Valyuta hərraclarında dollara tələbat artır. Devalvasiya olacaqmı?
Cümə axşamı Mərkəzi Bankın valyuta hərracında 79,8 mln. dollar satılıb.
Dekabrın 22-də keçirilən əvvəlki hərracla müqayisədə valyutaya tələbat 5 mln. 500 min dollar yaxud 7,4% artıb.
Büdcə layihəsinin təqdimatından sonra bəzi müstəqil təhlilçilər devalvasiyanın gözlənilən olması ilə bağlı sosial mediada fikirlər səsləndirdilər.
Oxşar ehtimalı istisna etməyən iqtisadçı Rövşən Ağayev BBC-yə açıqlamasında deyib ki, indiki “ağır şərtlərdə” hökumət devalvasiyaya gedərsə “ən çox sosial-iqtisadi şərait pisləşəcək”.
“Devalvasiya olarsa, bu, milli valyuta ilə pul qazanan və xarici öhdəlikləri olan şirkətlərin, təsərrüfat subyektlərinin vəziyyətini həddən artıq ağırlaşdıracaq. Devalvasiya indiki halda hökumətin mənafeyi baxımından faydalı ola bilər. Hökumət ölkənin valyuta ehtiyatlarının qorunmasına nail ola bilər. Daha az valyuta xərcləyib, daha çox manat kütləsini büdcəyə cəlb etməklə müəyyən makroiqtisadi sabitliyi qoruya bilər. Ola bilər ki, bu yolla həm də məzənnə sabitliyini qoruya bilsin. Ancaq bunun doğuracağı çox ağır iqtisadi nəticələr var, xüsusən biznes sektoru buna hazır deyil”.
Onun sözlərinə görə, biznes subyektləri və əhali 2015-ci ilin iqtisadi təsirlərini hələ də hiss edirlər.
Devalvasiya ehtimalı məsələsinə də toxunan millət vəkili Fazil Mustafa hesab edir ki, pandemiyanın və müharibənin yaratdığı sıxıntılar şəraitində devalvasiyaya gedilməsi “çox böyük sosial gərginlik yarada bilər”.
“Hələ ki, hökumət manatın kursunun sabit qalmasında maraqlıdır. [Devalvasiya] olması da yaxın vaxtlarda nəzərdə tutulmaya bilər. [Lakin] gedişat elədir ki, sürprizlər də ola bilər”.
Çərşənbə günü büdcə layihəsinin müzakirələri zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda devalvasiyanın olacağı barədə səslənən fikirlərin “heç bir əsasının olmadığını” deyib:
“Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub”.
Elman Rüstəmov hazırda ölkənin maliyyə buferinin dəstəklənməsi üçün Azərbaycan hökumətinin “çox ciddi və düşünülmüş” iqtisadi manevrlər etdiyini də vurğulayıb.
“Mövcud ehtiyatlardan istifadə edilir, makroiqtisadi sabitlik təmin olunur. İqtisadi subyektlərə, əhaliyə genişmasştablı yardım göstərilir. Bu siyasətdən çıxış strategiyası da olmalıdır. Amma ilk olaraq bunun üçün şərtlər yetişməlidir. Əgər pandemiya ilə bağlı vəziyyət aradan qaldırılsa, biz 2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq”.
Ölkənin baş bankiri büdcə layihəsinin müzakirəsi zamanı iqtisadiyyatın artımı və inkişafı üçün ölkədə yetərli manevr imkanlarının olduğunu da vurğulayıb.