Məişət zorakılığı ailədaxili məsələ deyil, gender problemidir: Araşdırma
Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları
Məişət zorakılığını aradan qaldırmaq istəyiriksə, bunun mövcud olduğunu etiraf etməkdən başlamalıyıq. Tanıdığımız hər dörd qadından biri 15 yaşından 20 yaşına qədər artıq indiki və ya keçmiş partnyoru, yaxınları tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır.
Məişət zorakılığı və cəmiyyət
Bütün dünyada mövcud olan, bizim cəmiyyətimizdən də yan keçməyən məişət zorakılığı “açılmasının zəruri olmadığı bir sirr, bağlı qapılar arxasında baş verən mərhəm bir şey” yalanını gerçək kimi qəbul etdiyimiz vaxtdan başlayır.
Hər an ətrafımızda (özümüzün,qonşu və qohumlarımızın evində) baş verən, hətta bəzən sükutla izlədiyimiz, lakin onun necə göründüyünü qiymətləndirmə zəhmətinə qatlanmadığımız faciəvi halın mənfi təsirini anlamırıq – şəxsimizə, doğmalarımıza, cəmiyyətə qarşı.
Qanunvericilik
Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildən qüvvədədir.
Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Qanuna görə, məişət zorakılığı – yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Beynəlxalq sənədlər
Avropa Məhkəməsi məişət zorakılığı ilə bağlı işlərə baxarkən Avropa Konvensiyanın müddəalarını şərh etmək üçün həm də BMT tərəfindən 18 dekabr 1979-cu il tarixli qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd olan “Qadınlara Münasibətdə Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında” Konvensiyanı (bundan sonra “CEDAW”) tətbiq edir. CEDAW müəyyən edir ki, “cinsi ayrı-seçkiliyə söykənən zorakılıq, qadının öz hüquq və azadlıqlarını kişilərlə bərabər şəkildə istifadə etmək qabiliyyətini ciddi şəkildə əngəlləyən bir ayrı-seçkilik formasıdır” və buna görə də CEDAW-ın 1-ci maddəsi bu ayrı-seçkiliyi qadağan edir.
Avropa Şurası tərəfindən 2014-cü ildə qəbul edilmiş “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyası (İstanbul Konvensiyası) qadınlara qarşı zorakılıqla mübarizə baxımından ilk beynəlxalq konvensiyadır.
Bu saziş hüquqi öhdəlik yaratdığından, iştirakçı dövlətlər qadınlara qarşı zorakılıq və məişət zorakılığı halları ilə bağlı adekvat tədbirlər görülməsini bir vəzifə olaraq qarşıya qoyur. Beləliklə, İstanbul Konvensiyasında təkcə zərərçəkənlərin pozulmuş hüquqlarının müdafiəsi deyil, eyni zamanda, qadınların zərərçəkmiş şəxsə çevrilməməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. İstanbul Konvensiyasının 3-cü maddəsinin b bəndinə əsasən, “ailədaxili zorakılıq” ailə və ya məişət daxilində, cinayətkarın və zərərçəkənin bir evdə birgə olub-olmamasından asılı olmayaraq keçmiş və ya indiki həyat yoldaşı və ya partnyoru arasında baş verən bütün fiziki, cinsi, psixoloji zorakılıq aktlarını və ya iqtisadi təhdidləri əhatə edir.
Azərbaycan rəsmiləri İstanbul Konvensiyasının qəbulunu məqbul saymır, qadın hüquqlarını müdafiə edənlər konvensiyanın zəruriliyini vurğulayırlar.
Reallığın dinamikası qanunların icra olunmadığını göstərir
Keys-1
Məişət zorakılığından əziyyət çəkən Nigar (ad şərtidir) öz hekayəsini danışır.
Danışdıqca keçirdiyi emosional anları yenidən yaşadığı hiss olunur. Əlləri, dodaqları titrəyir, özünü ağlamaqdan güclə saxlayır. (“Əgər çətindirsə burada saxlayaq” deyirəm, “yox yaxşıyam”, söyləyərək davam edir).
Nigar hər dəfə döyüləndə polisə şikayət etdiyini, lakin keçmiş ərinin cəzalandırılmadığını deyir. Bir dəfə məni ölümcül döydü. Bu dəfə onu həbs etdilər. Ancaq həyatım yenə təhlükədə idi. Keçmiş həyat yoldaşımdan canım qurtarsa da, qardaşı evimə gəlib məni döydü. Şikayət etdim, polis rüşvət alıb azad etdi.
Doğmaların məsələyə münasibəti ürəkaçan deyildi. Demək olar ki arxamda heç kim yox idi.
Anam “boşansan qapıma gəlmə, o evdən cəsədin çıxacaq”. Atam xəbərdarlıq edirdi ki, boşansan hamı əxlaqsız olduğunu düşünəcək. Qardaşım isə “itin-qurdun uşağına baxan deyilik, gözümə görünmə” deyirdi.
Bütün bunlara baxmayaraq boşandım.
-Ali təhsilli müəlliməyəm, heç kimə boyun əyməmək üçün küçə süpürdüm. Evim yox idi, kirayədə yaşadım, uşaqlarıma sahib çıxdım. Daha yaxşı qazanmaq, övladlarıma yaxşı təhsil, hüzurlu həyat qurmaq üçün çabalayıram. Bu həyatda istədiyim tək şey şiddətsiz, zorakılıqsız həyatdır. Çox çalışıram, əvəzində gecələr başımı yastığa qorxmadan qoymaq istəyirəm. Arxayın olmaq istəyirəm ki, gecəyarısı evə içkili vəziyyətdə gəlib məni döyən adam artıq yoxdur. Çətinliklə qısamüddətli order verdilər. Sonra minbir əziyyətlə uzunmüddətli order aldım.
Nigar iki övladının gözünün qarşısında döyüldüyünü deyir. Ərinin şiddətindən yaxa qurtarmaq üçün mühafizə orderi alıb. Amma deyir ki, bu mühafizə orderi onu keçmiş ərinin təqiblərindən qoruya bilmir.
-Daim məni izləyir, uşaqları məndən almaq üçün hər yola əl atacağı ilə hədələyir. O polisdən qorxmur. Deyir ki, arvad döyməyə görə iş vermirlər, çox olsa 15 gün yatıb çıxacam. Qanunlar məni qorumur. Qanun qorunmaq imkanı versə belə, qanunu icra edənlər qorumaqda həvəsli deyil.
Keys-2
Aygün artıq 5 ildir ki, boşanıb. Qızının 8 yaşı var. Küçə süpürərək övladını böyüdür.
Keçmiş həyat yoldaşı ikinci dəfə ailə qurub. İki övladı var, onları böyüdür. Məhkəmə qərarı ilə Aygünlə nigahdan olan övladına aliment müəyyən olunsa da, məhkəmənin verdiyi qərar icra olunmur.
Övladına aliment verməyən keçmiş ər rüşvət verərək məsuliyyətdən yayınır.
Məişət zorakılığı mediada
Az qala hər gün yerli KİV-lərdə qadın və uşaqların zorakılığa məruz qalması ilə bağlı məlumatlar dərc olunur. Qadın qətlləri ilə bağlı xəbərlər intensivdir. Adətən xəbər məqsədi ilə paylaşılan bu məlumatların təsir gücü hesablanmır, təqdimat qüsurlu olur. Seçilən başlıq və alt başlıqlar zorakılığa məruz qalmış qadını ittiham etməyə yönəlik olur, mənfi emossiyanı onun üstünə çəkir. Mahiyyətdən yayındırır, cinayət hadisəsini konteksdən çıxarır, qadını daha geniş auditoriyaya günahkar kimi təqdim edir.
Materiallarda istifadə olunan şiddət görüntüləri zorakılığın norma kimi qəbul olunmasına rəvac verir. Bu, naşılığın əlamətidir (qeyd: beynəlxalq standartlarda təqdimat üçün konkret görüntülərdən istifadə olunmur, məlumat haqda təsəvvür yaradan mesajların etiva olunduğu xüsusi postkardlar kifayətdir).
Medianın məişət zorakılığının qarşısını alınmasında rolu təşəbbüslərin birləşdirilməsindən keçir
Məişət zorakılığına media baxışı dəyişməli, bütün KİV-lərdə mövzunun həssaslığı nəzərə alınaraq ixtisaslaşmış jurnalistlər yetişdirilməlidir. Məişət zorakılığı adlanan, Azərbaycanda geniş yayılmış gender probleminin həlli üçün cəmiyyət və dövlət səy və təşəbbüslərini birləşdirməlidir.
Vətəndaş Cəmiyyəti maarifləndirmə layihələrini artırmalı, dövlət bu məsələ ilə bağlı birgə təşəbbüslərlə çıxış etməlidir. Jurnalistlərin “Məişət zorakılığı” ilə bağlı yazı bacarıqlarının artırılması üçün istiqamətlər müəyyən edilməli, təlimlər, kurslar keçirilərək sözdə deyil, əməldə jurnalistlərin maariflənməsinə nail olunmalıdır.
Mövzu ilə bağlı yazan jurnalistlərin yazı bacarıqlarının olmaması faktı mövcuddur, həssaslıq aşağı səviyyədədir.
Məhkəmələr məişət zorakılığı ilə bağlı bütün işlərə jurnalistləri dəvət etməli, bütün KİV-lər bu işlərlə bağlı öncədən məktub almalı, hər KİV bu sahədə ixtisaslaşmasını nəzərdə tutduğu əməkdaşını iclaslara göndərməlidir.
Bu iştirak junalistin məsələnin həssaslığını dərk edə bilməsi üçün əhəmiyyətli məqamı yaxalaya bilər. Dövlət Statistika Komitəsinin hesabatları ilə paralel olaraq, kölgə hesabatları hazırlanmalıdır ki, məhkəmə proseslərində iştirak edən media mənsubları məlumatları birinci mənbədən rahatlıqla ötürə bilmək imkanı əldə etsin. Bu, işin peşəkarlıqla görülməsinə təkan verər, üstəlik cəmiyyətə də faydalı olar. Bu metod demokratik idarəetməyə iddialı olan dövlətlər və cəmiyyətlər üçün buzqıran gəmi kimidir. Dolayısı ilə cəmiyyətə açılan məhkəmələrin hesabatlılığı və şəffaflığı üçün vasitədir.
Məişət zorakılığının cəmiyyətə mənfi təsirini nəzərə alan və qarşısını almaq istəyən dövlətlər bunu etməlidir. Bəziləri edir, bir çoxları etməyə hazırlaşır, yaxud bu istiqamətdə işlər görür.
The Guardianda dərc olunan araşdırmadan da aydın olur ki, məhkəmə-hüquq sistemində şəffaflığın artırılması məqsədi ilə çoxdan gözlənilən bu pilot layihə artıq İngiltərə və Uelsin üç yerində məhkəmələri jurnalistlərin üzünə açmağı planlayır.
Yuxarıda qeyd etdiyimiz kimi kölgə hesabatlarının hazırlanmasında məhdudiyyətlərin aradan qaldırılması üçün vacib olan layihə problemlərin həll edilməsi istiqamətində ilkin indiqator rolunu oynaya bilər.
Araşdırmalara görə, jurnalistlərin buraxılmadığı məhkəmələrdə hakimin zərərçəkənlərə təhqiramiz və yaxud kobud davranışlarının olduğu deyilib. Jurnalistlərin müşahidə etdiyi iclasda bu davranışı sərgiləməyə cəsarət edən hakim az tapılar. Bağlı məhkəmə qapıları arxasında baş verənlərdən xəbərdar olmaq cəmiyyətin haqqıdır. Jurnalist bağlı qapılara açar ola bilər. Məhkəmə zalları mediaya açıq olarsa, şəffaflığı təmin etmək mümkündür. Şəffaf aparılan proseslər cinayət törədən zorakı şəxsin ədalətdən yayınmasının birbaşa qarşısını alacaq.
Əks reaksiya
Fundamental insan haqqlarının bir hissəsi olan qadın haqları hansı cəmiyyətlərdə təmin olunursa, onlar daim inkişaf edir. Bütün dəyişikliklərin təməli və öncülləri qadınlardır. Qadınlara qarşı zorakı olan heç bir cəmiyyət sağlam təməlli və dinamik ola bilmir.
Problemin dərindən öyrənilməsi və ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə “Fərdə qarşı zorakılıq” adlı xüsusi sorğu keçirilib. Respondentlərin böyük əksəriyyəti (79%) zorakılığa qarşı daha çox məruz qalan qurban kimi qadınları, 18% – uşaqları və yalnız 3%-i yaşlı insanları göstərib.
Gender bərabərliyi mövzusu müzakirə olunarkən kişilərin aqressiyası sırf bu səbəbdən anlaşılandır. Daha çox məişət zorakılığına məruz qalanlar qadınlardır. Təsadüfi deyil ki, gender bərabərliyi təmin olunsun deyiləndə kişilər etiraz edir, demokratik olmayan cəmiyyətlərdə qadın hüquqlarının qabardılmasının yersiz olduğunu bildirirlər.
Patrialxal cəmiyyətdə hegemonluğu əldən vermək istəməyən kişilər qadınların hüquqlarından xəbərdar olmalarını arzu etmir, həm iqtisadi, həm hüquqi baxımdan güclənməsindən narahat olurlar.
Buna baxmayaraq gender bərabərliyi dövrün tələbinə çevrilib. Məişət zorakılığı gender əsaslı zorakılıq olduğu üçün bərabər şərtlərdə bərabər hüquqlardan danışırıqsa, gender bərabərsizliyi məişətdə və sosial həyatda aradan qaldırılmalıdır. Qadınlar azad və təhlükəsiz yaşamaq haqlarına sahib olmalıdır.
Riskləri artırmaq və ya azaltmaq üçün bir-biri ilə bağlı olan fərd, ailə, cəmiyyət təsiri güclü olan amilləri nəzərə alınmalıdır. Risklərin bəziləri zorakılıq törədənlərlə, bəziləri zorakılıqla üzləşənlərlə, bəziləri isə hər ikisi ilə əlaqəlidir.
- təhsilin aşağı səviyyəsi (məişət zorakılığına məruz qalmaq üçün əsas səbəb olmasa da, səbəblərdən birirdir);
- şəxsiyyət pozğunluğu(şiddətə meyilli partnyor), o cümlədən zorakılığa göz yuman çevrə
- kişilərə daha yüksək status, qadınlara isə aşağı status verən və ya imtiyaz verən cəmiyyət normaları;
- qadınların ödənişli işə cəlb olunma səviyyəsinin aşağı olması;
- gender bərabərliyinin aşağı səviyyəsi (ayrı-seçkilik qanunları və s.);
- mövcud qanunların icra edilməməsi;
- qanunvericildikə zamanın tələblərinə və reallığa uyğun yeniliklərin(əlavə və dəyişikliklərin) aparılmaması;
Araşdırmalar göstərir ki, qadınlara qarşı zorakılığa cəmiyyətlərin və dövlətlərin etinasız münasibəti gender bərabərsizliyinin bu günə qədər davam etməsinə rəvac verib.
Gender bərabərliyinin tam təmin olunması üçün azı 30 ildən çox zaman keçilməlidir, deyilsə də, zorakılığa qarşı sistemli mübarizə fasiləsiz davam etməlidir. Məişət zorakılığının normaya çevrilməsinə imkan verməmək üçün insan hüquqlarının təmin olunmasını fəaliyyətində prioritet edənlər məsələnin həssaslığını nəzərə almalıdır.
Bu günə qədər aparılan işləri kənara qoyub, “Azərbaycan Dövlət Statistika Komitəsi yalan məlumatlar toplusu təqdim edən qurumdur, əsaslı statistika aparılmadan, təhrif olunmuş məlumatlar yayır” mifini qırmaq, sistemli və həqiqəti əks etdirən rəqəmlər təqdim etmək lazımdır. Problemin kökündən həll olunması üçün səy və siyasi iradə olarsa məqsədə çatmaq mümkündür.
Problemin miqyası müəyyənləşəndən, həlli istiqamətində konkret addımlar atdıqdan sonra inkişafdan danışmağa dəyər.
Məqalə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin Avropa İttifaqının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.
Könül Alı
Basta