“Bombardman şiddətini artırmaqda idi… İsa Qəmbər dedi ki, sən get mən qalıram”
Bir xalqın doğuşunun xatirələri – Paulo Lembo
.
Bu, dünyada ən böyük qaçqın problemlərindən biri olmuşdu: hardasa 7 milyon əhalisi olan bir ölkədə təxminən 1 milyon qaçqın. Müəyyən bir vaxt ərzində hərbi əməliyyatlar getdikcə daha çox şiddətlənmişdi və Azərbaycan xeyli torpaq sahəsi itirməyə davam edirdi. Füzuli ağır bombardman altında (1993-cü ilin yazı), azərbaycanlılar geri çəkilməkdə idi. Ən çətin vaxtların birində, özü də əslən Füzulidən olan parlamentin spikeri İsa Qəmbər ön xəttə getməyə və sona qədər orada qalmağa qərar verdi. Mən də onu izləmək qərarına gəldim. Hadisələr daha böyük bir humanitar fəlakətin yaşanacağını göstərirdi. Mən ön xəttə çatdığımda, bir neçə gün ağır top atəşinə tutulduğu üçün sakinlər artıq evakuasiya edilmişdi. Qoşunlar dəyişdirilirdi. Bakıdan yeni ordu bölmələri göndərilirdi. Biz ön cəbhəyə yaxınlaşan vaxtda döyüş bölgəsindən dönən ordunu daşıyan hərbi maşın kolonlarının yanından keçirdik. Müdafiə Nazirliyi tərəfindən verilən bizim hərbi müşayiətçi maşını çox sürətlə sürürdü.
Biz yaxınlaşdıqca, bombaların səsi daha da şiddətlənirdi. Hər dəfə bir hərbi maşının yanından keçdikcə, mən onun içindəki gənc əsgərlərin üzlərindəki ifadəyə nəzər salırdım. Mən bu əsgərlərin çox cavan olmasından və üzlərindəki soyuqqanlı, dəyişməz ifadədən heyrətə gəlmişdim. Elə görünürdü ki, sanki həyat onları “nokauta salıb”. Onların yetkinliyə xas üz ifadələri ilə yeniyetmə üzlərindəki mülayim cizgilər arasında valehedici bir fərq vardı. Onların üzləri qorxunu və əzabı göstərmirdi; onlar bütün emosiyalardan yoxsul görünürdülər – bir insanın uzun müddət davamlı ölüm qorxusu altında yaşadığında üzərinə çökən keylik hissi kimi.
Sonuncu yoxlama məntəqəsini də keçdikdən sonra, biz demək olar ki, tamamilə dağıdılmış kiçik bir qarnizona çatdıq. Bu ağır silahlarla təchiz olunmuş bir batalyon tərəfindən qorunurdu. Artıq bu vaxtlar güclü bombardmanın partladıcı səsi tez-tez eşidilirdi. Yer vaxtaşırı silkələnirdi. Qapı spikerin cangüdəni tərəfindən yavaşca açıldı. Mən kiçik daş-kəsək və tozla dolu bir balaca otağa daxil oldum. İsa Qəmbər otaqda bir adi mətbəx stulunda təkcə oturmuşdu. Onun önündəki bir boş oturacaq otaqda var olan yeganə başqa mebel parçasıydı. O təraşsız və olduqca solğun idi, amma gözləri hər zaman onları gördüyüm qədərki kimi hələ də güclü idi. Onun duruşu ləyaqət hissi aşılayırdı. Tarixi şərtlər həmin vaxt o vəziyyətdə artıq qərarlaşdırılmış kimi görünsə də, o, taleni inkar etməkdə qətiyyətli görünürdü. O qara, tozlu bir gödəkcə geyinmişdi, qalstuksuz idi. Kül və siqaret kötükləriylə dolu bir külqabı masanın üzərində olan yeganə şey idi. Mən onunla əl sıxaraq görüşdüm, oturdum və heç nə demədən gözləməyə başladım. “Bura Azərbaycanın ən gözəl yerlərindən biri idi”, – deyərək o, sözə başladı. “Yazda təpələrin rəngi yabani çiçəklərlə birlikdə qızılı olur; günbatımında təpələr buludların və səmanın rəngindən asılı olaraq yavaş-yavaş üfüqdə yoxa çıxacaq”.
Uzun bir pauzadan sonra, o qəfil düz gözlərimin içinə baxaraq soruşdu: “Sən niyə gəlmisən?”. Bizim bir saatlıq görüşümüz oldu orada. Mən vəziyyətin ciddiliyini başa düşməyə başlamışdım: qoşunlar böyük ehtimalla ərazi üzərində nəzarəti çox uzun saxlaya bilməyəcəkdilər. Bombardman şiddətini artırmaqda idi.
İsa Qəmbər soyuqqanlı bir şəkildə siqaret çəkməyə davam edirdi. O sakit və yavaş siqaret çəkirdi. Onun səsi qəti və sakit idi. Bir dəfə belə olsun, o qorxu, yaxud narahatlıq əlaməti göstərmədi. Ancaq onun yorğun gözləri xalqının, xatirələrinin və həyatının məxsus olduğu torpağı qoruya bilməməyin hiss etdirdiyi hədsiz ağrı və əsəbi gizlədə bilmirdi. Bu vaxt yaxınlıqda bir bomba partladı. Torpaq şiddətli şəkildə silkələndi, pəncərələr ciliklənib töküldü.
“Sənin üçün getmək vaxtıdır”, – İsa Qəmbər dedi. “İstənilən vaxt buraya bir bomba düşə bilər. Beynəlxalq ictimaiyyəti bu qırğını dayandırmaq üçün inandırmağın burada qalıb mənimlə birlikdə bu qarnizonda ölməkdən daha böyük qəhrəmanlıq olacaq.”Qapı qəfil açıldı, məni müşaiyət edən həmin cangüdən burada qalmağın artıq bizim üçün təhlükəsiz olmayacağını dedi. Bizə tezliklə Bakıya qayıtmalı olduğumuz bildirildi. İsa Qəmbər ayağa qalxdı və mənə tərəf gəldi. O yavaş hərəkətlə əlini uzatdı və əlimi bərk-bərk sıxdı. Əlavə deməyə heç bir söz yox idi.Oranı tərk edərkən, diqqət etdim ki, İsa Qəmbər stola qayıdanda son siqaretini yandırmaq üzrəykən kibrit qutusunun boş olduğunu gördü.
Paolo Lembo,
BMT-nin Azərbaycandakı ilk Rezident-Əlaqələndiricisi