Hürriyyət, istiqlal yolunun yolbayı – 110 İLLİK MÜSAVAT
Almaz Əliqızı
Filologiya elmləri doktoru, professor,
Müsavat Partiyasının Divan üzvü
Məhəmməd Əmin Rəsulzadə hələ Türkiyədə olarkən dəfələrlə dostlarına bildirmişdi ki, mütləq siyasi bir partiya yaratmaq lazımdır və vacibdir. Beləliklə, Rəsulzadə və onun yaxın silahdaşları 1911-ci ildə «Müsəlman demokratik «Müsavat» partiyası»nın əsasını qoyurlar və çox çəkmir ki, Rəsulzadə partiyanın rəhbəri olur.
«Müsavat» partiyası XX əsrin əvvəllərində Azərbaycanda gedən proseslərin nəticəsi kimi, xalqın milli ehtiyaclarını əks etdirən tarixi zərurət kimi meydana gəldi.
Yarandığı gündən «Müsavat» partiyası Azərbaycanda və bütövlükdə Qafqazda gedən siyasi proseslərin önündə getmiş, Azərbaycanın İstiqlal bəyannaməsinin elan edilməsində həlledici rola malik olmuşdur. Yarandığı gündən digər partiyalardan fərqli olaraq «Müsavat» partiyası Azərbaycanın müstəqilliyi və dövlətçiliyi uğrunda həmişə mübarizə aparmış, Azərbaycanın hər hansı bir dövlətə ilhaqına qarşı olmuş, xalqın ruhundan yaranan bir siyasi təşkilat olaraq milli və mənəvi dəyərləri həmişə bütün siyasi qərarların qəbul edilməsində önə çəkmişdir.
Böyük məhrumiyyətlərə, hər cür sıxıntı və çətinliklərə baxmayaraq, ardıcıl və məkrli siyasi təqiblər nə «Müsavat»ı, nə də onun lideri M.Ə.Rəsulzadəni usandıra bilmədi. Türk tarixçisi Tahir Sünbüloğlunun 1990-cı ildə Ankarada nəşr olunmuş «Azərbaycan dosyası» adlı əsərində millətimizin siyasi şüurunun formalaşması, millət olaraq öz hüquqları uğrunda mübarizə aparmasını «Müsavat»ın adıyla bağlayır. Digər tarixçi alim Ehsan İlqar isə «Rusiyada birinci müsəlman konqresi» kitabında Rusiyada yaşayan müsəlman xalqları haqqında, onların siyasi oyanışı haqqında geniş məlumat verir. Maraqlısı odur ki, tarixçi alim M.Ə.Rəsulzadənin həmin konqresdəki çıxışını digər çıxışlardan fərqli olaraq tam halda vermişdir. Çünki, həmin konqresdə çıxış edənlərin hamısı müsəlman xalqlarına mədəni muxtariyyət deyil, milli-ərazi muxtariyyəti məsələsini irəli sürür və təkid edirdi.
ABŞ alimi Tadueş Svyatoxovskinin «Rus Azərbaycanı 1905-1920-ci illərdə Müsəlman cəmiyyətində milli birliyin yaranması» adlı əsərində qiymətli materiallar vardır. Əsərdə Müsavat Partiyasının yaradılması, onun proqramları təhlil edilmiş, partiyanın Zaqafqaziya Seyminin yaradılmasında həlledici rolu göstərilmişdir. Azərbaycanın istiqlal bəyannaməsinin elan edilməsi, Müsavat Partiyası üzvlərinin həm parlamentdə, həm də təşkil olunan hökumət kabinetlərində iştirakı haqqında əsərdə zəngin məlumatlar vardır. Eyni zamanda əsərdə Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı geniş şərh edilmişdir.
Göründüyü kimi həm yerli, həm də dünya alimlərinin də qeyd etdikləri kimi M.Ə.Rəsulzadənin və onun başqanı olduğu «Müsavat» partiyasının Azərbaycan xalqının taleyində oynadığı əvəzsiz və müstəsna rol bir daha təsdiq edilməkdədir.
Çar Rusiyasında Qafqaz müsəlmanı, yaxud «tatar» deyə çağırılan xalqın adının türk olduğunu ilk dəfə M.Ə.Rəsulzadə sübut edir. Məhz bu ildən, yəni 1915-ci ildən başlayaraq Rəsulzadə «ümmət» və ümmətlilik dövrünü qapayır, milliyyət, türk millətçiliyi dövrünün başlandığını bir daha bəyan edir. «Açıq söz» qəzeti əslində o vaxt gizli fəaliyyət göstərən «Müsavat» partiyasının orqanı idi, bu partiyanın məqsəd və məramını, siyasi xəttini, tutduğu mübarizə yolunu göstərməkdə önəmli rol oynayırdı.
1917-ci ildə baş vermiş fevral burjua inqilabı zor və qılınc gücünə Rus imperiyası daxilində əriməyə məhkum edilmiş xalqlarda öz dövlətlərini yaratmaq istəyini gücləndirdi. Bu sahədə «Açıq söz» qəzetinin səhifələrində yazılmış məqalələr xalqın maariflənməsi yolunda misilsiz işlər gördü. Fevral burjua inqilabından bir qədər sonra Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında çıxış edən M.Ə.Rəsulzadə ilk dəfə olaraq Rusiyanı federativ şəkildə qurmaq məsələsini gündəmə gətirdi.
Qeyd etmək lazımdır ki, Rusiyanı federativ şəkildə qurmaq məsələsi ilk dəfə idi ki, ciddi şəkildə gündəmə gəlirdi. Qurultay Rəsulzadənin təklifini qəbul etdi. Məhz həmin illərdə ictimai-siyasi prosesləri və xalqın böyük əksəriyyətinin arzu və istəyini nəzərə alan mütəfəkkir «Cəmaət idarəsi», «Bizə hansı hökumət faydalıdır?» kitablarını çap etdirir. Rəsulzadə bu əsərlərində Rusiyanı federativ formada qurmaq üçün əraziləri təxmini olaraq Türk-tatarlığı, Türküstan, Azərbaycan-Dağıstan, Qazaxıstan və Başqırdıstan ərazi bölgüsünü təklif edir. Çox çəkmir ki, Rəsulzadənin təklifi və yaxından iştirakı ilə «Müsəlman Demokratik «Müsavat» Partiyası» ilə «Türk Ədəm Mərkəziyyət» Partiyası birləşib «Türk Ədəm Mərkəziyyət» Partiyası «Müsavat»ın yaranması ilə siyasi proseslərdə sanki bir canlanma baş verir. Belə ki, «Müsavat» partiyası və onun ölümsüz və şəriksiz lideri M.Ə.Rəsulzadə yeni situasiyanın yarandığını görərək siyasi prosesləri sürətləndirmək üçün bu vaxta qədər görünməmiş siyasi və taktiki gediş edir. Partiya nəinki Azərbaycanın bütün regionlarında, Rusiyanın Stavropol, Həştərxan, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, habelə Türküstanın mərkəzi sayılan Daşkənddə, Cənubi Azərbaycanın Təbriz şəhəri də daxil olmaqla demək olar ki, bütün şəhər və bölgələrində, İranın Gilan vilayətinin paytaxtı Rəştdə, Türkiyənin paytaxtı İstanbulda və əyalətlərində həmçinin bir sıra bölgələrində partiyanın şöbələri yaranır. Bu isə nəinki Şərqdə və türk dünyasında, hətta dünya tarixində də misli bərabəri olmayan bir hadisə idi. Bir siyasi təşkilatın bu qədər böyük bir ərazini əhatə edə bilməsi, hətta yaxın və uzaq xarici belə əhatə dairəsinə ala bilməsi böyük şəxsiyyət, şəriksiz lider, uzaqgörən və peşəkar siyasətçi, milli ideologiyamızın təməl daşlarını qoyan, bənzərsiz şəxsiyyət M.Ə.Rəsulzadənin siyasi uzaqgörənliyinin, siyasi fəhminin, bacarıq və istedadının və Müsavat partiyasının böyük zəhməti nəticəsində baş verdi. 1917-ci il oktyabrın 26-dan oktyabrın 31-ə qədər davam edən və 500 nümayəndənin qatıldığı təntənəli birləşdirici qurultay Məhəmməd Əmin Rəsulzadəni sədr seçdi. Məhz bu qurultaydan sonra Bütün Azərbaycanda «Azərbaycana muxtariyyət» adı altında böyük bir hərəkat başlandı. Həmin müddət Azərbaycan tarixinə «Milli Azərbaycan hərəkatı» kimi daxil oldu. M.Ə.Rəsulzadənin yaxın silahdaşı Mirzəbala Məmmədzadənin «Milli Azərbaycan hərəkatına bir baxış» adlı monumental əsərində həmin dövrün hadisələri özünün parlaq ifadəsini tapır.
Rəsulzadə 1917-ci ildə Rusiya parlamentinə Azərbaycan və Türküstanın millət vəkili seçilir. Həmin zaman Zaqafqaziya seymi daxili çəkişmələr və fraksiyalararası mübarizə nəticəsində dağılır və müsəlman partiyaları birləşərək Azərbaycan Milli Şurasını yaradırlar. M.Ə.Rəsulzadə isə səs çoxluğu ilə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də isə bütün ölkələrin radiostansiyaları Azərbaycan istiqlaliyyətinin elan olduğu xəbərini verirlər.
M.Ə.Rəsulzadə Müstəqillik elan ediləndən təxminən 20 gün sonra Milli Şuranın iclasında alovlu bir nitq söyləyir.
Əfsuslar olsun ki, min bir əziyyətlə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə vəhşi və qaniçməyə adətkərdə olmuş rus ordusu tərəfindən süquta yetdi və Rəsulzadə aprel hadisələrindən sonra həbs olundu. Bundan sonrakı dövr Rəsulzadənin mühacirət dövrü başlayır. Lakin bütün mənbələr, xüsusilə Əbdülvahab Yurdsevərin xatirəsindən bir daha aydın olur ki, Rəsulzadənin qaçırılması, mühacirətə getməsi Müsavat partiyasının ən doğru qərarı idi. Rəsulzadə mühacirət dövründə də Azərbaycan istiqlalının mütləq qələbə çalacağına inanırdı. Çünki onun səpdiyi toxumlar mütləq cücərəcəkdi. Çünki yaratdığı Müsavat Partiyası milli məfkurənin, Müsavatçılıq ideologiyasının öləziməsinə imkan vermədi.
Türk-müsəlman dünyasında ilk demokratik və ən qocaman partiya olan Müsavatın 110 illik yubileyi tək Şimallı Cənublu Azərbaycanın deyil, bütün türk dünyasının, dünyanın dörd bir yanına səpələnmiş Vətən övladlarının hamısı üçün qürur və şərəf mənbəyidir. Bir əsrlik tarixi olan Müsavat və müsavatçılıq ideologiyası tarixdə elə bir iz qoydu ki, onu sevənlər, ona tapınanlar onun işığına yığışdıqları, onun uğrunda canlarından belə keçməyə hazır olduqları üçün xalqın qan yaddaşında ədəbi iz qoydular. Ona naxələflik edənlər, ona düşmən kəsilənlər də tarixdə qaldı. Ancaq necə?! Millətə qənim kəsilənlər, milli kökdən ayrılanlar, ləyaqətsizlik və şərəfsizlik simvolu kimi.
Bu təşkilat mövcud olduğu 110 ildə ən çətin məqamlarda, ən mürəkkəb dönəmlərdə həmişə xalqla birlikdə oldu, millət, Vətən və xalq mənafeyini demokratik dəyərlərlə paralel apardı.
Müsavat partiyası əsrin bütün keşməkeşlərindən və burulğanlarından ona görə ləyaqətlə çıxdı ki, onun başında M.Ə.Rəsulzadə kimi fenomen bir şəxsiyyət durmuşdu. Bu gün böyük və şərəfli yolu ləyaqətlə davam etdirənlər böyük öndər Rəsulzadənin təməlini qoyduğu «Müsavat» partiyasında toplaşıblar.
Nə həbslər, nə «çörəklə imtahana çəkilmə», nə də amansız təqiblər böyük məslək sahibi olan bu insanları tutduqları yoldan çəkindirmədi. Millətimizə milli istiqlalı verən, Şərqdə ilk demokratik Cümhuriyyəti quran, 70 ildən sonra Cümhuriyyətin yenidən bərpa olunmasında ən önəmli sırada olan «Müsavat» partiyası bu gün də dimdik ayaq üstündədir. İnanırıq ki, o Güneyli-Quzeyli Bütöv, Demokratik Azərbaycanın qurulmasında da uca millətimizin yanında və önündə olacaq.
Basta