Əfqan Muxtarlı onun oğurlanması işi üzrə zərərçəkmiş kimi tanınıb

Aprelin 21-də Gürcüstan prokurorluğunun əməkdaşları Əfqan Muxtarlını dindirdikdən sonra ona zərərçəkmiş şəxs statusu veriblər. Prokurorluq həmçinin azərbaycanlı jurnalisti oğurlayanların hərəkətini daha ağır maddəyə tövsif edib, “Kavkazskiy uzel” bildirib.

 

Bununla da Gürcüstan prokurorluğu “Gürcüstan hüququ” qeyri-hökumət təşkilatının hüquqşünası Arçil Çopikaşvilinin vəsatətini təmin edib.

 

“İndiyə qədər Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsi (qanunsuz azadlıqdan məhrumetmə) ilə aparılan istintaq 143-cü maddənin üçüncü hissəsinin “a” bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrumetmə”) ilə davam edəcək”, – “Gürcüstan hüququ” qeyri-hökumət təşkilatının məlumatında bildirilir.

 

Aprelin 9-da Əfqan Muxtarlı vəkil Arçil Çopikaşvilinin iştirakı ilə prokurorluqda dindirilib və bildirib ki, oğurlanmadan əvvəl  daim nəzarətdə olub. Jurnalist istintaqa onu izləyən iki nəfərin fotosunu təqdim edərək onun Tbilisidə oğurlanmasının məhz onların köməyilə planlaşdırıldığını güman edib.

 

Aprelin 9-da Gürcüstanın Baş Prokurorluğunda Əfqan Muxtarlının dindirilməsi 10 saatdan çox davam edib və gecə yarısından sonra başa çatıb. Əfqan Muxtarlının sözlərinə görə, o, müstəntiqlərə bir neçə soyad söyləyib və oğurlandığı yer, onu oğurlayanların sonrakı hərəkətləri barədə ətraflı məlumat verib.

 

*Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanıb və gizli şəkildə Azərbaycana göndərilib, burada onu qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmək, sərhədçiyə qarşı zorakılıqda ittiham ediblər və 6 il müddətinə azadlıqdan məhrum ediblər. Qeyri-rəsmi məlumatlara görə, onu Gürcüstan polisinin üç əməkdaşı oğurlayıb və iki ölkə sərhəddində Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil veriblər.

 

Avropa Parlamenti, beynəlxalq hüquq- müdafiə təşkilatları Əfqan Muxtarlının həbsini pisləyiblər. Amnesty International onu “vicdan məhbusu” kimi tanıyıb.

 

17 mart 2020-ci  ildə həbs cəzasının yumşaldılmasından sonra sərbəst buraxılıb və dərhal Almaniyaya göndərilib.

 

Turan