Müsavat təkliflər hazırlayır
Fevralın 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda əvvəlcə görülən işlər barədə məlumat verilib.
Müsavat başqanının müavini Razim Əmiraslanlı məcburi köçkünlərin Qarabağa qaytarılması ilə bağlı təkliflərin hazırlanması üçün yaradılan komissiyanın ilk iclası haqqında məlumat verib. Bildirilib ki, bu təkliflər işğaldan azad olunan rayonların spesifik xüsusiyyətləri və 90-cı illərdə Azərbaycanda həyata keçirilən torpaq islahatının təcrübəsi nəzərə alınaraq irəli sürülməlidir.
Müsavat başqanı Arif Hacılı partiyanın üzvü olduğu Avropa Liberal Demokratik İttifaqının (ALDE) və “Yenilənən Avropa” (Renew Europe) fraksiyasının təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı müqaviləsinə daxil olan ölkələrin əsas siyasi partiya rəhbərlərinin, Avropa Parlamentinin deputatlarının, Avropa Birliyi rəsmilərinin iştirakı ilə aparılan müzakirələrin ikinci mərhələsi barədə ətraflı məlumat verib. Arif Hacılı bu müzakirələrdə irəli sürdüyü təkliflər haqda Divan üzvlərini bilgiləndirib.