İki vətəndaş Laçın ərazisinə daxil olduqlarına görə cəzalandırılıb

Laçında şəhərin adı erməni dilində (Berdzor) yazılan lövhəni bir neçə gün əvvəl sındıran şəxslərin həbs olunduğu bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

İddia olunur ki, həmin şəxslər lövhəni sökdüklərinə görə inzibati qaydada həbs olunublar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a açıqlamasında vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırdıqlarına görə inzibati qaydada həbs olunduqları barədə iddiaları təkzib edib. “Bu iddialar tam əsassızdır. Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olduqları və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub”.

O qeyd edib ki, həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var. “Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırma profilaktik məqsəd daşıyır”.