Zelenski: “Ukraynalı hərbi ekspertlər artıq Azərbaycandadır”
Aprelin 25-də Azərbaycana işgüzar səfərə gələn Ukrayna Prezidenti Zelenski deyib ki, əgər Rusiya razılaşsa, danışıqlar həm də Azərbaycanda keçirilə bilər.
O bunu Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuata açıqlamasında deyib, Azərtac yazıb.
“Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq”, – deyə Volodomir Zelenski vurğulayıb.
Prezidentlərin birgə mətbuat açıqlamasında Zelenski bildirib ki, ukraynalı ekspertlər artıq Azərbaycandadır və yerli həmkarları ilə işləyirlər.
“Biz bu tərəfdaşlığı davam etdirməyi və gələcəkdə birgə istehsala başlamağı planlaşdırırıq”.
İlham Əliyev də tərəflərin hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf etdiyi üçün burada birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”.
Amma prezidentlər müzakirə olunan əməkdaşlığın konkret detallarını açıqlamayıblar.
BBC

