“AstraZeneca” peyvəndinin Azərbaycana nə vaxt gətiriləcəyi açıqlanıb

Azərbaycan COVAX-ın peyvənd paylanmasının ilk mərhələsinə daxil edilib və bu çərçivədə ölkəyə 432 000 doza “AstraZeneca” peyvəndi ayrılıb.

 

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.

 

Qeyd olunub ki,  paylanmanın ilkin tarixləri iki mərhələyə bölünüb: Fevral-mart və aprel-may ayları. Ölkələrə göndərilmə tarixləri barədə ətraflı məlumat növbəti həftəyədək veriləcək.

 

“COVAX “AstraZeneca” da daxil olmaqla “Pfizer-BioNTech” və digər peyvəndlərin mümkün qədər tez çatdırılmasını təmin etmək üçün lazımi tədbirlərlə bağlı bütün ölkələrlə əməkdaşlığa davam edəcək”, – deyə nümayəndəlikdən bildirilib.

 

ABŞ-da 32000-dən çox könüllünün iştirak etdiyi Oxford-AstraZeneca peyvəndinin sınaqdan keçirilməsinin çoxdan gözlənilən nəticələri təsdiqlənib.

Peyvəndin sınaqlarında əsasən ABŞ-da və eləcə də Çili və Peruda 32 mindən çox könüllü iştirak edib.

AstraZeneca peyvəndi simptomatik Covid xəstəliyini dayandırmaqda 79 faiz və insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib.

Eyni zamanda AstraZeneca-nın tromboza səbəb olması da aşkar olunmayıb.