Əhalinin Qarabağa qayıdışı niyə gecikir – Müsavatda Dəyirmi Masa
Aprelin 28-də Müsavat Partiyasının qərargahında “İşğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşma problemləri” mövzusunda Dəyirmi Masa keçirilib.
44 günlük Qarabağ Müharibəsinin başa çatmasından iki il yarım ötsə də, məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıtması ilə bağlı qeyri-müəyyənlik davam edir. Yaranmış anormal vəziyyət cəmiyyətdə suallar doğurur, məcburi köçkünlər arasında xüsusi narahatlıq yaradır. Hökümətin guya məcburi köçkünlərin öz yurdlarına qayıtmaq istəməməsi kimi yalan təbliğatı yerli əhalinin ciddi narazılığına səbəb olub.
Əslində isə vəziyyət fərqlidir. Ata-baba yurdlarına qayıtmaq istəyən məcburi köçkünlər 30 il düşmən tapdağında qalan yurd-yuvalarına qovuşmaq üçün qarşılarına çəkilən səddləri yarmağın yollarını axtarır.
-Evimizə nə zaman qayıdacağıq?
-Minalanmış ərazilər yaşayış üçün təhlükəlidir deyirlər, insanlar üçün təhlükəli olduğu deyilən ərazilərdə texnikalar işləyir, əkin-biçin aparılır. Bu kimi bəhanələr absurd deyilmi?
-İşğaldan azad olunmuş ərazilərdə “yağmalanma” aparılır, salamat qalan evlər dağıdılır, sökülür, dəmir, taxta materialları işğal edilmiş ərazilərdən daşınır. Bu özbaşınalığın qarşısı nə zaman alınacaq?
Bu gün Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə bir qrup ictimai-siyasi xadim, ekspertlər, partiya rəhbərliyi iştirak edib.
Müsavat başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, başqanın müavini Razim Əmiraslanlı, konfliktoloq Elxan Mehdiyev, tədqiqatçı Nazim Vəlişov, Müsavat Partiyasının Məclis üzvləri Haqverdi Haqverdili, Çingiz Əli, Laçın rayon təşkilatın sədri Yavər Gülməmmədov, partiya üzvü olmayan məcburi köçkünlər çıxış edib, Qarabağa qayıdışla bağlı fikir mübadiləsi aparıb, hər kəsə maraqlı olan qaranlıq suallara cavab tapmağa çalışıblar.
Çıxışların xülasəsini təqdim edirik:
Arif Hacılı: 44 günlük müharibədən öncə cəmiyyətdə yanlış rəy formalaşdırılmışdı. Deyirdilər ki, guya xalq döyüş əzmində deyil, qan tökərək torpaqları işğaldan azad etmək istəmir. Ancaq 44 günlük savaşda gördük ki bu belə deyil, Azərbaycan xalqı öz tarixi torpaqlarını döyüşərək azad etmək əzmindədir. İndi isə qayıdışla bağlı oxşar fikir yaratmaq istəyirlər. Mənasız yerə sorğular keçirir, sübut etməyə çalışırlar ki, insanlar öz evlərinə qayıtmaq istəmir. Torpaq islahatlarından kənarda qalmış məcburi köçkünlərin hüquqları təmin olunmalıdır. İşğaldan azad olunmuş ərazilərdə aparılan infrastruktur layihələri, əkin-biçin, tikinti proseslərinin şəffalığı təmin edilməlidir. Kəndlərin birləşdirilməsi yerli əhalinin razılığı olmadan aparılmamalıdır. Müsavat məsələni daim gündəmdə saxlayacaq, ictimai müzakirələrin davamlı olması üçün, partiyanın Qarabağa qayıdışla bağlı əvvəldən hazırlanmış sənəd təkmilləşdirilərək cəmiyyətə təqdim ediləcək.
Razim Əmiraslanlı: Ölkəmizdə 780 minə yaxın məcburi köçkün var. Son 20 ildə on minlərlə ailəyə mənzil verilsə də, on minlərlə məcburi köçkün ailəsi hələ də yataqxanalarda, yarımçıq binalarda, uşaq baxçalarında, pansionatlarda qeyri-insani şəraitdə yaşayır. Hökümət isə məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına köçürülməsini təmin etmək üçün tələsmir. Belə çıxır ki, on minlərlə ailə on illərlə bax beləcə qeyri-insani şəraitdə yaşamalı olacaqlar. Hökümət məcburi köçkünlərinin sosial problemlərinin həllini, sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün onların qayıdışını təmin etməli və məskunlaşdırmanı sürətləndirməlidir.
Elxan Mehdiyev: Əhalinin öz yurd-yuvasına buraxılmamasını absurddur. Dəfələrlə öz ata yurduma qayıtmaq üçün Prezident Aparatına da müraciət etmişəm. Mənim doğma evimin yerləşdiyi Qubadlı rayon Göyərcik kəndi rayonun bütün kəndləri kimi yaşayış üçün təhlükəsizdir. Amma müraciətlərin xeyri olmayıb. İnsanlara kömək edə bilirlərsə etsinlər, verə bilirlərsə 20-30 min versinlər, köçkünlər evlərini təmir edib yaşasın. Yox, yardım etmək istəmirlər, köçkünlərin öz öhdəsinə buraxsınlar. Köçkünlər evlərini imkanları daxilində təmir etsinlər. Hakimiyyətin Qarabağa qayıdış proqramı, əslində qayıtmama proqramına çevrilib.
İsa Qəmbər: Dəfələrlə bu məsələni müzakirə etmək məqsədi ilə hakimiyyəti diskusiyalara dəvət etmişik. Lakin maraqlı deyillər. Hakimiyyət bu cür davranaraq məcburi köçkünlərin həvəsini, istəyini öldürməyə çalışır. Hakimiyyət ümumiyyətlə qayıdışa maraqlı deyil. Maraqlı olsaydı, müxalif partiyaların yetkililəri, ekspertləri, Qarabağdan olan icma üzvlərini yığb məsləhətləşmələr aparar, qayıdışı tezləşdirərdi. Problemi həll etmək üçün xüsusi komissiya yaradıb çıxış yolları axtarmaq lazımdır.
Dəyirmi Masa iştirakçıları Qarabağa qayıdış prosesin ləng getməsinin siyasi və hümanitar problemlər doğuracağı ilə bağlı narahatlıqlarını ifadə edib, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərinin şəfaflığını təmin edilməsinin zəruriliyini vurğulayıblar. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq istəməsi haqqında fikirin əsasız olduğunu qeyd edən tədbir iştirakçıları məcburi köçkünlərin mülkiyyət hüququnun təmin olunmasının vacibliyinə diqqət çəkiblər.
Könül Alı
Basta