib. Amma bu yardımlar əsgərə çatsa belə, yetərli olmayıb.
Əsgərlərimizin 99 faizi üzləşdikləri bu problemləri dilə gətirməyi özlərinə rəva görməyib. Amma onlar deməsə belə, bu problem bilinməlidir. Düzünü deyən, sosial şəbəkələrdə bunu işıqlandıran əsgərlərin sözü qəribçiliyə salınmalı deyil. Sadəcə problem aradan qaldırılmalıdır.
Bu gün bütün hakimiyyət mediasında xəbər yayıldı ki “Bravo” supermarketlər şəbəkəsinin maşınları cəbhə bölgəsində əsgərlərimizə “ən zəruri əşyalar, xüsusən də təraş məhsulları, diş pastası, şirniyyat, siqaret, şəxsi gigiyena əşyaları və s. çatdırılıb”.
Bu nə deməkdir? Niyə vətən uğrunda canını riskə qoyan əsgərimizi zəruri əşyalarla, məsələn diş pastası və sabunla dövlətimiz təmin etmir? Niyə müzəffər əsgərimiz Qarabağa potensial biznes yeri kimi baxan “Bravo” şirkətinin mərhəmətinə möhtac vəziyyətə gətirilib? “Bravo”nu və onun sahibini onsuz da hər addımda, hər saatda reklam edirsiz də, qəhrəman əsgərlərimizdən bu iş üçün kullanmaq o qədərmı vacibdir?..
Biz hələ yenə müharibə etməli olacayıq. Hakimiyyət gərək elə davransın ki, növbəti müharibəyə də əsgər çağırmağa üzü olsun.
Mustafa Hacıbəyli
Basta