Müsavatın seçki platforması: Azadlıq Ədalət Hüquqi Dövlət!

Müsavat Partiyası seçki platformasını təqdim edib.

Əziz həmvətənlər!

Hörmətli xanımlar və bəylər!

Bildiyiniz kimi Müsavat Partiyası Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərdə qeydə alınmış 25 namizədi ilə iştirak edir.
Namizədlərimizin öz seçki dairələri üzrə ayrıca seçki platformaları var ki, tezliklə həmin dairələrin seçicilərinə təqdim olunacaq.
Ümumi şüarımız, bu seçkilətdə xalqa əsas mesajımız:
AZADLIQ ƏDALƏT HÜQUQİ DÖVLƏT !
olacaq.
Müsavat Partiyasının arzusunda olduğumuz Azərbaycanın dövlət qyruculuğu və inkişafı üçün nəzərdə tutulan konkpet ptoqramı var. Bu proqrama əsaslanan seçki platformamızı sizə təqdim edirik.

Azadlıq, Ədalət, Hüquqi dövlət!

MÜSAVAT PARTİYASININ SEÇKİ PLATFORMASI

Müsavat Partiyası liberal demokratik milli məfkurəyə əsaslanan, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, Cümhuriyyət dəyərlərini bərpa etmək uğrunda mübarizə aparan sağ mərkəzçi partiyadır.
Əsas prioritetlərimiz istiqlalımızın qorunub saxlanması, ərazi bütövlüyümüz, qanunun aliliyi, insan haqlarının, vicdan azadlığının təmin edilməsi, xalqımızın firavanlığıdır.
Bütün sahələrdə bərabər imkanlar tərəfdarı olan Müsavat Partiyası azad və ədalətli seçkiləri ümummilli məsələ hesab edir. Yalnız xalqın iradəsi ilə formalaşan hakimiyyət qarşımızda duran bütün problemlərin həllinə nail ola bilər.
Müsavat xalqın iradəsi ilə iqtidar partiyası olarsa Azərbaycanı Seçki Platfomamızda göstərdiyimiz kimi dəyişmək, ölkəmizi dünya birliyinin inkişaf etmiş, hörmətlə yanaşılan, vətəndaşlarının qürurla və xoşbəxt yaşadığı dövlətlərindən birinə çevrilməsi arzularımız gerçək olacaq.

Müsavat Partiyasının hakimiyyəti dövründə:

1. Ədalət bərpa olunacaq

Ölkədə gerçək hakimiyyət bölgüsü həyata keçiriləcək. Vətəndaşların qanuni hüquqlarını və mülkiyyətini qoruyan azad məhkəmə sistemi yaradılacaq.
Müstəqil və ədalətli məhkəmə sisteminin yaradılması hökumətin başlıca vəzifələrindən biri olacaq. Çünki, belə məhkəmə sisteminin yoxluğu şəraitində Konstitusiya və qanunlar mahiyyətini itirir, bazar iqtisadiyyatı və özünüidarə institutları iflic olur.
Azad məhkəmələrin olmadığı ölkədə hüquqi dövlətin, azad iqtisadiyyatın, demokratik cəmiyyətin mövcudluğu mümkün deyil.
Müsavat Partiyası hesab edir ki, repressiyalar yolu ilə ölkədə stabillik yaratmaq siyasəti ölkənin inkişafı, əhalinin firavanlığı yolunda ən ciddi əngəllərdən biridir.
Odur ki, ədalət və demokratiya, hüququn aliliyi prinsipi bizim quracağımız dövlətin əsas prioriteti olacaq.
Ədalətin bərpası, milli barış naminə atacağımız ilk addımlardan biri son otuz bir ildə ədalətsiz mühakimə olunmuş dustaqlar üçün veriləcək amnistiya – “Qızıl Amnistiya”- olacaq.

II. Dövlət quruculuğu

Prezident idarəçiliyindən parlament respublikasına keçid təmin olunacaq.
Müsavat Partiyası ölkənin prezident idarəçiliyindən parlament respublikasına keçməsilə bağlı siyasi qüvvələrlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə ciddi müzakirələr aparacaq.
Müsavat Partiyası parlament seçkilərində qarışıq sistemin (majoritar-proporsional) tətbiq edilməsi, parlament üzvlərinin sayının artırılmasının tərəfdarıdır.
Prezident idarəçiliyindən parlament respublikasına keçid təmin olunduqdan sonra ölkədə parlament demokratiyası inkişaf etdiriləcək, cəmiyyət parlament çoxluğundan asılı durumda olmayacaq, hökumət üzvləri vaxtaşırı parlament qarşısında hesabat verəcək, deputatların suallarını mahiyyəti üzrə cavablandıracaqlar. Müxalifətin hökumətin fəaliyyətilə bağlı qaldırdığı məsələlər müəyyən prosedurlara uyğun olaraq müzakirəyə çıxarılacaq. Parlamentdə dövlət resurslarının xərclənmələrinə nəzarət edən komitədə müxalifət nümayəndələrinin təmsilçiliyi təmin ediləcək.
Vətəndaşlarının siyasi proseslərdə iştirak azadlığı təmin ediləcək
Seçkilərin azad və ədalətli kecirilməsinə, hakimiyyət bölgüsünə xüsusi diqqət yetiriləcək. Bütün siyasi qüvvələr dövlət kütləvi informasiya vasitələrindən bərabər şəkildə istifadə edəcəklər. Demokratik sistem müxalifətsiz mövcud ola bilməz. Avropa standartlarına uyğun Seçki Məcəlləsi qəbul ediləcək, seçkilərin saxtalaşdırılması ağır cinayət hesab olunacaq.
Siyasi partiyaların, ictimai birliklərin, xeyriyyəçilik fondlarının, biznes assosiasiyalarının, müstəqil həmkarlar təşkilatlarının qeydiyyatı və fəaliyyəti yolundakı bütün əngəllər aradan qaldırılacaq, dövlət onlara dəstək verəcək. Siyasi partiyalar və müstəqil ictimai təşkilatların rolu artırılacaq, onlar hökumət fəaliyyətinə parlament və ictimai nəzarətin yaradılması prosesinə cəlb ediləcək.

Gerçək yerli özünüidarəetmə sistemi yaradılacaq.
Bələdiyyələr və digər seçkili qurumlar regionlarda başlıca yerli idarəetmə institutlarına çevriləcək.
Biz geniş şəkildə yerli özünüidarçiliyin tərəfdarıyıq və bələdiyyələrin “Yerli idarəçiliklə bağlı Avropa xartiyası”nın tələblərinə uyğun hüquqlar və mülkiyyətlə təmin olunması üçün lazım olan hər şey ediləcək.
-İdarəetmədə paralellik aradan qaldırılacaq.
-Yerli özünüidarəetmə sistemi yuxarıdan aşağıya idarəetmə mexanizminin əksi olaraq aşağıdan yuxarıya doğru qurulacaq.
-yerlərdə vətəndaşların özlərinin müstəqil şəkildə qərarvermə, idarəetmə məsələləri önə çıxacaq. Bələdiyyələrin sayının azaldılması, birləşdirilməsi kimi məsələlər rəy sorğusu keçirilərək, bələdiyyə üzvlərinin, xalqın iştirakı ilə müzakirə olunaraq həll ediləcək.
-bələdiyyələr iriləşdirilərək azı 5 min əhalini əhatə edən ərazilərdə yerli bələdiyyələr yaradılacaq.
-bələdiyyələrin gücləndirilməsinə əksmərkəzləşmə islahatları keçirilərək nail olunacaq.
Əksmərkəzləşmə islahatları mərkəzi hökümətin səlahiyyətlərinin məhdudlaşdırılması, daha çox öz gücünü yerli özünüidarəetmə ilə, vətəndaşın özü ilə paylaşmağı nəzərdə tutur. Bizim hökümətimiz yüksək mərkəzi güc üzərində qurulan yerli özünüidarənin səlahiyyətlərini sahiblərinə qaytaracaq.

-kəndlərdə içməli su, suvarma suyu, yol problemi, sosial infrastrukturun saxlanılması, məktəb, tibb məntəqəsi tikintisi kimi məsələlərin həlli bələdiyyələrin ixtiyarına veriləcək. Bələdiyyələrin bu problemləri həll etməsi üçün zəruri olan maliyyə müəyyənləşərək gərəkli büdcə yaradılacaq.
Bələdiyyə büdcəsinin yaradılmasına bir neçə formada şərait yaradılacaq.
1. Ərazi hakimiyyət orqanlarının rəhbərləri yerli əhali tərəfindən seçiləcək.
2.Dövlət büdcəsindən bələdiyyələrin infrastruktur layihələrini həyata keçirməsinə vəsait ayrılacaq. Bu layihələr də dövlət layihələrinin sırasında qeydiyyata alınaraq maliyyələşəcək.
Biz həmçinin, kəndlərdə və qəsəbələrdə icra nümayəndəliklərinin ləğv edilməsinin, rayon və şəhər icra strukturlarının yerli sakinlər tərəfindən seçilməsi və onların hərtərəfli siyasi və ictimai nəzarət altında fəaliyyət göstərmələrinin tərəfdarıyıq.
Bakı meri və əhalisinin sayı 20 mindən çox olan digər şəhərlərin merləri şəhər əhalisi tərəfindən seçiləcək.

Yaxşı idarəetmə olacaq
Pis idarəçilikdən düzgün idarəetməyə keçidə nail olunacaq.
Xalqın iradəsiylə formalaşmayan, bir-birinə nəzarət edən müstəqil hakimiyyət qolları olmadan ədalətdən, səmərəli demokratik sistemdən danışmaq olmaz. Demokratik sistemin səmərəli fəaliyyəti üçün əsas şərtlərdən biri kimi dövlət idarəetmə institutları ictimai nəzarət altında olacaq, söz, mətbuat və ifadə, sərbəst toplaşma azadlıqları tam şəkildə təmin olunacaq, bu sahədə qanunlar demokratikləşdiriləcək.

İslahatların keçirilməsinə nəzarət edən nüfuzlu dövlət agentliyindən əlavə “İslahatlar üzrə İctimai Şura” yaradılacaq. Bu şurada ölkənin inkişafına töhfə vermək istəyən mütəxəssislər, iş adamları, vətəndaş cəmiyyətinin təmsilçiləri və başqaları iştirak edə biləcəklər.
Bütün hakimiyyət strukturlarının azad və ədalətli seçkilər yolu ilə formalaşması təmin ediləcək.

Korrupsiyaya qarşı gerçək mübarizə hökümətin əsas hədəflərindən biri olacaq.
Hərtərəfli işlənib hazırlanmış yeni Antikorrupsiya Strategiyası qəbul ediləcək. Bu strategiyanın əsasını qanunun aliliyi və həm siyasi, həm də mülkü cəmiyyətlər tərəfindən hökumət qərarlarına opponentlik etmək üçün qurumların yaradılması təşkil edəcək. Yeni Antikorrupsiya Strategiyasında:
– antikorrupsiya ekspertizası haqqında qanun qəbul olunacaq, dövlət idarəçiliyinin bütün mərhələrində korrupsiya riskini artırmağa şərait yaradan hallar təhlil ediləcək və bütün qanunvericilik aktları antikorrupsiya analizindən keçiriləcək;
– şəffaflıq və hesabatlılığın, dövlət orqanlarında çalışan məmurlara inzibati və ictimai nəzarətin gücləndirilməsinə imkan verən qaydalar işlənib hazırlanacaq;
– dövlət idarələrində korrupsiyanın qarşısını almaqdan ötrü dövlət qulluqçularının yeni əxlaq kodeksi tətbiq ediləcək;
– dövlət resurslarından sui-istifadə hallarının qarşısının alınması, məmurların özünün və ailəsinin xeyrinə bəhrələnmə imkanlarının aradan qaldırılması üçün Maraqlar Konflikti haqqında ayrıca qanun qəbul ediləcək; dövlət məmurlarına və parlament üzvlərinə vəzifə səlahiyyətlərindən istifadə etməyə və inzibati resurslardan bəhrələnməyə, bizneslə məşğul olmağa görə verilən cəzalar sərtləşdiriləcək.
Milli Antikorrupsiya Strategiyasının hazırlanmasında vətəndaş cəmiyyətinin strukturları fəal iştirak edəcək, Korrupsiya ilə mübarizə üzrə Dövlət Komissiyasında bu sahədə ixtisaslaşmış ictimai təşkilatların təmsilçiyi təmin olunacaq.

Təhsil sistemində əsaslı dəyişikliklər olacaq

Gənc nəsil üçün daha yaxşı təhsil imkanları yaradilacaq
Təhsildə korrupsiyaya və savadsız mütəxəssislərin hazırlanması ənənəsinə son qoyulacaq:
– təhsil müəssisələri və təhsil prosesi ideologiyasızlaşdırılacaq;
– ali təhsil sahəsində vahid Avropa təhsil məkanına daxil olmaq üçün “Boloniya prinsipi” tam şəkildə tətbiq olunacaq;
– “Təhsil islahatı üzrə İctimai şura” yaradılacaq;
– Ali təhsil müəssisələrində təhsilin keyfiyyətini qiymətləndirmək üçün təhsil nazirliyindən kənar, müstəqil ekspertlərdən, elm xadimlərindən və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Akreditasiya Agentliyi yaradılacaq.;
– dərsliklər hərtərəfli espertizadan keçirilərək, şəffaf bir proses olaraq geniş müzakirələrdən sonra, alternativ əsaslarla hazırlanacaq.
Orta məktəblərdə şagirdlər dərslik, dərs vəsaitləri və dəftərxana ləvazimatı ilə tam təmin olunacaq.
Məktəblilər ən azı gündə bir dəfə pulsuz yeməklə, ildə iki dəfə məktəbli paltarı və məktəbli çantası ilə təmin ediləcək.
Dövlət Ali təhsil müəssisələrində təhsil pulsuz olacaq.
Müəllimlərin əmək haqları məmur əmək haqları səviyyəsində olacaq
– İstedadlı tələbələr dövlət hesabına xaricə oxumağa göndəriləcək.
-Xüsusi istedadlı gənclərin fəaliyyətini asanlaşdırmaq məqsədi ilə xüsusi vəsait ayrılacaq.
Orta və ali məktəbi bitirən hər kəs İŞKUR-da qeydiyyatdan keçməli və işə düzəlməlidir.
Biz onların tərəqqisini izləyəcək və təhsillə məşğulluq arasında əlaqəni gücləndirəcəyik.

-İş axtarışında, uyğunlaşdırmada və işə yerləşdirmədə süni intellect və digər yeni texnologiyalardan istifadə ediləcək;
Ölkəmizdə həyata keçirilən məşğulluq proqramlarının səmərəliliyinin qiymətləndirilməsi məqsədilə
müstəqil mexanizmlər qurulacaq;
Əhalinin məşğulluğunun təmin edilməsi, işsizliyin aradan qaldırılması üçün xüsusi proqramlar işlənib hazırlanacaq. Böyük şəhərlərdə və regionlarda istehsal müəssisələri yaradılacaq.
-gənclər üçün qısa təlim proqramları, təcrübələr, sertifikatlar, distant təhsil, rəqəmsal təhsil kanalları və pulsuz rəqəmsal inkişaf seminarları kimi proqramlar hazırlanıb dəstəklənəcək;
-gənclərin erkən yaşda iş həyatı ilə tanış olmasına imkan verəcək biznes modelləri hazırlanacaq
-texnologiya startapları üçün pulsuz internet bağlantısı və bulud xidmətləri, bu təşəbbüslərin sonrakı mərhələlərində böyümə və ixtisaslı məşğulluq kimi dəstəyi təmin ediləcək.
-sahibkarların ehtiyac duyduğu ümumi istifadə obyektlərinin sayı və keyfiyyəti artırılacaq.

Akademik müstəqillik və azadlıqlar təmin olunacaq
Universitetlər özünüidarəçilik, tələbələr və müəllimlər akademik azadlıq hüququ əldə edəcəklər. Orta məktəblərə də müəyyən dərəcədə özünüidarəçilik hüququ verilməli, valideynlər təhsil prosesinə aktiv şəkildə cəlb edilməlidir. Məktəb direktorları valideyn və müəllim komitələri tərəfindən seçiləcək. Təhsil müəssislərinin müstəqil büdcəsi formalaşdırılacaq. Onların keyfiyyət göstəriciləri (məsələn, ali məktəbə daxil olan məzunlarının sayı) ilə maliyyələşmə səviyyəsi arasında birbaşa əlaqə yaradılacaq, daha yaxşı göstəriciləri olan təhsil müəssiələrinə dövlət büdcəsindən daha çox vəsait ayırlacaq ki, bu da müəllimlərin əmək haqlarının 2 dəfəyədək artımına imkan yaradacaq.

Əks beyin axını
Beyin axını ilə mübarizə üçün çoxölçülü Fəaliyyət Planı hazırlanıb həyata keçiriləcək.
Beyin axınının orta məktəb səviyyəsinə düşməsinin qarşısını almaq məqsədi ilə təhsil sistemimizin liberallaşması təmin ediləcək.
Təhsil sistemi innovativ kurikulumla təchiz edilərək zəruri azad düşüncə və iş mühiti yaradılacaq.
Hərtərəfli ictimai məşğulluq islahatları həyata keçiriləck.
-hazırlanmış kadrlarımız üçün münasib iqtisadi və sosial şərait yaradılacaq.
-universitetlər daxilində və ya ictimai birlik statusunda olan tədqiqat institutları,
araşdırma mərkəzləri, laboratoriyalar yaratmaq kimi addımlar atılacaq.
-texniki və qanunvericilik infrastrukturu beynəlxalq əməkdaşlıq vasitəsilə uzaqdan işləmək üçün uyğunlaşdırılacaq.
-tələbələrimizin və alimlərimizin problem və təkliflərinə mütəmadi olaraq çata biləcəyimiz əks əlaqə mexanizmi qurulacaq.
-magistratura və doktorantura proqramlarını davam etdirən tələbələr üçün tədqiqat dəstəyi və təqaüd imkanlarını artıraraq, məşğulluq problemi yaşamadan təhsil həyatlarını davam etdirmələrinə şərait yaradılacaq.
Doktoranturadan sonrakı tədqiqatçılar üçün yerli məşğulluq imkanlarının artırılmasına dəstək verəcəyik.
-ali məktəbləri bitirən hər bir şəxs avtomatik olaraq məşğulluq idarəsində ixtisasına uyğun qeydiyyata düşəcək.

Səhiyyə sistemində islahatlar həyata keçiriləcək

Vətəndaşlar üçün yüksək keyfiyyətli tibbi xidmətlər göstərəcək dövlət səhiyyə sistemi qurulacaq.
Xərçəng xəstələrinin və bu kimi ağır xəstəliklərin ölkədə və xaricdə dövlət hesabına müalicəsi təmin ediləcək.
Tətbiq edilən məcburi tibbi sığorta sistemi təkmilləşdiriləcək, bu sahədə bürokratik əngəllər aradan qaldırılacaq, xəstənin seçimindən asılı olaraq istədiyi tibb müəssisəsində keyfiyyətli müalicəsi təmin ediləcək. Dövlətin hər bir vətəndaşa verdiyi sığorta polisi onun istədiyi və inandığı həkimə müraciət etməsinə imkan yaradacaq;
Dövlət məmurları, həssas qrupa daxil olanlar , 18 yaşınadək uşaqlar, hamilə qadınıar, 57 yaşından yixarı qadınlar və 63 yaşından yuxarı kişilər dövlətin hesabına pulsuz sığorta paketinə malik olacaq ki, bu da onların həm dövrü müayinə, həm müalicə və həm də dərman təminatı ehtiyaclarını qarşılayacaq.
Fiziki qüsuru olan vətəndaşların müayinə və müalicəsi dövlət hesabına həyata keçiriləcək.
öz vətəndaşlarımız üçün ağır cərrahi əməliyyatlar dövlət hesabına həyata keçiriləcək,
Dərman dövriyyəsinə nəzarət gücləndiriləcək; Ölkəyə saxta və ya aşağı keyfiyyətli dərmanların, tibbi avadanlıqların gətirilməsinin qarşısı alınacaq.
Bu sahənin monopoliyadan çıxarılması, ölkəyə dərmanların və tibbi ləvazimatların real qiyməti ilə gətirilməsinə dövlət nəzarəti təmin ediləcək.
səhiyyə işçilərinin əmək haqqları iki dəfə artırılacaq.

Milli azlıqların hüquqları qorunacaq

Müsavat Partiyası hesab edir ki, ölkədəki bütün etnik qrupların siyasi, mülki və mədəni hüquqları bərabər olmalıdır. Biz hesab edirik ki, bu gün milli azlıqları narahat edən problemləri, məhz həqiqi demokratiyanın yaranması ilə aradan qaldırmaq olar. Bəzən milli azlıqların nümayəndələri hansısa insan hüquqlarının pozulması faktını bütövlükdə öz etnik qruplarına qarşı diskriminasiya faktı kimi qəbul edirlər. Bu problemlər həm ölkə, həm də yerli səviyyədə keçirilən azad seçkilər və həmçinin bələdiyyələrə real səlahiyyətlər verməklə həll oluna bilər. Milli azlıqların mədəni və mülki hüquqları Avropa Şurasının “Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası”na uyğun təmin ediləcək.

Vicdan azadlığı və dini tolerantlıq təmin olunacaq

Bu gün ölkədə dini azadlıqlarla bağlı yaranmış problemlər də bizi narahat edir. Hakimiyyət dini ekstremizmlə mübarizə pərdəsi altında hökumətin nəzarətindən kənar fəaliyyət göstərən dini icmaların və dindarların fəaliyyətini məhdudlaşdırır. Hətta konstitusiyaya sadiq olan dini birliklər də təqiblərə məruz qalır, onların fəaliyyət azadlığı və dinc yığıncaqlar keçirtmək hüquqları tapdalanır. Biz din azadlığını özünüifadə azadlığının tərkib hissəsi hesab edirik. Biz bütün dini icmalarla konstitusiyamız daxilində dialoqa hazırıq. Dinc dini birliklərə qərəzli münasibət keçmişdə qalmalıdır. Dini azadlıqlar haqqında konstitusiyada nəzərdə tutulan azadlıqlar bərpa edilməlidir. Dünyəvi və dini icmalar bir-birini başa düşməyə və bir-birlərinə yardım etməyə çalışmalıdır.

Ordu quruculuğu

Milli Ordunun daha gücləndirilməsi, orduda olan bəzi neqativ halların aradan qaldırılması üçün təsirli tədbirlər görüləcək.
Peşəkar ordunun yaradılması ilə bağlı məsələ ümummilli müzakirəyə çıxarılacaq.
Ölkədə müddətli həqiqi hərbi xidmətin müddəti 9 aya, ali təhsilli çağırışçılar üçün 6 aya endiriləcək. Bu çağırışçılara xidmət etdikləri müddətdə NATO standartlarına uyğun ciddi təlimlərin keçirilməsi təmin ediləcək.
Ölkədə Xüsusi Təyinatlıların bazası və təcrübəsi əsas götürülərək daha böyük sayda NATO standartlarına uyğun professional ordu qurucuğu həyata keçiriləcək.
Üç ilik xidmətini tamamlamış zabitlər, 5 illik xidmətini tamamlamış gizirlər və Müddətdən Artıq Xidmət Edənlər (MAXE) şəxsi mənzillə təmin ediləcək.
Hərbçi övladlarının ölkədə və ölkə xaricində təhsil haqları dövlət tərəfindən ödəniləcək.
Hərbi qulluqçuların təhlükəzisliyi və hüquqlarının müdafiəsi, orduda korrupsiyanın qarşısının alınması, şəffaflığın və hesabatlılığın təmin edilməsi üçün ayrıca Ombudsman İnstitutu yaradılacaq.
Hərbi sənayemizi inkişaf etdirmək əsas vəzifələrimizdən biri olacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri davam etdiriləcək.

Uzun illər köçkün həyatı yaşamış əhalinin öz ata yurdlarına qaytarılması ilə bağlı fəaliyyət sürətləndiriləcək.
Bərpa işlərinin həyata keçirilməsi üçün vəsaitlər yalnız azad və şəffaf tenderlər vasitəsi ilə, mütəxəssislərin və yerli əhalinin rəyi nəzərə alınmaqla ayrılacaq.
Torpaq islahatından bəhrələnə bilməmiş əhaliyə və onların törəmələrinə torpaq payı və həyətyanı sahə veriləcək.

İqtisadiyyatın idarə edilməsi. Sosial ədalət

Neft gəlirlərinin istifadəsi peşəkarlıq və ədalətlə idarə olunacaq.
Ictimai maliyyə üzərində ciddi parlament və vətəndaş nəzarəti tətbiq ediləcək. Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin Müşahidə Şurasında ictimai təşkilatların və mətbuatın nümayəndələri də təmsil olunacaq. Neft gəlirlərinin xərclənməsi parlamentin qəbul etdiyi qaydalarla tənzimlənəcək, nəsillər arasında ədalətli bölgünü təmin etmək üçün xərcləmələr limitləşdiriləcək.

Vətəndaşların xərcləri azaldılacaq
Ölkədə iqtisadi fəaliyyətin stimullaşdırılmasına yönəlik vergi siyasəti aparılacaq. Belə ki:
– sosial vergilər işçilərin və iş sahiblərinin maraqlarını balanslaşdırmaq prinsipini nəzərə almaqla müəyyənləşəcək və 18 faizdən yuxarı olmayacaq;
– əmlaka adekvat əmlak vergisi müəyyənləşəcək;
– əlavə dəyər vergisi 15 faizə qədər azaldılacaq;
– istehsalın inkişaf etdirilməsinə, vətəndaşların fərdi mənzil tikintisinə və onların uşaqlarının ali təhsilinə çəkilən xərclərdən alınan vergilər azaldılacaq.
Sosial təminat, təhsil və səhiyyə sahəsində qanununvericiliyə və onun tətbiqi praktikasına yenidən baxılacaq: dövlətin sosial yardımı aztəminatlı təbəqənin ehtiyaclarını nəzərə almalıdır. Bu iqtiqamətlərə yönələn yardımların mənimsənilməsinin, onun büdcə vasitələrinin talanması vasitəsinə çevrilməsinin qarşısı alınacaq, bürokratik süründürməçiliyə son qoyulacaq.
Ölkənin iqtisadi potensialı pensiyaların, tələbələ təqaüdlərinin, səhid ailələrinə, qazilərə, müharibə veteranlarına verilən yardımın iki dəfə artırılmasına imkan verir. Biz əlillərin problemli ilə də ciddi məşğul olacayıq. Ölkədə yoxsulluq içərində yaşayan əhalinin sosial və nəqliyyat problemlərinə xüsusi diqqət yetiriləcək.
Kişilər üçün pensiya yaşı 60, qadınlar üçün 57 yaş müəyyən ediləcək.
Büdcədən təhsilə və səhiyyəyə ayrılan vəsaitlər iki dəfə artırılacaq. Büdcə təşkilatlarında çalışan işçilərin maaşı və pensiyaları indeksləşdiriləcək.
-bütün yaşayış məntəqələrinin əsas yolları asfaltlaşdırılacaq,
-su və kanalizasiya xətləri ilə təmin ediləcək.
-bütün şəhər, qəsəbə və kəndlər qaz, internet, tibb məntəqələri ilə təmin ediləcək.

Sahibkarlar müstəqil, ticarət azad olacaq

İnhisarlar ləğv ediləcək və biznesdə sağlam rəqabət, bərabər imkanlar təmin ediləcək
Biznes həqiqətən müstəqil olacaq, monopoliyalar ləğv ediləcək, Rəqabət Məcəlləsi təkmilləşdiriləcək, onun əsasında yeni, daha səlahiyyətli və müstəqil Anti-Monopoliya institutu yaradılacaq. Bu məsələlər dövlətin əsas vəzifəsi olmaqla yanaşı, azad bazar və əlverişli investisiya mühiti yaradılacaq, yeni texnoloğiyaların ölkəmizə gətirilməsi üçün əlavə imkanlar açılacaq.
İnvestorların hüquqlarını qorumaq üçün İnvestiisya Ombudsmani institutu yaradilacaq.

Azərbaycan ÜTT-yə üzv olacaq
Azərbaycan, nəhayət ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olacaq. Bu, ölkənin dünya iqtisadiyyatına inteqrasiya olmasını sürətləndirəcək, investisiya mühitinin yaxşılaşdırılmasına kömək edəcək, iqtisadi islahatların aparılması üçün xarici ölkələrin dəstəyini təmin edəcək, beynəlxalq keyfiyyət standartlarının tətbiqinə şərait yaradacaq, istehsalın rəqabət qabiliyyətini artıracaq. Nəticədə əhalinin hər cür ucuz və keyfiyyətli mallar almaq imkanı olacaq.

Kənd təsərrüfatı inkişaf etdiriləcək

Dövlət kəndlilərə hərtərəfli kömək göstərməlidir. Dövlət fermerlərə əvəzsiz olaraq informasiya, texniki və maliyyə dəstəyi verməli, kənd təsərrüfatı infrastrukturlarını bərpa etməli, məhsulların ölkədən kənarda satılmasına yardım gösrərməlidir.
Bu məqsədlə:
-Fermerlərə yardım məqsədi ilə yerlərdə dövlət tərəfindən kənd təsərrüfatı mallarının alınması təmin ediləcək.
-Fermerlərin vasitəçi olmadan birbaşa məhsullarını satışa çıxara bilməsi üçün iri şəhərlərdə yarmarkalar təşkil ediləcək.
-Kənd təsərrüfatı məhsullarının digər ölkələrə ixracına şərait yaradılacaq.
-ölkədə suvarma sistemi yenidən qurulacaq. Dövlət hesabına damcı üsulu ilə suvarma sistemləri və başqa sistemlər qurulacaq.
Kənd əhalisinin öz məhsullarını ölkədən kənarda və ölkə daxilində daha gəlirli bazarlara çıxarılmasının təmin edilməsi üçün dövlət proqramları hazırlanacaq.
Bağçılığın inkişafı üçün dövlət proqramı hazırlanacaq və bu sahədə fəaliyyət göstərənlərə lazım olan yardımlar dövlət tərəfindən pulsuz göstəriləcək.
Fermerlərə kənd təsərrüfatı texnikaları uzun müddətə faizsiz kreditlə veriləcək.
İşğaldan azad edilmiş ərazilərdə yeni kənd təsərrüfatı infrastrukturu yaradılarkən ilk növbədə yerli əhalinin istəkləri və maraqları nəzərə alınacaq.

Xarici siyasət sahəsində əsaslı dəyişiklik olacaq.

Ölkənin sivil dünyadan təcrid olunmasına səbəb olan siyasətə son qoyulacaq.
Beynəlxalq Birlik qarşısında götürülən öhdəliklərə əməl ediləcək.
Dünya ölkələri ilə dostluq münasibətləri inkişaf etdiriləcək.

Xalqımızın və müzəffər ordumuzun 44 günlük Vətən Müharibəsində qələbəsi ərazi bütövlüyümüzün əsasən təmin edilməsi ilə nəticələnib. Amma unutmaq olmaz ki, ölkədə ciddi siyasi və iqtisadi islahatıar həyata keçirilmədən, ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirmədən siyasi-diplomatik sahədə uğur qazanmaq, milli təhlükəsizliyimizi təmin edərək sürətli inkişafa nail olmaq mümkün deyil.

Ölkəmizin beynəlxalq nüfuzu isə ilk növbədə hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu istiqamətində fəaliyyətimizin nəticələrindən, insan hüquqlarının səviyyəsindən birbaşa asılıdır. Birdəfəlik bilmək lazımdır ki, beynəxalq birlik öz xalqının hüquq və azadlıqları tapdalayan hər hansı rejimə dəstək verməyəcək və belə rejimə malik dövlətlərin təsir imkanlarının artmasında maraqlı olmayacaq.

Biz belə hesab edirik ki, demokratik dünya hərtərəfli inkişaf etmiş demokratik Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Məhz buna görə də biz təhlükəsizlik və dayanıqlı inkişaf naminə ilk növbədə demokratik ölkələr və beynəlxalq təşkilatlarlarla əməkdaşlıq etmək istəyirik. Bu yolda ən birinci rəmzi addım demokratik ölkələrin vətəndaşları üçün viza rejimi ləğv olunacaq.

Biz Azərbaycanın gələcəyini Yer Kürəsinin demokratik ölkələrilə bir cərgədə görmək istəyirik və odur ki, əsas xarici siyasət kursumuz avro-atlantik məkana inteqrasiya olacaq. Yaxın on ildə ölkəmiz siyasi, iqtisadi və sosial inkişaf baxımından Avropa Birliyinin əsas standartlarına cavab verəcək. Bu məqsədlə dövlət quruculuğu, iqtisadi inkişaf və insan hüquqları sahəsində beynəlxalq təşkilatlar qarşısında götürülmüş bütün öhdəliklərə əməl ediləcək.
Türkiyə ilə ilişgilərimiz iki qardaş ölkəyə layiq olan münasibətlər səviyyəsində davam etdiriləcək, gediş-gəliş, ideya və əmtəə mübadiləsi yolunda hərtərəfli əməkdaşlığa mane olan hallar aradan qaldırılacaq.

GUAM birliyinin gercək əməkdaşlıq mərkəzinə çevrilməsi üçün təsirli tədbirlər görüləcək.
Bizimlə eyni taleyi bölüşən, ardıcıl demokratik inkişaf yolu tutmuş Gürcüstan, Ukrayna və Moldova ilə əlaqələri genişləndirməklə yanaşı Türk Birliyi dövlətləri ilə, həmçinin öz qonşularımız olan Rusiya və İranla qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq münasibətləri genişləndiriləcək və inkişaf etdiriləcək.

Basta2