Ərdoğan vs Putin: tarix təkrarlanacaqmı?

Ərdoğanın Zelenski ilə imzaladığı bəyannamənin Kremli silkələyəcəyi məlum idi.

 

Türkiyə prezidenti jurnalistlər qarşısında çıxışında sülhdən danışsa da, o, “Rusiyanın Krım və Donbası ilhaq etməsi”, “Ukraynanın NATO-ya üzvlüyünün dəstəklənməsi”, “Ukraynanın ərazi bötüvlüyünün bərpası” kimi ifadələrin yer aldığı sənədə qol çəkib.

 

Moskvanın cavab reaksiyası özünü çox gözlətmədi. Rusiyadan Türkiyəyə təyyarə uçuşları dayandırıldı. Bu qərar əksəriyyət tərəfindən Türkiyəyə qarşı tətbiq edilmiş qeyri-rəsmi  sanksiya kimi yozulur. Çünki bu qərarın nəticəsində Türkiyə turizm mövsümünün başlanğıcında Rusiyadan gözlədiyi yüz minlərlə müştəridən məhrum oldu. Bu, Türkiyə iqtisadiyyatı üçün itkidir.

 

Amma Putin bu sanksiyanı başqa ad altında – Türkiyədə koronavirus pandemiyasının artması ilə əsaslandırır. Düzdür, Türkiyədə həqiqətən pandemiya artıb, hərçənd, Moskvanın rəsmi qurumlarının hesablamalarına görə, indi Rusiyada COVİD19-a yoluxanların cəmi 0,6 faizi, Türkiyədən qayıdan turistlərdi. Ötən ilin noyabrında – bu rəqəm indikindən daha böyük olduğu dövrdə Rusiya Türkiyəyə hava reyslərini qadağan etməmişdi.

 

Bu səbəbdən əksəriyyət Kremlin qərarının siyasi motivli olduğuna şübhə etmir.

 

Eyni zamanda Putinin sanksiyanı başqa bir ad altında tətbiq etməsi təsadüf deyil. Rusiya onsuz da dünyadan təcrid olunmuş vəziyyətdir və belə bir dövrdə Türkiyə ilə münasibətlərin tam qırılması Moskvanın maraqlarına uyğun deyil.

 

Çox güman ki, Putin Ərdoğanın ondan növbəti dəfə üzr istəyəcəyini və münasibətlərin normallaşacağını gözləyir. 2015-ci ildə Türkiyənin hava sərhədini pozan Rusiya qırıcı təyyarəsinin vurulmasından sonra başlayan konflikt məhz belə çözülmüşdü: Moskva öz vətəndaşlarının Türkiyəyə səfər etməsinə qadağa qoymuşdu və yerli turizm industriyasının təzyiqi ilə üzləşən Ərdoğan Kremlin qarşısından geri çəkilmişdi.

 

Tarix təkrarlanacaqmı?

 

Türkiyədə ucuz qiymətə istirahət etmək imkanından məhrum olan Rusiya vətəndaşları da Kremlin qərarından narazıdır. Putin bu amilə əhəmiyyət verməyə bilər, lakin Qərbə qarşı dirəniş məsələsində Türkiyənin dəstəyindən vaz keçmək Moskva üçün o qədər də asan olmayacaq.

 

Digər tərəfdən, əgər Donbasdakı mövcud gərginlik Ukrayna ilə Rusiya arasında silahlı münaqişəyə çevriləcəksə, bu, Moskva ilə Ankara arasında ziddiyyətlərin dərinləşməsini labüd edəcək. Çünki, Ərdoğan ilə Putinin fərdi siyasi maraqları hansısa məqamlarda üst-üstə düşsə də, Türkiyə dövləti ilə Rusiya dövlətinin maraqları xüsusən Ukrayna məsələsində diametral ziddiyyət təşkil edir. Krım və Donbasın azad olunması, Rusiyanın bölgədə mövqelərinin zəifləməsi və Qarabağdan əl çəkməyə məcbur olması həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına tam uyğundur. Təsadüfi deyil ki, Donbasda gərginliyin artması Ermənistanda narahatlıqla qarşılanıb. Yerevanda bəzi təhlilçilər yazır ki, Rusiyanın iştirakı ilə yeni münaqişənin başlanması Moskvanın Qarabağa diqqətinin azalmasına səbəb olacaq.

 

Beləliklə, Ərdoğan ilə Putin arasında bu dəfəki pərdəarxası qarşıdurmanın nəticəsi həm Ukrayna ətrafında hadisələrin inkişafından, həm də kimin daha çox dirəniş göstərə biləcəyindən asılı olacaq.

 

Mustafa Hacıbəyli