İlham Əliyevin ittihamlarına Elçibəy İnstitutundan cavab
Sosial səbəkədə Elçibəy İnstitutunun açıqlaması yayılib.
Açıqlamada deyilir:
Elçibəy İnstitutu Azərbaycan ordusu və əsgərinin 44 günlük Vətən Müharibəsində qazandığı hərbi qələbənin siyasi- diplomatik, beynəlxalq hüquq baxımdan başa çatdırılması üçün xalqımızın, cəmiyyətimizin ən slx şəkildə səfərbər olmasının, milli həmrəyliyin tələb olunduğu bir məqamda dövlət başçısı İ. Əliyevin öz ideoloji və siyasi opponentləri əleyhinə ən yeni tariximizi saxtalaşdırma məzmununda rəsmi göstərişlər vermə, Azərbaycanın müstəqilliyinin bərpası , totalitar kommunist rejiminə qarşı və demokratiya uğrunda xalq hərəkatının lideri Elçibəyə, hərəkatın ümummilli təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə və Müsavata qarşı dövlət ədəb-ərkanına, milli mənəvi dəyərlərə, tarixi faktlara uyğun olmayan fikirlər səsləndirib, ittiham formasında daxili cəbhələşməyə səbəb olacaq hərəkətlərinin ümumxalq və ümumdövlət maraq və mənafelərimiz baxımından təhlükəli nəticələrinə diqqəti cəlb edərək bununla bağlı narahatlığını və etirazını ifadə edir. Elçibəy İnstitutu Məsləhət Şurası üzvlərinin fərdi açıqlamalarındakı reaksiyalar ümumi mövqelər kimi qəbul edilməlidir.
İctimaiyyətin diqqətinə çatdırılır ki, Şuşanın işğalı ilə bağlı movcud iqtidarın hakimiyyəti dövründə uzun müddət davam edən çoxillik məhkəmə prosesi keçirilib hökmlər çıxarılmışdır. Bu prosesə hətta şahid qismində belə AXC mərkəzi və rayon təşkilatlarının rəhbər orqanlarına daxil olan şəxslərdən heç kim cəlb edilməmişdir. Çünki buna əsas verən hər hansı hal belə olmamışdır. Həmçinin ibtidai və məhkəmə istintaqı gedişində təhqiqatlar aparılmasına baxmayaraq o vaxt müdafiə naziri vəzifəsində çalışan şəxsin də barəsində çıxarılan məhkəmə qətnaməsində onun Şuşanı düşmənə təhvil verməsi məzmununda hökm yoxdur. Əlavə olaraq bilinməlidir ki, həmin dövrdə Şuşanın müdafiəsinə rəhbərlik edən hərbçilərə qarşı da Şuşanın düşmənə təhvil verilməsində hər hansı cinyət əməli istinad olunmamış, onlar hazırkı iqtidar dövründə yüksək hərbi rütbələr alıb vəzifələr tutmaqda davam edirlər. Yeri gəlmişkən o dövr həmin şəxslərdən bəzilərinin dövlət və Müdafiə Nazirliyi rəhbərliyi ilə razılaşdırılmadan Naxçıvan Ali Məclisi sədri H. Əliyevin yanına gedib gəlmələri haqqında təkzib olunmayan faktlar səsləndirilmişdir.
Elçibəy İnstitutu diqqəti ona cəlb edir ki, siyasi və ümummilli məqsədəuyğunluq baxımdan aktual görünməyən, hətta iqtidarın və İlham Əliyevin siyasi maraqları baxımından mübahisəli olan bu hərəkətlərin cəmiyyətdə qarşudurma yaradıb siyasi ədavəti, düşmənçiliyi qızışdıracağı, milli həmrəyliyi zədələyəcəyi və cəmiyyəti lüzumsuz diskussiyalara cəlb edəcəyi aydın olduğu halda bu addımlara gedilməsi cəmiyyətin ən azı bir hissəsində belə təəssürat yaradır ki, məqsəd cəmiyyətin diqqətini 3220 km2 ərazimizin hələ də dövlət suverenliyimizdən kənarda, de fakto işğal altında qalması, Xankəndində terrorçu bayrağın dalğalanması, Xocavənddə əli minlərlə soydaşımızın qanına batmış, erməni faşizminin simvolu Nijdenin heykəlinin qoyulması faktlarından və sülhməramlı adı ilə Azərbaycanda yerləşdirilmiş Rusiya hərbi kontinigentinin müstəqilliyimiz üçün yaratdığı təhlükələrdən və ermənilərlə rusların nəzarəti altındakı torpaqlarımızla bağlı gizli planlardan yayındırmaqdır.
Elçibəy İnstitutu təəssüf edir ki, düşmən və havadarları arasında revanşist müharibə çağrışlarının gücləndiyi hazırkı məqamda, tariximizin müxtəlif siyasi qruplar tərəfindən fərqli qavranılan məsələlərin tarixin və tarixçilərin öhdəsinə buraxılması təkliflərinin iqtidar rəhbəri tərəfindən həmin məsələləri malalamaq cəhdi kimi təqdim edilərək, daxildə düşmən axtarışlarına girişilir. Bilinməlidir ki, belə hərəkətlər və Elçibəyə, AXC- yə, Musavata hücumlar həmin hərəkatın- təşkilatın üzvü olub Elçibəyi indi də özünə mənəvi –siyasi lider kimi qəbul edən yüzminlərlə insanın şərəf, ləyaqət və heysiyyətlərinə toxunularaq təhqir edilməsi əks reaksiyasız və cavabsız qala bilməz.
Elçibəy İnstitutu hesab edir ki, uzunmüddətli dövr üçün əhəmiyyətsizliyi aydın olsa da tariximizin hakim siyasi qüvvənin məhdud korporativ maraqlarına uyğun olaraq saxtalaşdırma göstərişi zərərli nəticələrə gətirib çıxaracaq. Əgər iqtidar bu sahədə elmi araşdırılması tələb edilən problemlərin olduğunu düşünürsə, o zaman Elçibəy İnstitutu təklif edir ki, obyektiv alim və tarixçilərdən ibarət müstəqil elmi komissiya yaradılsın və öz tərəfindən həmin komissiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.
Elçibəy İnstitutu ən yeni tariximizin siyasi məqsədlərlə təhrif və saxtalaşdırılmasının, keçən əsrin 80- ci illərin sonu 90- cı illərin əvvəllərinndə AXC üzvü olan yüzminlərlə insanımızın maraq və mənafelərinə toxunduğuna diqqəti cəlb edərək, həmin dövrdə milli azadlıq hərəkatında, 1992-ci il hadisələrində və torpaqlarımzın müdafiəsində iştirak etmiş bütün insanlarımızı bu məsələdə fəal
mövqe nümayiş etdirməyə, Elçibəy institutu ilə əməkdaşlığa çağırır.
Elçibəy İnstitutu bir daha iqtidar mənsublarını milli varlıq, milli güc, milli dövlətçilik üçün fəsadlar törədəcək qarşıdurma yolundan , saxta tarix yaratma cəhdlərindən çəkinməyə dəvət edir və xüsusi qeyd edir ki, Elçibəyin nəzəri, ideoloji, siyasi irsinin təhrif olunması və saxtalaşdırılmasına qarşı prinsipial şəkildə çıxmaqda davam edəcəkdir.
Eyni zamanda Elçibəy İnstitutu əsasnaməsi ilə müəyyən olunmuş məqsəd və prinsiplər istiqamətində fəaliyyət göstərərək, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün tərəflərlə əməkdaşlığa davam edəcəyini bəyan edir.