Qubadlıda yol tikənlər tarixi məscidi söküb
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVIII əsrə aid məscidin söküldüyü müəyyən edilib.
Bu haqda işğaldan azad edilmiş ərazilərlə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəz məlumat yayıb.
Modern.az xəbər verir ki, məsələ barədə İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.
Məlumatda qeyd olunub ki, məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyyən edilib.
Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan və ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə cəza tədbirləri görüləcək.