“The Economist” jurnalının COVİD-lə bağlı sensasion hesablaması
Böyük Britaniyanın “The Economist” jurnalı koronavirusdan ölənlərin sayı ilə bağlı öz hesablamasını aparıb. Jurnal ortaya qoyduğu nəticələri “COVİD-19 infeksiyasından ölənlərin əsl sayı” kimi təqdim edir və rəsmi statistikanın reallığı əks etdirmədiyini vurğulayır. Jurnalın bu mövzuda dərc etdiyi məqalə “Bütün dünya əhalisinin peyvəndlənməsi üçün on milyonlarla səbəb” adlanır. Novator.az saytı həmin məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalə “The Economist”də redaksiya heyəti adından dərc olunub.
Biz COVİD-19 infeksiyasından ölənlərin əsl sayı üzrə hesablamaları təqdim edirik. Bu hesablamalar pandemiya həqiqətlərini əks etdirməklə yanaşı, vacib bir mesaj verir. Yoxsul ölkələrə peyvənd verilməyənə qədər indi Hindistanda hökm sürən acınacaqlı vəziyyət dünyanın başqa yerlərində də baş verə bilər. Milyonlarla insanı ölüm təhlükəsi gözləyir.
Biz qeydə alınmış ölüm hallarından demoqrafik statistikaya qədər 121 kateqoriya üzrə mövcud məlumatlardan istifadə etməklə qarşılıqlı əlaqə modeli yaratdıq. Bu model rəqəmlərdəki boşluqları doldurmağa imkan verir. Əldə etdiyimiz nəticələrə görə, COVİD-19 infeksiyası təxminən 7.1-12.7 milyon insanın həyatına son qoyub. Orta hesabla 10 milyon insan məhz bu infeksiyaya görə həyatını itirib. Pandemiyadan dünyasını dəyişənlərin sayı rəsmi rəqəmlərdən ən azı üç dəfə yüksəkdir. Ancaq hər yerdə yoluxma halları, ölənlərin sayı və ölkələr üzrə müqayisə yalnız rəsmi rəqəmlərə əsaslanır.
Apardığımız araşdırma göstərir ki, COVİD-19 pandemiyası yoxsulların həyatını heç kəsin təsəvvür edə bilməyəcəyi qədər çox çətinləşdirib. Rəsmi statistikaya görə, pandemiyanın dalğaları ən çox ABŞ və Avropanı sarsıdıb. Bundan başqa, Cənubi Amerikada da böyük çətinliklərə səbəb olub. İnkişafda olan digər ölkələr isə nisbətən az zərər çəkib.
Amma bizim əldə etdiyimiz nəticələr bunun tam əksini göstərir. Ölənlərin sayına nəzər salanda pandemiyanın varlı ölkələrdən yoxsul ölkələrə və daha çox təcrid olunmuş yerlərə yayıldığını görürük. İnfeksiyanın bu cür geniş miqyas alması gündəlik ölüm dərəcəsinin kəskin şəkildə artması ilə nəticələnib.
Varlı ölkələrdə ölüm dərəcəsi çox yüksək olsa da rəsmi statistikada yer almayan 6.7 milyon ölüm halının böyük hissəsi yoxsul və orta gəlirli ölkələrin payına düşür. Rumıniya və İranda COVİD-19 infeksiyasından ölənlərin sayı rəsmi statistikada göstəriləndən iki dəfə çoxdur. Misirdə isə ölənlərin həqiqi sayı rəsmi göstəricilərdən 13 dəfə çoxdur. ABŞ-da bu fərq 7,1% təşkil edir.
Hər gün koronavirusdan minlərlə adamın dünyasını dəyişdiyi Hindistanda da vəziyyət eynidir. Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, infeksiyadan dünyasını dəyişənlərin sayına görə Peruda vəziyyət Hindistandakından 2,5 dəfə daha pisdir. Xəstəlik Nepal və Pakistanı da öz ağuşuna alıb. İnfeksiyanın yeni variantları sürətlə yayıldığına və yoluxma halları şiddətlə artdığına görə hətta virusun o qədər ölümcül olmadığı yerlərdə də səhiyyə sistemləri iflic olub və meyitxanalar dolub-daşır.
Bütün bunların qarşısını almağın bir yolu var – peyvəndləmə aparmaq. COVİD-19 əleyhinə peyvəndlər əməkdaşlıq və yeni elmi fəaliyyətlərin nümunəsi kimi “Apollo” kosmik proqramına daxil edilib. Pandemiyanın hökm sürdüyü bir il ərzində peyvəndlər sayəsində insanları xəstəlikdən və ölümdən qorumaq mümkün olub. Onlardan yüz milyonlarla insan faydalanıb.
Buna baxmayaraq qısa müddətdə peyvəndlər varlılar və yoxsullar arasındakı fərqi daha da artıracaq. Varlı ölkələrdə COVİD-19 infeksiyası yalnız orqanizmi çox zəif olan, sağlamlıq vəziyyəti yaxşı olmayan insanların, bir də peyvənddən imtina edənlərin həyatına son qoya biləcək. Bunun tam əksinə olaraq, yoxsul ölkələrdə insanların əksəriyyətinin heç bir seçimi olmayacaq. Onların sağlamlığı aylarla, bəlkə də illərlə təhlükə altında qalacaq.
İki dozası cəmi 4 dollar olan peyvəndin çatışmazlığı səbəbindən nə qədər insanın həyatını itirdiyi bir dünyada heç vaxt əmin-amanlıq ola bilməz. Bu bəlaya əlac tapmaq üçün peyvənddən daha yaxşı həll yolu yoxdur. İqtisadçıların hesablamalarına görə, bir kursun birbaşa dəyəri 2900 dollardır. Koronavirus və təhsildəki çətinliklər kimi amilləri də nəzərə alsaq, ümumi məbləğ daha böyük olur. İyul ayına qədər təmin olunan əlavə 1 milyard dozanın verəcəyi xeyir yüz milyardlarla dollara dəyər. Havada nə qədər az virus olsa, mutasiya ehtimalı o qədər azalacaq. Yeni variantın yaranma ehtimalı az olduğu üçün peyvəndlənmiş şəxslərin virusa yenidən yoluxma riski aşağı olacaq.
Peyvənd təminatı artıq genişlənməkdədir. “Airfinity” analitik şirkətinin verdiyi məlumata əsasən, aprel ayının sonuna qədər peyvənd istehsalçıları 1,7 milyard doza istehsal edib. Bu göstərici mart ayının sonuna qədər istehsal olunan peyvənddən 700 milyon, yanvar ayının sonuna qədər istehsal olunan dozadan isə on dəfə çoxdur. Pandemiya baş qaldırana qədər illik qlobal peyvənd potensialı təxminən 3,5 milyard doza idi. Son hesablamalar göstərir ki, 2021-ci ildə istehsal olunan dozaların ümumi sayı 11 milyarda yaxındır. Sənayedəki bəzi şəxslər 2022-ci ildə bütün dünya üzrə peyvənd istehsalının tələbatı üstələyəcəyini proqnozlaşdırırlar.
Buna baxmayaraq bütün ölkələr ən qısa zamanda daha çox doza əldə etməyə can atır. Ona görə də ABŞ prezidenti Cozef Bayden COVİD-19 peyvəndləri üzərində əqli mülkiyyət hüquqları barədə iddialardan imtina etməyi təklif edib. Bir çox ekspertlər iddia edirlər ki, hazırda bəzi ölkələrdə istehsal potensialı zəifdir və patent sahibləri hələ peyvənd növbəsinin çatmadığı ölkələr də daxil olmaqla başqa ölkələrlə öz istehsal sirlərini paylaşsalar, neçə milyon doza əlavə peyvənd istehsal etmək olar. Dünya ticarət qaydaları patent hüququndan imtina etməyə icazə verir. Bəs bu ağır pandemiya dövründə bu imkandan istifadə etməsək, bir də nə vaxt istifadə edəcəyik?
Zənnimizcə, prezident Bayden heç də haqlı deyil. Patent hüquqlarından imtinaya razılıq onun administrasiyasının bütün ölkələr barədə narahatlığını ifadə etsə də, bu, ən yaxşı halda boş bir jest, ən pis halda isə insanları məsxərəyə qoymaqdır.
Əqli mülkiyyət hüququ iddialarından imtina 2021-ci ildəki kəskin doza çatışmazlığını aradan qaldırmaqda heç bir səmərə verməyəcək. Bu mövzunun müzakirəsi üçün bir forum olan Dünya Səhiyyə Təşkilatının rəhbəri dekabr ayına qədər bu barədə heç bir səsvermənin keçirilməyəcəyini bildirib. Elmi-texniki mübadiləyə elə indi başlansa, bu prosesin sona çatması üçün ən azı altı ay lazım olacaq. “Pfizer” və “Moderna” şirkətlərinin istehsal etdiyi yeni mRNA peyvəndləri üzrə elmi-texniki mübadilə isə daha çox vaxt aparacaq. Fərz edək ki, elmi-texniki mübadilə gözlədiyimizdən daha sürətlə aparıldı. Onda təcrübəli peyvənd istehsalçılarının sayı kifayət etməyəcək və istehsalçılar sifarişləri dolub-daşan təchizatçılardan ilkin materialları almaqda çətinlik çəkəcəklər. “Pfizer” peyvəndinin istehsalı üçün 19 ölkədəki təchizatçılardan 280 ilkin material tələb olunur. Heç bir şirkət qısa müddət ərzində bu materialları özü hazırlaya bilməz.
Onsuz da peyvənd istehsalçıları texnologiyanı ehtiyat üçün özlərində saxlamırlar. Əks halda istehsal belə sürətlə artmazdı. Onlar elmi-texniki mübadilə üzrə 214 müqavilə imzalayıblar. Bu rəqəm isə olduqca yüksəkdir. Onlar qiymətləri də şişirtmirlər. Pul faktoru peyvəndləmə üçün bir məhdudiyyət deyil. Peyvəndlər yoxsul ölkələrə baha qiymətə satılmır: onlar peyvəndləri ianəçilərin maliyyələşdirdiyi qlobal paylama şəbəkəsi olan COVAX vasitəsilə əldə edirlər.
Uzunmüddətli perspektivdə əqli mülkiyyət iddialarından imtinanın nəticələrini proqnozlaşdırmaq mümkün deyil. Ola bilsin ki, əqli mülkiyyət iddialarından imtina yoxsul ölkələrə texnologiyanın verilməsinə yol açacaq. Amma o, eyni zamanda təchizat zəncirlərinin pozulması, resursların səmərəsiz istifadəsi və innovasiyanın geriləməsi ilə nəticələnəcək. İstənilən halda, əgər 2022-ci ildə dozalar tələbatı üstələsə, elmi-texniki mübadilənin nəticəsi gecikmiş olacaq.
Zamanında peyvəndləmənin zəruriliyi
Əgər prezident Bayden həqiqətən də yaxşılıq etmək istəyirsə, o, elə indi COVAX vasitəsilə peyvəndləri ianə şəklində verə bilər. Varlı ölkələr hansı peyvəndin effektiv olduğunu bilmədiklərinə görə həddən artıq çox dozada peyvənd sifariş edirlər. Britaniya hər yetkin şəxs üçün 9 doza, Kanada isə 13 doza peyvənd sifariş edib. Varlı ölkələrin ehtiyat üçün sifariş etdikləri bu dozalara dünyanın başqa yerlərində təcili ehtiyac var. Yoxsul ölkələrdə yaşlılar və səhiyyə işçiləri qala-qala varlı ölkələrdə COVİD-19-dan ölüm riski sıfıra bərabər olan yeniyetmələrin peyvəndlənməsi qətiyyən düzgün deyil. Varlı ölkələr əhalinin yenidən peyvəndlənməyə ehtiyac duya biləcəyini ehtimal edərək əlavə dozalar alıb yığmamalıdırlar. Əgər onlar peyvəndi ehtiyat üçün almasalar, növbəti altı ay ərzində milyardlarla dozada peyvəndin paylanmasına imkan yarana bilər.
Ölkələr həmçinin təchizat zəncirini yaxşılaşdıra bilərlər. Hindistanda peyvənd istehsalını həyata keçirən Serum İnstitutu “Hərbi təyinatlı məhsul istehsalı haqqında” qanunun ixracatda yaratdığı maneələrə görə ABŞ-dan filtrlər kimi istehsal komponentlərini əldə etməkdə çətinlik çəkir. Cozef Bayden birdəfəlik istehsala icazə versə də, bunun əvəzinə sözügedən qanunun bütün dünyada təchizata yönəldilməsini təmin etsəydi daha yaxşı olardı. Ən əsası hazır peyvənddən daha yaxşı istifadə etmək lazımdır. Bəzi yoxsul ölkələrdə peyvəndlər insanların şübhələri və yaranan xaotik vəziyyətə görə istifadəsiz qalır. İkinci dozaya başlamazdan əvvəl risk qrupuna daxil olan hər kəsə birinci dozanın vurulması prioritetləşdirilməlidir.
Bizim modelimiz proqnoz xarakteri daşımır. Buna baxmayaraq, o, dünyanın bəzi hissələrinin virus qarşısında xüsusilə aciz vəziyyətdə olduğunu göstərir. Məsələn, 650 milyondan çox insanın yaşadığı cənub-şərqi Asiyaya nəzər salsaq, heç bir konkret səbəb olmadan kütləvi ölümlərin baş alıb getdiyini görə bilərik. COVİD-19 infeksiyasını nəzarətə götürmək hələlik mümkün olmasa da, peyvəndlər milyonlarla insanın həyatını xilas etmək üçün bir şans yaradıb. Dünya bu şansı əldən verməməlidir.
Novator.az