MSDM hakimiyyəti Ukraynaya tam dəstək verməyə çağırır

Milli Strateji Düşüncə Mərkəzi Rusiyanın Ukraynaya qarşı aqressiv işğalçı siyasətini və nəticədə bölgəmizdə durumun təhlükəli dərəcədə kəskinləşdiyini müzakirə edib.

 

Bu haqda qurumun sədri İsa Qəmbər özünün feysbuk hesabında məlumst yayıb.

 

Məlumatda bildirilir ki, müzakirə iştirakçıları xalqımızın qardaş Ukrayna xalqına tam dəstək ifadə etməsini məmnuniyyətlə qeyd ediblər.

 

Eyni zamanda MSDM Azərbaycan hakimiyyətini müttəfiq Ukrayna dövlətinə tam dəstək verməyə çağırır. Belə bir mövqe sadəcə 44 günlük savaş müddətində Ukrayna hakimiyyətinin Azərbaycana dəstək ifadə etməsinin qarşılığı kimi deyil, həm də ilk növbədə Azərbaycanımızın maraqlarına və bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək.

 

MSDM beynəlxalq birliyin, xüsusən ABŞ-ın, Türkiyənin və Aİ-nın Ukraynaya ciddi dəstək verməsini yüksək qiymətləndirməklə yanaşı hesab edir ki, bu dəstək Rusiyanın Ukraynada yeni işğal əməliyyatının qarşısını almaqla məhdudlaşmamalı, həm də ilk növbədə Ukraynanın şərqinin işğalına son qoymaq və Krımı işğaldan azad etmək məqsədinə yönəlməlidir.