Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
Avropa İttifaqının sammiti Rusiya üzərinə Krımın ilhaqına və Donbasdakı separatçılara görə qoyulmuş sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.
Bu barədə məlumatı Avropa Şurasının sədri Şarl Mişel özünün Twitter hesabından verib.
Mişel bildirib ki, Brüssel Rusiyadan konstruktivlik və Avropa İttifaqı və üçüncü ölkələrə qarşı hərəkətlərinin dayandırılacağını gözləyir.
Onun sözlərinə görə, Mosva Ukrayna barəsində Minsk razılaşmalarının həyata keçirilməsinə öz töhfəsini verməlidir.
Rusiyaya qarşı sektoral sanksiyalar 2014-cü ildən elan edilib və Rusiya şirkətlərinin Avropanın kapital bazarına çıxışını, onun silah və ikitəyinatlı mallarının, neft hasilatı üçün texnologiyaların alış-verişini məhdudlaşdırır.
Rusiya və Ukrayna Minsk razılaşmalarının yerinə yetirilməməsinə görə bir-birlərini ittiham edirlər.
Moskva israr edir ki, Minsk razılaşmasına görə Kiyev danışıqları onunla yox, Donbasdakı rusiyayönlü separatçılarla aparmalıdır.
AzadliqRadiosu