Müdafiə Nazirliyi: “Azərbaycanın itkiləri var”

“Azərbaycanın itkiləri var, bu barədə açıqlama veriləcək” – Müdafiə Nazirliyi bildirib.

Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, itkilər barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Cümə axşamı Tovuz istiqamətində yenidən hücum cəhdi olub, bir neçə kənd atəşə tutulub, Müdafiə Nazirliyi açıqlayıb.

MN bildirib ki, iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan mövqelərinə “yenidən hücum cəhdi olub”.

Nazirliyin məlumatında deyilir ki, “eyni zamanda Tovuzun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub”.

MN mülki əhali arasında xəsarət alanın olmadığını bildirib.

“Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN açıqlayıb.

“Mövqelərimiz atəşə tutulub”

MN Ermənistan silahlı qüvvələriin iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozduğunu bildirib.

“Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub”, – MN-in məlumatında deyilir.

Çərşənbə günü “sakitlik” olub

Azərbaycan çərşənbə günü Tovuz istiqamətində “sakitlik” olduğunu, Naxçıvanın sərhədyanı bölgələrində “ara-sıra atəşkəs rejiminin pozulduğunu” bildirib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub.

Nazirlik Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində “aktivləşdiyini” və “ara-sıra atəşkəs rejiminin pozulduğunu” bildirib.

“Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir”, – MN-in açıqlamasında bildirilib.

Bu gün Tovuz rayonunun Dondar Quşçu kəndindəki evlərdən birinin həyətində partlamamış mərmi aşkar olunub.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri tapdıqları partlamamış top mərmisini zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparıb.

Başqa bir məlumatda isə MN bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi “məhv edilib”.

Ermənistan rəsmiləri də Tavuş rayonunda “sakitlik olduğunu” qeyd edib.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atışmalar ötən bazar günü başlayıb və fasilələrlə davam edib. Azərbaycan 11, Ermənistan 4 itki verdiyini açıqlayıb. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır.

Tovuz istiqamətində sakitlikdir”

Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində “sakitlik” olduğunu bildirib.

Nazirliyin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya söyləyib ki, “hazırda Tovuz istiqamətində ümumilikdə sakitlik hökm sürür”.

Ağdam bələdiyyəsinin sədri Rəhilə Əsgərova BBC News Azərbaycancaya bildirib ki, ən son atəş səsini bu gün səhər saatlarında bir dəfə eşidiblər.

“Bu səhər, nə bilim bir 7-8 radələri olardı. Bir dəfə atdılar. Ondan sonra sakitlikdir. Hamı kəndə qayıdıb. Bu gün əhval-ruhiyyəmiz bir qədər yaxşıdır.”

Tovuzun Əlibəyli kənd sakini, Qarabağ Əlillərinə Qayğı ictimai Birliyinin Əlibəyli kənd üzrə sədri Çingiz Babayev çərşənbə günü BBC News Azərbaycancaya bildirib ki, “gecə saat 3-dən sonra sakitlikdir.”

“Gecədən sakitlikdir. Kənd camaatının əksəriyyəti kənddədir. Əhval-ruhiyyəmiz yaxşıdır. Biz qorxmuruq. Torpağımızı da qoyub gedəsi deyilik”, – cənab Babayev deyib.

Dondar Quşu bələdiyyəsindən Gülnarə Quliyeva da BBC News Azərbaycancaya “bu gün kənddə sakitlikdir” deyir.

“Ən son atəş səsini dünən axşam saat 6-7 radələrində eşitmişik. Bizim kənddən çıxan elə də çox olmamışdı. Uşaqlar və qadınlar çıxmışdılar. Onlar da qayıdıb gəliblər. Kənddə zərər dəymiş evin sahibi də gəlib, evindədir. Ev yaşanılası vəziyyətdədir, sadəcə damı dağılıb. Vəziyyətimiz əvvəlki kimidir. Camaat da öz işində-gücündədir. Bircə kəndin “arxın yanı” deyilən ərazisi bir az təhlükəlidir. O tərəfdə yaşayanlar da kənddə yaxın, qohum ailələrin evində qalırlar.”

Bundan əvvəl MN iyulun 15-də gecə Tovuz rayonu istiqamətində “sakitlik” olduğunu bildirsə də, səhər saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus “növbəti bölüyün dayaq məntəqəsinin məhv edildiyini” bildirib.

Ermənistanın “10 hərbçisi yaralanıb”

Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətindəki atışmalarda ümumilikdə 20 hərbi qulluqçusunun yaralandığını bildirib.

Yarısından çoxu yüngül xəsarət alıb, tibbi yardım alıb və hərbi hissələrinə qayıdıblar.

Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan Facebook sosial şəbəkə hesabında “Hazırda Ermənistan-Azərbaycan sərhədində döyüşlərdə müxtəlif ağırlıqda xəsarət almış 10 hərbi qulluqçu olduğunu” qeyd edib.

Şuşan Stepanyan bildirib ki, yaralı hərbçilərin birinin vəziyyəti “son dərəcə ağır, 5 nəfərin vəziyyəti isə müsbət dinamika qeydə alınmaqla ağır” kimi qiymətləndirilir.

“Qalan yaralılar bir həftə ərzində hərbi hissələrinə qayıdacaq,” – Ermənistan MN mətbuat katibinin məlumatında deyilir.

İyulun 12-dən bəri 20-dən çox erməni hərbçisi yaralanıb.

Gecə vəziyyət necə olub?

Azərbaycan MN iyulun 14-də axşam saatlarında bildirib ki, Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və döyüş texnikası “məhv edilib”.

MN həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yerləşən yaşayış məntəqələrinə atəş açmaqda davam etdiyini bildirib. Amma gecə “nisbi sakitlik olub,”- Azərbaycan MN açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan iyulun 15-də Facebook səhifəsində yazıb ki, “Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində (Tavuş-Tovuz istiqaməti) dünən saat 23:30-dan bu vaxtadək (səhər saat 8:00) nisbi sakitlik olub. Gecə ərzində artilleriya qurğularından istifadə olunmayıb”.

Şuşan Stepanyan dünən saat 22:30 – 23:00 arasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın “2 pilotsuz uçan aparatını” vurduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin hər hansı “pilotsuz uçan aparatının vurulmadığını, bu iddiaların yalan olduğunu” bildirib.

Atəşkəs çağırışları davam edir

Böyük Britaniya Xarici İşlər Nazirlyi Ermənistan və Azərbaycanı “atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa” çağırıb.

Bu barədə məlumat Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində yerləşdirilib.

“Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verməməsi üçün dialoqa çağırırıq”, – məlumatda deyilir.

Böyük Britaniya XİN-i “hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə” çağırırıb.

Qurum “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyini” bildirib.

Azərbaycan Fransa səfirinə etiraz edib

Azərbaycan Parisdəki diplomatik nümayəndəliyinə qarşı törədilən “vandalizm aktı” ilə bağlı XİN-ə çağırılan Fransa səfirinə etirazını bildirib.

Xarici İşlər Nazirliyi hadisənin iyulun 14-də baş verdiyini bildirir.

“Erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır,” – çərşənbə günü XİN-in yaydığı açıqlamada deyilir.

Məlumata əsasən, müdaxilə halları bundan əvvəl də baş verib.

Azərbaycan xaricdəki nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı “aidiyyəti üzrə” xarici ölkələrə müraciət olunduğu bildirilir.

bu gün ABŞ Azərbaycan

Azərbaycan üç gündür ki, davam edən döyüşlərdə biri general-mayor olmaqla 11 hərbçisini itirib.

General-mayor Polad Həşimovdan başqa, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev də iyulun 13-14 keçən gecə həlak olublar, Müdafiə Nazirliyi açıqlayıb.

Azərbaycanda Tovuz istiqamətində gedən döyüşlər zamanı həlak olmuş hərbçilərin sayı 11-ə çatıb, bir mülki şəxs də ölüb.

BBC