Lukaşenkodan Paşinyana cavab: “Hələki Azərbaycana bizim adamımız olan İlham Əliyev rəhbərlik edir”
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan münaqişəsinin Qərb missiyalarının iştirakı ilə həllini qəbul etmədiyini bildirib. O hesab edir ki, Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə razılığa gəlməlidir.
O, bu barədə cümə günü onlayn rejimdə keçirilən KTMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında bildirib.
“Müharibə Rusiyanın köməyi ilə başa çatıb. Niyə bu gün başqa və yeni formatlar yaranır? Üçlük – Ermənistan və Azərbaycan, bir neçə günə görüş keçirməyi planlaşdıran Rusiyanın vasitəçiliyi ilə razılığa gəlməlidir. Belarus isə onların qəbul etdiyi istənilən qərarı dəstəkləyəcək” -deyə, Lukaşenko Aİ-nin missiyasının prosesə qoşulmasının əleyhinə olduğunu ifadə edib.
Belarus prezidenti Ermənistanın baş nazirinin iki sualını da cavablandırıb.
“Bizə iki sual verirsən. Siz tələb edirsiz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik”, – Belarus lideri bildirib.
“İkinci sualınız. “Mənə Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün yol xəritəsi verin”. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Siz bunu başa düşürsünüz. Bu münaqişə bizə lazım deyil”, – deyə Aleksandr Lukaşenko Paşinyanın suallarından narazı qaldığını gizlətməyib.
Lukaşenko Əliyevi də “bizim adamımız” adlandırıb və Paşinyanı Bakı ilə məsələləri indidən həll etməyə, Azərbaycanı digər KTMT ölkələrinə qarşı qoymamağa çağırıb.
“Bu gün Azərbaycana tamamilə bizim adamımız – İlham Əliyev rəhbərlik edir. Sabah nə olacaq (əbədi deyil), heç kim bilmir. Ona görə də Nikol Vovayeviçin dediyi bu məsələlər indi həll olunmalıdır” – Aleksandr Lukaşenko əlavə edib.
Belarus prezidenti Türkiyənin Azərbaycana dəstək verməsinin təbii olduğunu deyib: “Deyirlər Türkiyə Azərbaycanın arxasındadır. Nə olsun? Bu siyasətdir. Türklər doğma xalq olduqları üçün Azərbaycanı dəstəkləyirlər”.
Basta