Müsavat Məclisinin sessiyası keçirilidi
Sentyabrın 26-da Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. 44 günlük Vətən Müharibəsinin ildönümü ərəfəsində keçirilən toplantıda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məclisin sədri Nüşabə Sadıxlı sessiyanın gündəliyini səsə qoyub. Nüşabə Sadıxlı giriş sözündə Məclisin son sessiyasından sonra ölkədə baş verən bütün önəmli hadisələrlə bağlı Müsavatın ortaya operativ və prinsipial mövqe qoyduğunu və bunun cəmiyyətdə maraqla qarşılandığını qeyd edib.
Müsavat başqanı Arif Hacılı ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda korrupsiyanın, məmur özbaşınalığının hökm sürdüyünü bildirərək, hakimiyyətin müxtəlif sahələrdə apardığı siyasəti sərt tənqid edib. Arif Hacılı hakimiyyətin “siyasi dialoq” imitasiyası ilə məşğul olduğunu, gerçəklikdə isə müxalifətə qarşı repressiyaları davam etdirdiyini qeyd edib. Müsavat fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun qanunsuz məhkəmə qərarı ilə məcburi müalicəyə göndərilməsini “həbsdən daha ağır cəza” adlandırıb.
Müsavat başqanı təşkilati işlərdən danışıb və müvafiq tapşırıqlar verib.
Sessiyada Məclis üzvləri Mustafa Hacıbəyli, Bakıxan Qəribli, Zakir İsmayıl, Əlikram Xurşidov, Səxavət Soltanlı, Nemət Kərimli, Gülağa Aslanlı, Almaz Əliqızı, Ayxan Hacıbəyli və digərləri çıxış edib.
Çıxışlarda partiya strukrurlarının gücləndirilməsi və fəallığının artırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Qeyd edilib ki, Müsavat Partiyasının strukturları ölkədə istər referendumun, istər növbədənkənar seçkilərin keçirilməsinə hazır olmalıdır.
Sessiyada ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul edilib.
“Müsavat Partiyası bəyan edir ki, işğal altında olan ərazilərin böyük hissəsinin azad edilməsi, ölkədə korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının tüğyan etməsinə, insan haqlarının kütləvi pozulması və siyasi repressiyaların davam etdirilməsinə əsas ola bilməz. Müsavat Partiyası hakimiyyətdən işğaldakı ərazilərin tam azad olunması, Rusiya silahlı qüvvələrinin Azərbaycandan çıxarılması, ölkədə demokratik, azad cəmiyyətin qurulması üçün təsirli tədbirlərin görülməsini tələb edir” – deyə sənəd layihəsində bildirilir.
Layihədə bu məqsədlərə nail olmaq üşün konkret təkliflər də irəli sürülüb. Bəyanat layihəsi əsas kimi qəbul edilib, onun təkmilləşdirilməsi və ictimaiyyətə açıqlanması Divana həvalə edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta