Rusiyada seçkilərin ilkin nəticələri açıqlanıb

Rusiyada 17-19 sentyabr tarixlərində keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Seçki bülletenlərinin 70% -i hesablandıqdan sonra “Vahid Rusiya” 48,46% səs toplayıb. Bu haqda Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

İkinci yeri 20.29%ilə Rusiya Federasiyası Kommunist Partiyası tutur. Liberal Demokrat Partiyası 7.69%, “Ədalətli Rusiya” 7.43% səs toplayıb.

 

“Yeni İnsanlar” partiyası 5,5% səs toplayıb. Rusiyada parlamentə düşmək üçün minimal səs barajı 5 faizdir.

 

Birmandatlı seçki dairələrində protokolların 70,25% -i  saydıqdan sonra “Vahid Rusiya” 196 mandat qazanır.

 

“Yabloko” və Maksim Şevçenkonun başçılıq etdiyi Rusiya Azadlıq və Ədalət Partiyası 1 faizdən az səs toplayaraq parlamentdən kənarda qalıblar.

 

Seçkilər hakimiyyətin müxalifətə və müstəqil mediaya qarşı total təzyiqləri fonunda keçirilib. Səsvermə 3 gün ərzində davam etdiyi üçün proses üzərində davamlı ictimai nəzarət qurmaq mümkün olmayıb.

 

Seçkilər ərəfəsində həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının İnstaqram hesabındakı mesajda deyilib: “Vahid Rusiya partiyası uğur qazansa, ölkəmiz daha beş il yoxsulluq, beş illik gündəlik repressiya və boşa çıxan beş il ilə üzləşəcək”.

 

Son aylar səlahiyyətlilər Navalnının siyasi şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat başladıb və onu “ekstremist bir təşkilat” adlandırıb. Siyasətçinin müttəfiqlərinin seçkilərə qatılması qadağan edilib.

 

Sentyabrın 17-də səsvermə başlayanda seçki bələdçisi proqramı Apple və Google onlayn-mağazalarında yoxa çıxıb.

 

Navalnının məsləkdaşları bunu senzura və Kremlin təzyiqinə boyun əymək kimi qələmə verib.

 

Basta