Donbasda Boinq MH17 sərnişin təyyarəsini vurmaqda təqsirləndirilən şəxslərin səs yazıları yayıldı

 

Hollandiyanın NOS televiziya və radio şirkəti 2014-cü ilin yayında Donbas səmasında MH17 reysi ilə uçan Boinq sərnişin  təyyarəsinin raketlə vurulmasında  əsas şübhəlilər arasında olan danışıqların səs yazısını yayımlayıb.

 

Telekanalın verdiyi məlumata görə, bu danışıqlar Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib və işi araşdıran Hollandiya müstəntiqlərinə təhvil verilib.

 

Səs yazıların bir hissəsi  “DPR” separatçılarının “Müdafiə naziri”  İqor Strelkov-Girkinin müavini olmuş  Sergey Dubinski ilə Rusiyanın keçmiş polkovnik-leytenantı Oleq Pulatova aiddir.

 

 

Ələ keçirilən danışıqların məzmunundan aydın olur ki,  2014-cü ilin yayında – göyərtəsində 298 nəfərin olduğu təyyarənin vurulması ərəfəsində Dubinski Moskva ilə birbaşa təmasda olduğunu bildirib. NOS jurnalistlərinin araşdırmasına görə, Dubinskinin rəhbəri  İqor Strelkov-Girkin həqiqətən o zaman Rusiya rəhbərliyi ilə “ən yüksək səviyyədə” danışıqlar aparıb. Bu danışıqlar nəticəsində “Ukrayna ordusunun qarşısında duruş gətirə bilmək üçün” Rusiyadan 4 raketdən ibarət “Buk” kompleksi əldə edilib.

 

Səs yazlarında Pulatov və Dubinskinin “Buk” raketindən danışdığı eşidilir.

 

“Salam, Nikolaiç, bu gözəli hara çatdıraq?” – Pulatov ilə söhbət əsnasında Dubinsky deyir.  Və sonra aydınlaşdırır: “BM”-i, “Buk”u deyirəm”.

 

“Hə, Buk, Buk”  – Pulatov bir neçə dəfə təkrarlayır.

 

Dubinski Pulatovla başqa bir söhbətində isə belə deyir: “Buk-M”-i Pervomaysk bölgəsinə  yerləşdirməliyik, mühafizə ilə birlikdə üç tank da gələcək”.

 

İyulun 17-də, Boinq qəzasından təxminən yarım saat sonra, separatçılar Dubinskiyə Ukraynaya məxsus “Su” (“Suşka”) qırıcısını vurduqlarını məruzə edirlər.

 

“Biz hadisə yerindəyik, artıq bir “Suşkanı” vurduq”. Bunu Hollandiyada mühakimə olunan başqa bir şəxs – Leonid Xarçenko Dubinski ilə söhbətində deyir.

 

“Afərin, afərin!” – deyə, Dubinski ona məruzə edən rusiyapərəst separatçını  tərifləyir.

 

“DNR” müdafiə nazirinin müavini iki saat sonra öyrənir ki, həmin vaxt ərazidə 300 sərnişini olan bir mülki təyyarə vurulub. Bu barədə ona separatçı hökumətin başqa bir nümayəndəs məlumat verir. O, NTV kanalının jurnalistlərinə sərnişin təyyarəsinin vurulması ilə bağlı izahat verməli olduğunu qeyd edir.

 

“Boonq! Sərnişin təyyarəsi qəzaya uğrayıb! “- Dubinskiyə zəng edən adam deyir.

 

 

“A, deməli bizimkilərin Malinovka yaxınlığında, Saur-Mogila üzərində vurduğudur. Bizimkilər “Suşkanı” vurub”, – deyə  Dubinski aldığı xəbərə ilk  reaksiyanı verir.  Zəng edən şəxs yenə “sərnişin təyyarəsi, Boinq qəzaya uğrayıb” – deyə təkrarlayır. Dubinski isə “İqor, mənim xəbərim yoxdur” deyir.

 

Bu söhbətdən sonra, Dubinski separatçılardan izahat tələb edib.

 

“Bu”Suşkanı” ***dilərmi (söyüş)? – Dubinski Pulatovla növbəti söhbətində soruşur. – Gördünüzmü, müşahidə etdinizmi?”

 

Daha sonra Pulatov, Boinqin bir Ukrayna hərbi təyyarəsi – “Su” tərəfindən vurulduğunu və bundan sonra separatçıların həmin Ukrayna qırıcısını vurduğunu iddia edir. Bu versiya Rusiya dövlət mediası tərəfindən sərnişin təyyarəsinin  qəzaya uğramasından sonra dəfələrlə səsləndirilib və Rusiya Müdafiə Nazirliyinin ilkin izahatının əsasını təşkil edib.

 

“Bəli, müşahidə etmişik, Pulatov təsdiqləyir. – “Suşka” Boinqi dombaltdı, bizimkilər isə bundan sonra  “Buk” ilə “Suşkanı” ***dilər”.

 

“Belə olsa da, yenə bizim üstümüzə yıxacaqlar ki, biz aşırtmışıq” – deyə Dubinsky Girkin-Strelkovla növbəti söhbətində MH17 reysli sərnişin Boinqi haqqında danışır.

 

Hollandiya Təhlükəsizlik Şurası bildirib ki, MH17-nin vurulduğu ərazidə Ukrayna döyüş təyyarəsi də daxil olmaqla, hər hansı bir başqa təyyarə aşkar olunmayıb.

 

Daha sonra Rusiya tərəfi, Boinqin həqiqətən “Buk” raketi vurulduğunu, lakin 2011-ci ildən bu qurğuların Rusiya ordusunda istifadə olunmadığını,  lakin Ukrayna ordusunun sərəncamında qaldığını iddia edib.  Kreml, sərnişin təyyarəsinin “Buk” raketi ilə vurulmasına görə məsuliyyəti Ukrayna ordusunun üzərinə atmağa çalışıb. Beynəlxalq istintaq bu versiyanı rədd edib.

 

 

Sərnişin laynerinin vurulması barədə məlumat təsdiqləndikdən sonra Dubinski Xarçenkoya təcili olaraq “Buk” raket qurğusunu oradan çıxarılmasını əmr edib.

 

Səs yazısında Dubinski belə deyir:  “Luhansk bölgəsi ilə sərhədə aparın. Ora çatdırın və geri dönün”.

 

Raket qurğusunun Rusiyaya qaytar;lmas; yerli sakinlər tərəfindən videolentə alınıb və burada 4 raketdən birinin əskik olduğu müşahidə edilib.

 

Военнослужащие 53-й зенитно-ракетной бригады на фоне установки "Бук"

 

***

2019-cu ilin yayında Hollandiya prokurorluğu, istintaqın məlumatlarına əsaslanaraq, üç Rusiya vətəndaşı və bir Ukrayna vətəndaşına qarşı üç yüzə yaxın Boeing sərnişininin qətli ilə əlaqədar ittiham irəli sürüb.

 

O cümlədən:

 

Rusiyanın keçmiş FSB polkovniki İqor Girkin (Strelkov),

Rusiya Hava-desant Qüvvələrinin keçmiş polkovnik-leytenantı Oleq Pulatov,

Rusiya vətəndaşı,  Girkinin müavini Sergey Dubinsky,

 

Ukrayna vətəndaşı Leonid Xarçenko.

 

Şübhəlilərin heç biri Hollandiyaya təhvil verilməyib. Buna baxmayaraq, 2020-ci ilin mart ayında, vurulan laynerlə bağlı məhkəmə prosesi başlayıb. Bu iş üzrə hökm hələ verilməyib. Təqsirləndirilən şəxslərə Hollandiya Cinayət Məcəlləsinin 168 və 289-cu maddələri – təyyarənin qəsdən məhv edilməsi və qəsdən adam öldürmə maddələri ilə ittiham irəli sürülüb. Hər iki maddədə ömürlük həbs cəzasını nəzərdə tutulur.

 

Mustafa Hacıbəyli

Basta