Avropa Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyanın əleyhinə qərar verib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasının əleyhinə qərar verib. Bu barədə fevralın 28-də Gürcüstanda fəaliyyət göstərən Sosial Ədalət Mərkəzi məlumat verib.

Məlumata əsasən, AİHM Sadıqovun işi üzrə “çox mühüm qərar” çıxarıb və Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən, iş məhkəmədə mahiyyəti üzrə həll olunana qədər müvəqqəti tədbir kimi Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edilib. Mərkəz əlavə edib ki, Avropa Məhkəməsində işlərə mahiyyətcə baxılmasının uzun müddət çəkdiyini nəzərə alaraq, yaxın günlərdə məhkəmədən Sadıqovun azad edilməsi qərarının da verilməsini tələb edəcək. Açıqlamada o da qeyd olunur ki, bu qərar münasibətilə Əfqan Sadıqov uzun sürən (161 günlük) aclıq aksiyasını dayandırıb.

Sosial Ədalət Mərkəzi Sadıqov haqda müvəqqəti tədbir qərarının verilməsi barədə yanvarın 10-da AİHM-ə müraciət edib. Bu mexanizm insan hüquqlarının pozulması riski yüksək və dövlətlərin Konvensiyaya zidd hərəkətlərdən çəkinməsi zəruri olduqda istifadə olunur.

AİHM Sadıqovun ekstradisiya edilməməsi barədə ilk qərarını yanvarın 14-də verib və Gürcüstan hökumətindən qərardan sonrakı 1 həftə ərzində Sadıqovu Azərbaycana ekstradisiya etməməyi tələb edib. Bundan sonra Gürcüstan tərəfi məhkəmədən müvəqqəti tədbirin uzadılmamasını xahiş edib. Hökumət tərəfi iddia edib ki, Sadıqov Azərbaycana ekstradisiya edilərsə ona qarşı təhlükə olmayacaq

“Hökumət Azərbaycanda jurnalistlərin sistematik şəkildə təqibə və işgəncəyə məruz qalması haqda sənədləşdirilmiş təcrübəyə, həmçinin jurnalist fəaliyyətinə görə artıq siyasi təqibə məruz qalmış Əfqan Sadıqovun şəxsi təcrübəsinə məhəl qoymamışdır”, – deyə Mərkəz qeyd edib.

Məhkəmə daha sonra Sadıqov barəsində müvəqqəti tədbirin martın 4-ə qədər uzadılmasına qərar verib. Fevralın 27-də isə AİHM qərarın iş mahiyyəti üzrə baxılana qədər qüvvədə qalması qərarı çıxarıb.

“Azel TV” YouTube kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il avqustun 3-də Tbilisidə həbs edilib. Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilib. Ailəsi, hüquq müdafiə təşkilatları və müstəqil media onun həbsini siyasi təqibi ilə əlaqələndirir.

Əfqan Sadıqov aclıq aksiyasına 2024-cü il sentyabrın 21-də başlayıb. Aclıq aksiyasının 17-ci günündə jurnalistin səhhəti pisləşib və o, 18 saylı tibb müəssisəsinə köçürülüb və bu günə kimi oradadır.