Fransanın Ermənistanı müdafiə etməsindən narahat olmaq lazım deyil
Çünki tarixən, onların əlindən danışmaqdan başqa elə bir şey gəlməyib. Ermənistana real bir dəstək verən deyillər. Dərinə getsələr, səfiri buradan “Persona non qrata” elan etmək olar. Çox dərinə getsələr, ölkəmizin azadlığı və ərazi bötövlüyü naminə onları da qarşımıza ala bilərik. Müttəfiqlərimiz Türkiyə və Pakistana arxalanaraq…
Fransa o dövlətdir ki, İkinci dünya müharibəsində heç bir müqavimət göstərmədən alman nasistlərinə təslim olub. 1938-ci ildə Polşa ilə saziş bağlayıblarmış. Ki, əgər “bir Avropa dövləti” (yəni Hitler Almaniyası) Polşaya hücum etsə, Fransa onu müdafiə edəcək. Amma Almaniya Polşanı işğal etsə də, Fransa heç bir real addım atmayıb.
Fransa İngiltərə ilə birlikdə Almaniyaya qarşı müharibə elan etsə də, əslində müharibəyə qoşulmayıb. Yeganə istisna dəniz donanmasında olub – gəmilərin ələ keçəcəyi təqdirdə, onların xanımlarının alman zabitlərinin əlinə keçəcəyini başa düşən bəzi kapitanlar müqavimət göstəriblər. 3 sentyabr 1939 -cu ildən 10 may 1940 -cı ilə qədər quru sərhədlərdə heç bir (!) müqavimət göstərilməyib.
Fransızların bu qorxaqlığı tarixə “Qəribə müharibə” (bəzi tərcümələrə görə “Oturaq müharibə”) kimi düşüb.
1940-cı il mayın 10-da Almaniya özü Fransaya hücum edib. İyunun 22-də, cəmi 43 gün sonra, Paris də daxil olmaqla, o boyda ölkə düşmənə təslim olub.
Ermənilər Qarabağı 3 il ərzində işğal etmişdi. Biz 44 gün ərzində azad etmişik. Fransızlar isə bundan daha tez – cəmi 43 günə təslim olublar. Berlindən Parisə məsafə yaxın olsaydı, yəgin ki, daha tez təslim olardılar.
Ən böyük biabırçılıq isə Fransanın azad olunması tarixidir: Fransanın işğaldan azad olunması uğrunda mübarizədə ingilislər, amerikalılar, kanadalılar, hətta danimarkalılar fransızlardan daha çox qurban verib.
100 minə yaxın ingilis, amerikalı və kanadalı Normandiyanın (Fransanın şimalı) azad olunması uğrunda həlak olub. Həmin günlərdə fransız qızları Parisin barlarında alman nasistləri ilə rəqs edirdilər.
Fransanın Bakıdakı səfirliyindən bu yazıya etiraz istərdim, amma əminəm ki onların buna da təpəri çatmaz.
Mustafa Hacıbəyli
Basta