Kanalizasiya sularını daşıyan Samur- Abşeron kanalı: VİDEO
Üfunət iyindən hazırda çəkiliş aparmağın belə mümkünsüz olduğu bu ərazi Samur-Abşeron suvarma kanalının Novxanı və Corat ərazisindən keçən hissəsidir.
Bələdiyyə.netin xəbərinə görə bəzi mənbələrdə Samur-Abşeron kanalının beton örtüyə alınmaması nəticəsində yaşayış massivi olan ərazilərdə sızması, bu ərazilərin bataqlığa çevrilməsi, bir çox hallarda evlərin zirzəmilərinə dolması faktları qeyd olunur.
Mənbələr məsələni Abşeron yarımadasının relyefi, qumlu torpaqları və hidrogeoloji şəraiti, qrunt sularının səviyyəsinin sürətlə qalxması ilə ilə xarakterizə etməyə çalışsa da daha böyük problem və təhlükə var.
Uzunluğu 183 km olan Samur – Abşeron kanalının təkcə Novxanı və Corat ərazisindən keçən hissəsində apardığımız çəkiliş zamanı şahid olduğumuz mənzərə sözün əsl mənasında dəhşətlidir. Kanalın kənarları boyu tikilmiş evlərin kanalizasiya suları borularla göz görə-görə birbaşa kanala axıdılır.
Təkcə kanalizasiya sularını kanala axıtmaqla kifayətlənməyən sakinlər məişət tullantılarını da kanalın kənarlarına atırlar. Kanalın kənarına atılan zibil torbaları da halı ilə kanala tökülür. “Saray körpüsü” nün yaxınlığında isə vəziyyət daha kritikdir.
Təssüf ki, bu da son deyil. Kanal Novxanı bağlarının içərilərinə doğru gedən yolun düz yanında yerləşir.
Gördüyümüz dəhşətli mənzərələrən biri də şütüyən maşınların diqqətsizlikdən vurduğu küçə itinin kanalın beton örtüyünün üzərinə atılması oldu. Yəqin ki, bir müddətdən sonra itin cəsədi də sürüşüb kanala düşəcək. Görünüşə görə bu, ilk və son da deyil….
Üfunət iyi verən kanalı çəkərkən sözün əsl mənasında nəfəs almaq mümkün deyildi. Lakin ətrafda gündəlik həyatına davam edən sakinlərin məsələ ilə bağlı fikirlərini alarkən daha çox təəcübləndik. Onlaran bu problemlərlə necə baş etdiklərini, üfunət iyindən necə yaşadıqlarını soruşduq. “İllərdir bu vəziyyətdə yaşayırıq, kanalın suyu quruyanda iy gəlir, su qalxanda üfunəti də basıb aparır”, deyən sakin üçün sanki çirkab sularını kanalın hara çəkib apardığı maraqlı deyildi…
Ekoloji fəlakətə səbəb olan bu anormal hal ilə kiminsə maraqlanıb-maraqlanmadığını öyrənmək üçün kameraya danışmaqdan çəkinən sakinə bəzi suallar ünvanladıq.
Evlərinə kanalizasiya çəkilməsi üçün harasa müraciət ediblərmi, sualımıza, “mən bilən, yox”, deməsi özünün də, buranın sakinlərinin də yaşamlarına və ətraf mühitə biganəliklərindən xəbər verirdi.
Bəlkə sakinlər bunu kanalizasiya sularını axıtmağın daha rahat yolu, kanala tökdükləri məişət tullantılarının məhv edilməsinin daha rahat, pul xərcləmədən həll edilən variantı hesab edirlər, üfunət iyinin evlərindən, məhəllələrindən çəkilməsi üçün kanalın suyunun qalxmasını gözləyirlər. Bəs aidiyyatı qurumlar hara baxır? Məsələ ilə Yerli Bələdiyyə orqanlarının, Mənzil İstismar İdarələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcili maraqlanması vacib görünür…