Təhrif olunmuş “birlik” anlayışının fəsadları
Siyasi rəqabəti neytrallaşdıran qeyri demokratik rejimlər öz legitimliyini saxlamaq və beynəlxalq münasibətlərdən faydalanmaq üçün siyasi rəqabəti imitasiya etmək zorunda qalırlar. Bunun üçün siyasi proseslərın dinamikası iqtidar-müxalifət müstəvisindən müxalifətdaxili münasibətlər müstəvisinə keçirilir.
Müxalifətdaxili münasibətlərə təsir etmək imkanları yaradılır, ümumilikdə müxalifət isə xalqın birliyini pozan destruktiv qüvvələr kimi təqdim edilir. Davamlı olaraq təhrif olunmuş “birlik” anlayışının ictimai rəydə oturuşması, tələb olunan düzənin qalması üçün əsas arqumentə çevrilir.
Təhrif olunmuş “birlik” anlayışı
Hazırda ictimai rəydə təkrar olunan “birlik”, “birləşmək” çağırışları bəzi hallarda birliyi zəiflədən amillərdən biri və birincisidir.
“Kiməsə və nəyəsə qarşı kiminləsə və ya kimlərləsə birləşmək” prinsipi ilə qurulan birliklər uzunmüddətli və dayanıqlı ola bilmir. Yalnız rəqib tərəfin qərarlarını tənqid etmək və sonradan ittihamlara çevirmək üçün nəzərdə tutulan birlik vəsvəsəsi siyasi qüvvələr arasında istər cari, istər gələcək dövrlərdə əməkdaşlığın təməlini və etibarlı münasibətləri qurmağa imkan vermir.
Ancaq, EYNİ DƏYƏRLƏRƏ SƏDAQƏT (siyasi-ideoloji rəqabəti istisna etməyən Dəyərlər birliyi) prinsipi hətta repressiya, müharibə, böhran şəraitində müxtəlif görüşlü və əqidəli adamların səfərbərliyini, sabit münasibətləri təmin etməyə qadirdir.
Dəyərlərə sədaqət – mənəvi-hüquqi dəyərləri dərindən anlamaqla xarici və şəxsi mənafelərin təsir və müdaxilələrdən qorumaq və sarsılmadan riayət etmək ifadəsidir. Bu üzdən eyni dəyərləri bölüşənlər arasında təbii olaraq əməkdaşlıq, dialoq, qarşılıqlı yardım üçün heç bir maneə olmur, olmamalıdır!
Təhrif olunmuş “birlik” anlayışının fəsadları
Təhrif olumuş birlik anlayışının təşviq və təbliğatı eksklüziv legitimlik iddiasından doğur. Eksklüziv legitimlik iddiası nəinki müxalifətdaxili, həm də xalqın birliyini əngəlləyən həlledici fəsaddır. Çünki digər siyasi qüvvələrin legitimliyini şübhə altına almaqla öz qüsursuzluğuna inam – iqtidar üçün gerçək islahatlara getmək, müxalifət üçün proseslərə təsir etmək ehtimalını yox edir.
Bu ehtimalların olmaması, xalqın inkişafı və rifahı üçün tələb olunan normalara, qaydalara və şərtlərə məhəl qoymadan vətəndaşların təhdid və təzyiq altında olduğu şəraiti əks etdirir. Belə şəraitdə obyektiv ictimai rəyin formalaşması mümkün olmadığı kimiz “birinci” olmağın əsasları da yersiz olur. Bununla belə SANKİ SABAH DEMOKRATİK SEÇKİLƏR KEÇİRİLƏCƏK və SEÇİCİLƏRİN SƏSİNİ İTİRMƏK QORXUSU varmış kimi davranış və münasibət tonu, əlavə qarşıdurmalardan başqa heç nəyə gətirib çıxarmır.
Eksklyuziv legitimlik iddiasının uzantısı antipatiya münasibətlərinə köklənir. İqtidarın müxalifət, müxalifətin iqtidar və müxalifətin müxalifət təmsilçilərinə qarşı açıq-gizli düşmənçilik və ittiham hekayələri (narativləri) əlavə olaraq inamsızlıq və şübhə mühiti yaradır.
“Kim birinci daşı atdı” mövzusunu gündəmə gətirmək və saxlamaq nə qədər asanlaşırsa, qarşılıqlı etimad qazanmağı bir o qədər çətinləşdirir. Konstruktiv dialoqu mümkünsüz edir. Bunu görən vətəndaşlar ruhdan düşür, əzilir. Oxşar davranışlar, passionar kəsimi PROBLEMLƏRİ HƏLL ETMƏYƏ QADİR QÜVVƏ OLMADIĞINA İNANDIRIR, XALQIN POTENSİLINI TÜKƏNDİRİR.
Təhrif olunmuş “birlik” anlayışı fəsadlarının müxalifətdə doğurduğu meyllər
Ruh düşkünlüyü yaradan fəsadlar fonunda bir siyasi qüvvənin ətraf siyasi qüvvələri “satqın-düşmən” hesab etməsi, hipotetik olaraq bu siyasi qüvvənin hakimiyyətə gəldiyi vaxt cəmiyyəti təmsil edən həmin “ətraf siyasi qüvvələrlə” qarşılıqlı əlaqə və əməkdaşlıq üçün səriştənin olmasına və olacağına şübhə və inamsızlıq yaradır.
“Satqın-düşmən” düşüncəsi bir çox real təşşəbüslərin başlamadan bitməsinə xidmət edir. Fürsətçilik idman yarışlarında idmançının hazırlıqsızlıq göstəricisi olduğu kimi, siyasi rəqabətdə də siyasətçinin hazırlıqsızlığını göstərir. Fürsətcil davranışlar bütövlükdə müxalifətə olan inamı sarsıdır, səmimi demokratik dəyişiklik istəyənlərin ümidsizliyinə səbəb olur.
Mağduriyyəti daim qabartmaq meyli, müxalifətdaxili münasibətlərdə nüfuz saxlamağa və öz maraqlarını ümumi maraqlardan üstün tutmağı “əsaslandırır” və təhrif olunmuş birlik anlayışının oturuşmasına gətirib çıxarır.
P.S. Bir həkim deyib ki, öz xəstəliyindən xəbərdar olmaq və müalicə almaq istəyi, artıq sağalmanın başlanğıcıdır.
Fərman Quliyev