ABŞ Dövlət Departamentindən Azərbaycanda insan haqlarının durumu ilə bağlı sərt hesabat

ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumuna dair növbəti hesabatını dərc edib. 2021-ci ilin yekunlarını əks etdirən hesabatın Azərbaycana dair bölümü təqribən 50 səhifəyə yaxındır.

 

Hesabatın giriş hissəsində bildirilir ki, Azərbaycanın 2020-ci ildə Ermənistan və Ermənistanın dəstəklədiyi separatçılarla apardığı 44 günlük intensiv döyüşlərdən sonra, il ərzində iki ölkə arasında sərhəddə və bəzi digər ərazilərdə arabir zorakılıq hadisələri, insan itkiləri və həbslər qeydə alınıb.

 

Qətllər, işgəncələr, əsassız həbslər…

 

Sənəddə qeyd edilir ki, il ərzində Azərbaycanda insan hüquqlarının pozulmasına dair bir sıra əhəmiyyətli məlumatlar qeydə alınıb. O cümlədən:

 

-qətllər;

 

-təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən işgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar;

 

-ağır və bəzən həyat üçün təhlükə yaradan həbsxana şəraiti;

 

-əsassız həbslər;

 

-siyasi məhbuslar;

 

-ölkədən kənarda şəxslərə qarşı siyasi motivli repressiya;

 

-məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlər;

 

-şəxsi həyatın toxunulmazlığına özbaşına müdaxilə;

 

-işgəncə və digər fiziki zorakılıq da daxil olmaqla, münaqişə zamanı ciddi sui-istifadələr;

 

-ifadə azadlığına və mediaya ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılıq, böhtan və böhtanın kriminallaşdırılması, jurnalistlərin şübhəli ittihamlarla təqib edilməsi və həbs edilməsi;

 

-internet azadlığına ciddi məhdudiyyətlər, o cümlədən internet saytlarının bloklanması;

 

-dinc toplaşmaq hüquqlarına faktiki qadağa və birləşmək azadlığına əsaslı müdaxilə;

 

-hərəkət azadlığının məhdudlaşdırılması;

 

-siyasi iştiraka ciddi məhdudiyyətlər;

 

-sistemli hökumət korrupsiyası;

 

-cinsi oriyentasiyaya əsaslanan şəxslərə qarşı polis vəhşiliyi;

 

-işçilərin birləşmək azadlığına əhəmiyyətli məhdudiyyətlər;

 

-və uşaq əməyinin ən pis formalarının mövcudluğu.

 

Bildirilir ki, hökumət insan haqlarını pozan və korrupsiya əməllərinə yol vermiş məmurların əksəriyyətini təqib etməyib və cəzalandırmayıb, cəzasızlıq problem olaraq qalıb.

 

Dövlət Departamenti vurğulayıb ki, noyabrın 1-də baş prokurorun müavini Xanlar Vəliyev 2017-ci ildə Tərtər işi üzrə 100-dən çox müttəhimin müxtəlif formalarda fiziki zorakılığa, o cümlədən işgəncələrə məruz qaldığını, nəticədə 8 şübhəlinin ölümünə səbəb olduğunu, onlardan dördünün ölümündən sonra bəraət aldığını etiraf edib: “Hökumət 17 məmuru sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edib: doqquzu üç il yarım, altısı bir aydan altı ayadək, biri isə 10 ilədək həbs cəzasına məhkum edilib. Sübutları saxtalaşdıran müstəntiqlər də azadlıqdan məhrum ediliblər. 2017-ci ildə Tərtər işində hakimiyyət 100-ə yaxın hərbçi və mülki şəxslərdən ibarət qrupu Ermənistanın xeyrinə casusluq etməkdə ittiham edərək saxlayıb. İlin sonunda 27 nəfər həbsdə qalıb və siyasi məhbus hesab edilib, onlardan bəziləri 20 ilə qədər cəza çəkir.

 

Siyasi məhbuslar

 

QHT-lərə istinadən bildirilir ki, ilin sonuna qədər Azərbaycanda 122-yə qədər siyasi məhbus var. Onların arasında jurnalistlər və blogerlər, müxalif siyasi fəallar, dini fəallar və Gəncə işi və Tərtər işi ilə bağlı həbsdə olan şəxslər  var.

 

Siyasi məhbus sayılan şəxslər sırasında oktyabrın 8-də 13 il azadlıqdan məhrum edilən AXCP fəalı Niyaməddin Əhmədov və 10 il həbs cəzası almış AXCP fəalı Aqil Hümbətovun adları çəkilib.

 

Qeyd olunub ki, Noyabrın 19-da Ali Məhkəmənin plenumu Azərbaycanın demokratiyayönümlü NİDA hərəkatının dörd üzvü Rəşadət Axundov, Rəşad Həsənov, Zaur Qurbanlı və Üzeyir Məmmədliyə siyasi motivli ittihamlarla bəraət verib: “Dördü də 2014-cü ildə mühakimə olunduqdan sonra uzun müddətə azadlıqdan məhrum ediliblər, lakin 2015 və 2016-cı illərdə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıblar. Noyabrın 19-da verilən qərar onların günahsızlığının rəsmi etirafı idi; məhkəmə dörd nəfərə ümumilikdə 188 000 ₼ (110 000 ABŞ dolları) təzminat təyin etdi ki, onlar arasında bölüşdürülsün”.

 

Hesabatda Müsavat fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun cəza olaraq “məcburi müalicəyə” göndərilməsindən də bəhs edilib: “Müxalifət nümayəndələri və digər fəallar bildiriblər ki, bu təcrübə müxalifətçiləri həbs etmədən cəzalandırmağa imkan verir. Məsələn, aprelin 5-də müxalifətdə olan Müsavat Partiyasının üzvü Nizaməli Süleymanov və onun bacısı oğlu Akif Süleymanov narkotik vasitələrdən istifadə ittihamı ilə 20 sutka inzibati həbs cəzası alıblar. Onlar cəzalarını çəkdikdən sonra 6 ay narkoloji dispanserdə müalicə almağa məcbur ediliblər. Onlar oktyabrın 27-də sərbəst buraxılıblar”.

 

Sənəddə deyilir ki, iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunu iki il altı ay müddətinə şərti cəzaya məhkum edib: “Yaqublu 2020-ci ilin martında baş vermiş avtomobil qəzası ilə bağlı “xuliqanlıq”da şübhəli bilinərək həbs edilib. Hüquq müdafiəçiləri bunu   səhnələşdirilmiş təxribat hesab ediblər. 2020-ci ilin sentyabrında Nizami Rayon Məhkəməsi Yaqublunu təqsirli bilib və 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Həmin ayın sonunda Bakı Apellyasiya Məhkəməsi Yaqublunu 17 günlük aclıq aksiyasına başladıqdan sonra onu ev dustaqlığına buraxıb. Yaqublu 1 dekabr 2021-ci ildə dinc etiraz aksiyasında iştirak edib və saxlanılıb; Yaqublu həbsdən azad edildikdən sonra, onun həbsdə şiddətli döyüldüyünü göstərən fotoşəkillər yayıb”.

 

Medianın boğulması

 

Hesabatda Azərbaycanda müxalif media orqanlarına qarşı təqiblərdən geniş bəhs edilib, bir sıra saytların, o cümlədən “Bastainfo.com” saytına qarşı bloklanmanın davam etdiyi bildirilib: “Beynəlxalq xəbər saytları və müxalifət qrupları ilə əlaqəli saytlar il ərzində müxtəlif vaxtlarda bloklanıb. O cümlədən Azadlıq, Bastainfo.com, Criminal.az, Topxeber.az, Fia.az, Monitortv,  Xural.com, Az24saat.org, Anaxəbər.az və Arqument.az və Almaniyada fəaliyyət göstərən Meydan TV  hakimiyyət tərəfindən bloklanmışdı, baxmayaraq ki, bu media orqanları sosial şəbəkələrdə məlumat dərc edə bilirlər. Fəallar iddia edirdilər ki, hakimiyyət kiberhücumlar həyata keçirib və internet proqramlarını pozmaq üçün digər tədbirlərdən  istifadə edib”.

 

Hesabatda həmçinin Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin və ictimai fəal Nərmin Şahmərdanzadənin şəxsi həyatına müdaxilə ilə bağlı faktlar əks olunub.

 

Basta