Açıq havada maskasız, metro ilə ticarət mərkəzlərinə – Yeni qaydalar
Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.
Bu barədə Prezidentin köməkçisi Şahmar Mövsümov çərşənbə axşamı günü Operativ Qərargahın brifinqdində deyib.
Onun sözlərinə görə, eyni tarixdən “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunacaq, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa ediləcək.
Cənab Mövsümov iyunun 10-dan ibadət yerlərinin, çimərliklərin, iri ticarət mərkəzlərinin açılacağını bildirib.
O, idman zallarının xüsusi şərtlər altında fəaliyyət göstərəcəyini deyib, yəni Covid pasportu alanlar bu xidmətdən yararlana biləcəklər.
Şahmar Mövsümov bildirib ki, vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alanlara vaksinasiya sertifikatı və koronavurusa yoluxub sağalmış şəxslərə immunitet sertifikatını ehtiva edən Covid pasportu veriləcək. Onun sözlərinə görə, vətəndaşlar bu sənədləri E-gov.az-dan və ya e-təbib-dən əldə edə biləcəklər.
Bu sənəd ilkin mərhələdə idman və sağlamlıq bərpa mərkəzlərində tələb olunacaq, sonralar isə kinoteatrlarda, konsertlərdə, toylarda da bu üsuldan istifadə ediləcək. Şahmar Mövsümov bununla bağlı əlavə məlumat veriləcəyini bildirib.
O əlavə edib ki, iyulun 1-dən risklərin azaldılması üçün idman zalları və sağlamlıq-bərpa mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələb ediləcək. “İşçilərinin 80 faizinin belə sertifikatı olmasa, həmin obyektlər bağlana bilər,”- Şahmar Mövsümov deyib.
BBC