Teymur Rəcəbov Çempionlar Turunun 1/4 finalına yüksəldi

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində 1/4 finala yüksəlib.

 

“Report”un məlumatına görə, 34 yaşlı qrossmeyster seçmə mərhələni 15 oyundan 8 xalla 7-ci pillədə başa vurub. Polşalı Yan Kşiştof Duda da eyni miqdarda xal toplasa da, daha üstün göstəricilərə malik olduğu üçün 6-cı pillədə qərarlaşıb.

 

Keçirdiyi 15 görüşünün heç birində uduzmayan Rəcəbov 1 qələbə, 14 heç-heçəyə nail olub. Duda isə matçlarından 4 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.

 

Yarışın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen və niderlandlı Aniş Giri 9,5 xalla ilk 2 pilləni bölüşüb. ABŞ təmsilçisi Uesli So 9 xalla 3-cü plub. Ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Laqrav hərəyə 8,5 xalla 4-5-ci yerləri bölüşdürüb.

 

8-ci yeri isə rusiyalı Daniil Dubov tutub. Dubov ABŞ təmsilçisi Hikaru Nakamura ilə eyni miqdarda – 7,5 xal toplasa da, əlavə göstəricilər sayəsində 1/4 finala adlayıb.

 

Teymur Rəcəbovun  1/4 finaldakı rəqibi müəyyənləşib.

 

Bu, niderlandlı Aniş Giridir. Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

 

1/4 final cütlərinin tərkibi:

 

Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) – Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa).

 

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

 

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.