Şikəstin boğazından kəsib büdcə kəsirini bağlamazlar

Mustafa Hacıbəyli

 

Azərbaycanda əvvəl pensiya yaşını 65-ə qaldırıb, yaşa görə pensiya alanların sayını azaltdılar.  İndi də əlilliyə görə pensiya alanların sayını azaldırlar.

 

Oxşar proses Rusiyada da gedir – korrupsioner hökumətlər büdcə kəsirini bağlamağın yolunu pensiyaçıların sayını azaltmaqda görür.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  bildirir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin “saxta əlillik” arayışı düzəltdiyi üzə çıxıb və onların pensiyası kəsilib. Bununla büdcəyə illik 101 milyon manat qənaət edilib.

 

Çox gözəl. Bəs bu qədər saxta arayışları kimlər verib? Onlardan neçəsi tutulub? Əlilliyin təyin olunması üçün hər kəs poliklinikalarda, müvafiq tibb institutlarında, ekspert komissiyalarında azı on qapıdan keçir. 7 min adama saxta arayış verilibsə, bu arayışları verən minlərlə insan da məsuliyyətə cəlb olunmalı idi. Cəlb olunmayıbsa, deməli, məqsəd saxtakarlığı aradan qaldırmaq yox, milyardların talan edildiyi bir məmləkətdə vətəndaşlara ödənilən gəpik-quruşa qənaət etməkdir.

 

Bunu sübut edən çoxsaylı başqa faktlar da var. Məsələn, boyu 80 sm, çəkisi 28 kiloqram olan 54 yaşlı Zeynəb Şərifova indiyə qədər ikinci qrup əlil sayılaraq 130 manat müavinət alırmış. Onun pensiyasını əvvəl kəsiblər, aylarla davam edən get-gəldən sonra 3-cü qrupa keçirib, müavinətini azaldıblar (BBC-nin reportajından).

 

Deməli, tək “saxta arayış” söhbəti deyil pensiyaların təyin olunmasında meyarları, yanaşmaları da vətəndaşın ziyanına olaraq dəyişdiriblər. Məqsəd – mümkün qədər az adama, mümkün qədər az pensiya verməkdir.

 

Kül sizin başınıza ki, anadangəlmə şikəst adamların boğazından kəsdiyiniz 5-10 qəpiklə mənim dövlətimin büdcə kəsirini bağlayacaqsız. Ölkə büdcəsini artırmaq, biznesi gücləndirmək üçün başqa şeyə ağlınız çatmırsa, gedin Dubayda, Bodrumda, Karlovı Varıda, Londonda, Moskvada, Macarıstanda olan mülklərinizi, Qaxda, Qəbələdə, İsmayılllıda, Qubada, Novxanıda, Şüvələndə və başqa yüzlərlə yerdə boş qalmış imarətlərinizi satın, bu xalqdan oğurladığınız pulları geri qaytarın. Ya da heç olmasa indidən sonra talanı dayandırın, məsələn, Mərkəzi Bank üçün yarım milyardlıq bina tikmək planından vaz keçin.

 

Bir iki kəlmə də, özünü ağıllı (hakimiyyətə) göstərən iqtisadçılar barədə. Sosial müavinətlərin çox olmasının bazar iqtisadiyyatına uyğun gəlməməsindən danışırlar, məsələn, uşaqpulunun verilməsinə qarşı çıxırlar. Halbuki, bazar iqtisadiyyatının tam bərqərar olduğu dövlətlərdə işsiz kimi qeydiyyatdan keçən hər kəsə minimum yaşayış həddində müavinət verilir. Üstəlik, uşaqpulu da verilir.

 

Almaniyada 5 yaşa qədər uşaqlara aylıq 250 avro, 6-13 yaşa qədər uşaqlara 308 avro, 14-18 yaşlı yeniyetmələrə 328 avro, valideynləri ilə birgə yaşayan 18-25 yaş arası gənclərə isə 345 avro ödənilir.  İşsizlərə 432 avro müavinət ödənilir, onların tibbi sığortası, kirayə pulu, komunal xərcləri və s. ödənilir.

 

Нет описания фото.

 

Deyəcəklər, biz Almaniya deyilik (hərgah, məsələn, benzinin qiymətini qaldıranda, bizdə Almaniyadan ucuz olduğunu deyirlər).  Amma korrupsiyanın olmadığı bir çox balaca ölkələrdə də uşaqpulu verilir. Məsələn, Azərbaycanın yarısı qədər ərazisi olan və nefti olmayan Hollandiyada 5 yaşa qədər uşaqlara rüblük (hər 3 aydan bir) 221 avro, 6-11 yaşı olanlara 269 avro,  12-17 yaşı olanlara isə 316 avro pul ödənilir.

 

Bir çox ölkələrdə bizim heç təsəvvürə gətirmədiyimiz müavinətlərin onlarla növü var – məsələn, kirayədə qaldığına görə müavinət, yaxud uşağı tək böyütdüyünə görə müavinət. Amma bu müavinətlər həmin dövlətlərdə, bizim ağıllı iqtisadçılarımızın dediyi kimi, bazar münasibətlərinin pozulmasına, yaxud insanların “ələbaxanlığa” öyrəşməsinə səbəb olmur. Əksəriyyət işləyir və bizdəkindən qat-qat artıq pensiya alır, müavinətə ehtiyacı qalmır.

 

Uşaqpulunun ödənilməsinin məntiqi izahı budur ki, uşaq dondurma, yaxud saqqız almaq üçün valideyndən asılı olmasın, müstəqil və azad olmağa öyrəşsin. Dövlət doğulduğu gündən uşağa sahib çıxır, məktəbdə və ali təhsil müəssisəsində oxuyanlara, onların kitab-dəftər ala bilməsi üçün başqa müavinətlər də ödəyir.

 

İndi müasir dövlətlərdə tendensiya budur ki, dövlət hər insanın (fərqi yoxdur, işləyə bilməyən, yaxud işləmək istəməyən) minimum təminatını öz üzərinə götürür.

 

Bizdə də belə olmalıdır: dövlət insanların ən azı acından ölməməsini öz üzərinə götürməlidir ki, müharibə olanda səfərbərlik etməyə üzü olsun.

 

 

 

Basta