Şuşanın bərpasında çox ciddi məsələlər nəzərə alınmalıdır

Nəsiman Yaqublu: “Təkliflərimi bərpa işləri ilə məşğul olan şirkətlərə bildirəcəm”

 

 

“O vaxt Şuşanı – yuxarı və aşağı hissə adları ilə iki yerə böldülər. Halbuki, nə Pənahəli, nə də İbrahimxəlil xanın dövründə Şuşa bölünməmişdi. Ermənilər rusların köməyi ilə şəhəri bölmüşdülər”

 

 

2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənəli şəkildə qeyd ediləcək. Bu barədə Prezident İlham Əliyev Şuşada Poeziya Günlərinin açılışında bildirib. Dövlət başçısı Şuşanın tarixinə də qısaca toxunub və mühüm açıqlamalar verib: “Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoyub. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı.

 

Bizi gözləyirdi, biz gəlməli idik və gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdik”. Xatırladaq ki, bir neçə ay öncə Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas da Şuşanın 270 illiyinin keçirilməsini təklif etmişdi. Millət vəkili bəyan etmişdi ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeyd yanaşmaq olmaz. Tarixçilər də hesab edirlər ki, xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən, qəlbimizdə özünəməxsus yeri olan Şuşa şəhərinin yaranmasının ildönümünü qeyd etmək bir çox cəhətdən vacibdir.

 

Tarixçi-alim, professor Nəsiman Yaqublu “Şərq”ə açıqlamasında bildirib ki, Şuşada gedən proseslər, quruculuq işləri, mədəni müəssisələrin və büstlərin açılışı, təməlqoyma mərasimləri tarixi, eyni zamanda psixoloji baxımdan mühüm hadisələrdir. Alim vurğulayıb ki, Şuşa xüsusi yerə, mövqeyə və statusa malikdir:

 

“Şuşa adi şəhər deyil, böyük mədəniyyət şəhərimizdir. Türk dünyasının mədəniyyət mərkəzinə çevrilməkdə olan bir şəhərdir. Şuşanın 270 illiyinin keçirilməsi həm də o cəhətdən əhəmiyyətlidir ki, biz böyük mədəniyyət mərkəzini erməni işğalçılarından xilas etdiyimizi dünyaya bəyan edirik. Məqsədimiz burada yaşamaqla yanaşı, həm də bəşər kültürünün bir hissəsi olan bu məkanda dəyərlərimizi yaşatmaq, qorumaqdır. Şuşa şəhərinin köhnə memarlıq planları olub.

 

Yenidənqurma prosesində həmin planları ciddi şəkildə nəzərdə saxlamalıyıq. Şuşanın memarlıq planı 3 dəfə dəyişdirilib. Birincisi Pənahəli xanın, ikincisi İbrahimxəlil xanın vaxtında, üçüncüsü isə 1805-ci ildə Kürəkçay müqaviləsindən sonra dəyişdirilib. Qarabağ işğal ediləndən və İbrahimxəlil xan öldürüləndən sonra Şuşanın baş planının dəyişdirilməsinə ermənilərin də təsiri olub. İndiki bərpa dövründə bunu aradan götürməliyik. Orada hansı nüansları təkrarlamaq olmaz, çox yaxşı bilirəm.

 

Təkliflərimi bərpa işləri ilə məşğul olan şirkətlərə bildirəcəm. O vaxt Şuşanı – yuxarı və aşağı hissə adları ilə iki yerə böldülər. Halbuki, nə Pənahəli, nə də İbrahimxəlil xanın dövründə Şuşa bölünməmişdi. Ermənilər rusların köməyi ilə şəhəri bölmüşdülər. Dağlıq hissədə ermənilər yaşadı, aşağı hissəni isə azərbaycanlılara verdilər. Çox yaxşı olar ki, bərpa prosesində bu məqamlar diqqətdən qaçmasın”.

 

N.Yaqublu vurğulayıb ki, muzeylər yeni sənədlərlə, məlumatlarla zənginləşməlidir:

 

“Üzeyir Hacıbəyovun ev muzeyi sovet dövrünün sənədlərindən ibarət olmamalıdır. Son illərdə araşdırdığımız sənədlər, materiallar muzeylərdə yer almalıdır. Mənə müraciət etsələr, o muzeylərə çoxlu sənəd verə bilərəm. Məsələn, Cümhuriyyət dövründə Üzeyir bəyin fəaliyyəti, yazdığı məqalələri, “Azərbaycan” qəzetində yazıları və s. mərhələlər haqqında əlimizdə kifayət qədər yeni materiallar var. Şuşadan təkcə musiqiçilər çıxmayıb axı. Elm adamları çıxıb. Şuşada Ceyhun Hacıbəylinin və Əhməd bəy Ağaoğlunun ayrıca muzeylərini yaratmalıyıq. Əhməd bəy təkcə Azərbaycan yox, bütün türk dünyası üçün böyük işlər görmüş nəhəng şəxsiyyətdir. Ermənilərə qarşı ilk və sistemli Difai təşkilatını yaratmış şəxsdir. Niyə Şuşada onun muzeyi olmasın?! Belə şəxslərin muzeyləri ermənilərə ciddi zərbə olar. Əhməd bəy Ağaoğlunun ev muzeyinin zənginləşməsinə müxtəlif eksponatlarla kömək edə bilərəm. Ceyhun Hacıbəyli Azərbaycanı dünyada tanıdıb”.

 

Tarixçi qeyd edib ki, Şuşanı çox adam ziyarət edəcək, əcnəbilər gələcək:

 

“Görsünlər ki, Şuşa necə nəhəng insanları yetişdirib. Hilal Münşi, Haşım bəy Vəzirov Şuşadan çıxmış ziyalılardır. Yusif Vəzir Çəmənzəmənli Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk diplomatı olub. Əbdürrəhim bəy Haqverdiyev Dağıstanda Cümhuriyyətin diplomatı kimi fəaliyyət göstərib. Onları da yada salmalıyıq. Şuşanı mərkəz edərək erməni təxribatçılarına qarşı mübarizə aparmış qəhrəman Xosrov bəy Sultanovun orada heykəli, büstü qoyulmalıdır. Ümumən görülən işlər çox mühümdür, amma Şuşanın 270 illiyinə vurğuladığım işlərlə getsək, daha gözəl və maraqlı olacaq”.

 

sherq.az