Surroqat müxalifətçilər
“Camaatın xeyrinə danışır, İlham Əliyevin də adını çəkir…”
Son bir ayda görün neçə dəfə “tema” dəyişib: Toplum (oxu əksəriyyət) “Tərtər işində” hərbçilərimizə verilən dəhşətli işgəncələrdən yazırdı. Sonra Cəmil Həsənlinin qızı ilə şantaj edilməsindən, Hüseyn Mirələmovun işçisini sığallamasından yazdılar, indi də İstambulda Bayram Məmmədovun cəsədinin tapılmasından…
Sabah təzə mövzu çıxacaq və Bayram unudulacaq, toplum dirəşib bu müəmmalı ölümlə bağlı aydın bir izahat tələb etməyəcək. Necə ki, bundan əvvəl “Tərtər işində” işgəncələrlə bağlı dirəşib bir izahat istəməmişdi. Elmar Hüseynovun qətli də daxil olmaqla, toplum olaraq çox belə hadisələrin üstündən keçmişik.
Bizdə hadisələrə münasibət kampaniya xarakteri daşıyır.
“Massovka”lara meylliyik. Bəlkə ona görədir ki, hər kəsin ya özü, ya da valideyni sovet vətəndaşı olub. Bizdə insanların (bir çoxlarının deyək) hər il 20 Yanvarda Şəhidlər Xiyabanını ziyarət etməsi, onların rusu tərifləməsinə mane olmaz. Çünki ziyarət də bir kampaniyadır. Düzdür, indi Rusiyaya münasibətdə vəziyyət dəyişib, amma ola bilər ki, çoxluq onların başımıza gətirdiklərini bir müddət sonra yenə unudacaq.
***
Bizdə, tək hadisələrə yox, insanlara münasibət də kampaniya xarakterlidir. Ona görə toplum bir gün birini, sabah başqasını tərifləyib göylərə qaldırır. Ardıcıllıq yoxdur, yaxud insanların ardıcıl olmasına qiymət verən yoxdur, yaxud azdır.
İllərlə hakimiyyətə xidmət edən, bunun müqabilində pul alan “müxalifətçi” ya zəlzələdən, ya vəlvələdən ifşa olunduqdan sonra bir müddət gözdən itir, sonra yenidən siyasətə qayıdır, və efirə çıxıb bərkdən danışmaqla, kimlər üçünsə “lyubimçik”ə çevrilir. Ondan bir soruşan yoxdur ki, ay yoldaş, sən əvvəlcə bu rejimə xidmət etdiyinə görə üzr istəmirsənsə, nə üzlə yenə rejimdən narazı toplumun qarşısına çıxırsan?
Bir dəfə irticaya xidmət etmiş adamın bir daha etməyəcəyini hardan bilək? Deyir, “yox ee, camaatın xeyrinə danışır, İlham Əliyevin də adını çəkir”. O vaxt ifşa olunana qədər ad çəkmirdi ki?! Çəkirdi! Bəs sonra nə üzə çıxdı? Bunu, əvvəlki himayəni qaytarmaq üçün etmədiyini, İlham Əliyevin adını, onun diqqətini cəlb etmək üçün çəkmədiyini hardan bilək? Bunu razılıqla etmədiyini hardan bilək? Bir dəfə dönük çıxana necə güvənmək olar?
“Surroqatlar” filmini görmüsüz? 2009-cu ildə ABŞ-da çəkilib (linki şərh bölümündə). Rejissorun təxəyyülünə görə, 21-ci əsrin ortalarında texnika inkişaf edir, robotlar çoxalır, hətta hər bir insanın eyni oxşarı olan robotlar – surroqatlar yaranır. İnsanlar evində oturur, onların əvəzinə əkizləri işləyir, yaşayır və əylənirlər. eyni zövqü sahibləri də yaşayırlar. Bir müddət sonra suroqatlara və onlardan istifadə olunmasına qarşı hərəkat başlayır. Bu hərəkata Zaer Palk adlı birisi rəhbərlik edir – tərəfdarları onu Peyğəmbər adlandırır. Peyğəmbər surroqatların ümumiyyətlə məhv olunmasına çağırır. Amma sonda məlum olyr ki, Peyğəmbərin özü robot-surroqatdır… Sözümün Mustafası odur ki, bir adamın danışdıqları, onun kimliyini ifadə etməz, əməllərinə baxmaq lazımdır.
Bütün dünyada irtica rejimləri cəmiyyətin səfərbər olmasının qarşısını almaq, real müxalifəti sıradan çıxarmaq üçün hər fitnəyə əl atır: ictimai rəyi çaşdırmaq üçün dezinformasiya, şantaj, siyasi klounlar, dublikatlar, psevdo-müxalifətçilər və s. üsullardan istifadə edir. Bizdə bir çox insanların saflığı, yaxud sadəlövhlüyü sayəsində, həmin məqsədlər üçün milyonlar xərcləyən Əliyev rejiminin bu istiqamətdə işi daha da asanlaşır.
Hakimiyyət söyülməkdən qorxmur, çəkinmir. Qoy psevdo-müxalifətçilər söysün. Əsas məqsəd gerçək müxalifətin efirdə yerini dar etmək, cəmiyyətin onları dinləməsini mümkün qədər əngəlləməkdir.
Götürək Qurban Məmmədovu. Onun yalançılığı, rejimin ayrı-ayrı qanadlarına işlədiyi, azı 5 dəfə klandaxili ziddiyyətlərin nəticəsi olaraq ifşa edilib. Hələ 90-cı illərdə Rəsul Quliyevlə Heydər Əliyev arasındakı intriqada “ikili agent” olduğu sübuta yetmişdi. O vaxt Heydər Əliyevə sui-qəsd təşkil etmək üçün Rəsul Quliyevlə danışıqlar aparmışdı. Sonra isə bu danışıqlar haqqında məlumatı MTN-in sədri Namiq Abbasova çatdırmışdı. Bunu özü də etiraf etmişdi və “yaxşı məqsədlə” etdiyidi söyləmişdi. Sonuncu ifşası ona verilən 5 mərtəbəli bina və çoxsaylı mənzillərin ifşası idi. Bundan artıq daha hansı fakt olmalı idi ki?! Amma o, hər ifşadan sonra bir müddət susur, sonra yenə hansısa bossla dil tapır, yaxud tapmaq ümidi ilə intriqalarını davam etdirir. Maskasının altında yeni maska var. Müxalifətçi cildinə girib rejimə qarşı danışır, çünki əks təqdirdə onu dinləməzlər. Və, onu dinləyənlərdə sistemli olaraq AXCP-yə və Müsavata qarşı rəy formalaşdırır. Eynən hər dəfə müxalifət olaraq “AXCP-Müsavat cütlüyü”nü hədəfə alan İlham Əliyev kimi.
Yaxud İqbal Ağazadə. O, siyasi aləmdə Ayaz Mütəllibovun partiyasını parçalamaqla tanınıb. Ayaz Mütəllibovu sataraq, Heydər Əliyevin tərəfinə keçib və deputat olub. Sonra Heydər Əliyevin ölüm ayağında, onu sataraq İsa Qəmbərin tərəfinə keçib. Sonra İsa Qəmbərin prezidentliyi əlindən alındığı gün, onu da satıb. Gahgirliyinə görə, bir neçə il cəzasını çəkdikdən sonra, yenidən iqtidar düşərgəsinə qaytarılıb. Amma bu dəfə də ona patronluq edən Eldar Mahmudov iqtidardaxili intriqalarda uduzub vurulduqdan sonra, yenə mandatsız qalıb. İndi bir tərəfdən hörültülü səsi ilə diqqəti özünə cəlb edir, paralel olaraq müxalifət liderlərinə qarşı şər-böhtan atır, bununla kimə qarşı istifadə oluna biləcəyi barədə hakimiyyətə mesaj ötürür.
Biri də var. Adını çəkməyi rəva görmürəm. Prezident adminastrasiyasının bir şöbəsi tərəfindən idarə olunan kolxoz partiyasının 48 üzvündən biridir. Onun “hoca”sı Rauf Arifoğludur. Müharibə günlərində Rauf Arifoğlunu Qarabağ ermənilərinin simvolu olan “Nənə-baba” heykəlindəki babaya bənzətmişdilər, bunu yüzminlər bəyənmişdi. Çünki keçmiş müxalifətçinin həmin günlərdə xüsusi şövqlə İlham Əliyevi mədh etməsi toplumu qıcıqlandırmışdı. Amma, bu da bir kampaniya idi, oldu, keçdi. Günlər ötdü, qıcıq keçdi. O bənzətməni bəyənənlərin bir çoxu olanları unudur və hətta qarşılaşdıqda ona salam da verir bəlkə. Üstəlik, insanlar detallara varmadıqları üçün, “hoca”nı hakimiyyət yanlısı saydıqları halda, onun siyasətdəki əlaltısını müxalifətçi saya bilir. Çünki o da kabinetdə mitinqdəki kimi, bərk danışır, məsələn, hansısa icra başçısına “sənin oğlun ölsə, ona mən də başdaşı qoyaram” – deyə, qarğış edib, öz səviyyəsində olanların ürəyindən tikan çıxarır.
Bilirsiz ki, İlham Əliyev məmurları Qarabağa buraxmır. Nazirlərə, komitə sədrlərinə barmaq silkələyib “sənin Şuşada nə işin var” deyir. Həmin “müxalifətçi” efirdə çıxış edərkən İlham Əliyevdən bu qadağanın səbəbini soruşmaq əvəzinə, icra başçılarını azad edilmiş rayonlara getmədiklərinə görə ədəbsiz ifadələrlə təhqir edir. Onun ağlında olan bəziləri isə icra başçılarının söyülməsini “cəsurluq” kimi qələmə verir.
Ümumiyyətlə, Vilayət Eyvazova məxsus binadakı redaksiyadan edilən çıxışın müxalif mövqeyə nə aidiyyatı ola bilər? Həmin ocaqdan qidalanan başqaları da var ki, onların zaman-zaman gerçək müxalifətin episentrində də peyda olması, çox az adamı təəccübləndirir.
***
Tülkü hər gecə hinə girib bir cücəni aparır, toyuqlar isə hər dəfə hürküb qaqqıldaşırlar. Qaqqıldaşmaqdan başqa əllərindən heç nə gəlmir. Tülkü heç vaxt arı yuvasına yaxınlaşmaz, çünki yaxınlaşsa nə olacağını bilir. Arılar, onların yuvasına ilan, yaxud siçan girsə, vızıldamaqla kifayətlənmir, ovçunu məhv edir və iylənməsin deyə mumyalayır.
Deyirəm ki, biz də arı kimi olaq. Təhlükələri görəndə bir-iki gün bunu yazmaqla kifayətlənməyək, ardıcıl və prinsipial olaq. Həm hadisələrə, həm insanlara münasibətdə. İnsanların sözünə yox, əməlinə fikir verək. Tülkünün yeni gəlişinə də hazır olaq.
Mustafa Hacıbəyli
Basta