Beşinci…

Bu, bir təsadüf də sayıla bilər. Ola bilsin ki, elə təsadüfdür − deyirəm, hər dəfə bu barədə diqqətimi cəmləşdirəndə.

 

Dünyada soyqırım faciəsi sayılan dörd hadisədə: Xolokost  (Hitlerin əmri ilə yəhudi xalqına qarşı faşistlərin), Xatın (Belorusda faşistlərin, yaxud kommunistlərin),  Xirosima, Naqasaki (Amerikanın), Xocalı (erməni quldurları və rus hərbçilərinin) dinc əhalinin amansızlıqla məhv edilməsi. Hər dəfə də öz-özümə soruşuram − görəsən niyə bunların hər biri X hərfi ilə başlayır. Yaxud bəşəri faciəni törədənlər elə bu X hərfi ilə başlayan bölgələrdə ölçüyəgəlməz vəhşilik həyata keçiriblər.

 

Əlbəttə, baş hərfin eyni olması qəribə olsa da, məsələ bunda deyil. Əsas məsələ ondadır ki, bu işlərin növbəti biri − beşincisi bizim başımıza gəldi. Dünyaca dillər əzbəri olan cənnət-məkan Qarabağda! Təbii gözəlliyinə görə bəlkə də başqa yerlərin üstünlükləri çox ola bilər. Amma adam inanmır ki, oralarda əfsanəyə dönmüş Xarı bülbül çiçəyi bitsin.

 

M.Ə.Rəsulzadənin erməniləri xarakterizə edən bir cümləsi var: “Bunların bir xəstəliyi var − qonşu paxıllığı”. Məşhur qonşumuzun bu xasiyyəti ucbatından Azərbaycan iki Qarabağ müharibəsi aparmalı oldu. 28 illik  işğaldan 2910 nəfər əsgərin axıdılan qanı xilas etdi bölgəni bu paxıllardan. Məsələ elə buradaca bitdi.

 

Bəs indi nə baş verir? Xirosima xarabalıqlarını da geridə qoyan bölgənin mənzərəsi gəlib ona baxan diplomatları mat-məəttəl qoyur. Danışmağa söz tapmayıb, qayıdıb gedirlər. Belə olduğu halda gecə-gündüz dayanmadan iş görməkdən başqa bir iş olmamalıdır. Orada həyatı öldürə bilməyib kinli-küdurətli düşmən. Sadəcə uzun müddətə onu ləngidib. İndiki iqtisadi durumun çətinliyindən yaranan bahalaşmanın fövqündə bölgə təsərrüfatının 28 illik itkiləri də özü bir ağlasığmaz faciədir.

 

Belə bir vəziyyət bizi imtahana çəkibsə, neyləməliyik?  Yalnız bir onu yadımıza salmalıyıq ki, kənardan heç kəs gəlib bizim çiynimizdəki yükü alıb daşımayacaq. Vətən qarşısında məsuliyyət adlanan bu yük siyasi dairədə olanlara daha çox aiddir. Bu məkanda olanlar dayanıb dincəlmədən öz-özlərinə hesabatdan qaça bilməzlər. Qarğa ilə bülbülün nağılındakı kimi, bir damcı su ilə də olsa yanğını söndürməyə gücü çatırsa və bunu ürəkdən edirsə − o, nə iqtidardır, nə də müxalifətdir. Vətən övladıdır!

 

Nəzakət Muradova

Cəbrayıl rayonu, Quycaq kəndi