İran Azərbaycanda bir çox sahələrdə öz agentura şəbəkəsini formalaşdırıb – Deputat
“İran Azərbaycanda bir çox sahələrdə – media, ədəbiyyat, din, təhsil kimi sektorlarda öz agentura şəbəkəsini formalaşdıra bilib”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
“Həmin agentlərin dəqiq siyahısı və ya kimliyini müəyyənləşdirmək çətindir. Agentlər sosial şəbəkələrdə də çox aktivdirlər, ciddi iş aparırlar. Xüsusilə Azərbaycan məscidlərində bu şəbəkənin nümayəndələri çoxdur. Din sahəsində təbliğat aparan şəxslər yaxşı maliyyələşirlər və İranın diqqətindədirlər. Həmin şəxslər zaman-zaman vəziyyətdən istifadə edib, ciddi addımlar atırlar. Bu şəbəkənin üzvləri müəyyənləşdirilməli və zərərsizləşdirilməlidir. Bir məsciddə belə İran təfəkkürlü şəxs olmamalıdır. İranın din xadimləri vasitəsilə Azərbaycan cəmiyyətinə təsir etməsinin qarşısı alınmalıdır. İranda oturub, Azərbaycanın əleyhinə təbliğat aparanlar da kifayət qədər çoxdur. Rəsmi Bakı dəfələrlə müraciət etsə də, İran həmin şəxsləri ölkəmizə təhvil verməyib. Bu sahədə də ciddi addım atılmalı, həmin şəxslər Azərbaycana verilməlidir” – deyə, deputat bildirib.
Ceyhun Məmmədov deyib ki, xüsusilə cənub zonasında İran ideologiyası insanların düşüncələrinə təsir edir:
“Hazırda az da olsa təhsil üçün İrana üz tutanlar var. Qarşısını almaq lazımdır ki, həmin şəxslər oxuyub, ölkəyə qayıdanda agentura şəbəkəsinin tərkib hissəsi olmasınlar. İrana ziyarətə gedən insanlar arasında xüsusi təbliğat aparılır. Onların İranın ideoloji təsirlərinə məruz qalmaması üçün ciddi işlər görməliyik. İndidən addım atmasaq, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik. Xüsusi tədbirlər planı olmalı, hər bir dövlət qurumunun qarşısında vəzifələr qoyulmalı və vəzifələr yerinə yetirilməlidir”.
Basta