Azərbaycan quzusu monqol quzusuna UDUZUR

Bakıdakı bir çox restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində Monqolustandan gətirilən qoyun ətindən istifadəyə edilir.

Həmin ətlər yerli istehsalla müqayisədə restoranlara xeyli ucuz başa gəlir. İstehlakçılara yerli məhsul kimi təqdim olunan bu ətlərdən toy mərasimləri ilə yanaşı adi günlərdə də restoranlar müştərilər üçün yemək hazırlanmasında bu ətlərdən istifadə edirlər.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustandan gətirələn ətlər nəzarət altındadı və normal ətlərdir.

“Azərbaycanda son 8 ayda ət defisitinin qarşısını almaq üçün bu istiqamətdə idxal başlayıb. Lakin birmənalı şəkildə bu ətlər donmuş ətlər olur. Yenə də deyirəm ki, bu ətlər normaldır və Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Eyni zamanda, yerli ətlərdən xeyli ucuzdur”.

Qida eksperti Elsevər Fərzəliyev saytımıza açıqlamasında bildirib ki, Monqolustandan gətirilən ətdə insan  sağlamlığına zərərli olan hər hansı təhlükə yoxdur:

“Uyğunsuzluq region fərqinə görə yarana bilər ki, bu da xəstəlik yox, həzm çətinliyi kimi hallar ola bilər. Mədə ətrafında ferment – canlı orqanizmlərdə gedən kimyəvi reaksiyaları sürətləndirən bioloji katalizatordurun yaranmaması halları ola bilər. O ki qaldı heyvanın öz xəstəliyinə, əgər mal-qara xəstəliyə yoluxubsa, bu yerli heyvanda da ola bilər, xaricdən gətiriləndə. Xəstəlik istənilən emal prosesindən sonra yenə yaşayacaq və insanlara keçəcək”.

Ekspert Monqolustandan gətirilən ətlərin qiymətlərindən bəhs edərək qeyd edib ki, iqtisadi səmərə zəncirvaridir:

“İstehlakçıya qədər hamıya sərf edir. Çünki yerli bazardakı ətlə müqayisədə daha ucuzdur”.

Ekspert qeyd edib ki, hal-hazırda bazarda yerli ətin azalması davam edir:

“40 il əvvəl kənd evlərində bir qapıdan 100-120 baş heyvan çıxırdısa, indi qapılarda 5-6 baş mal-qara görürük”.

Qida üzrə ekspert Fərid Səfərov Modern.az – a açıqlamasında bildirib ki, Monqolustandan gətirilən ətlərin ziyanlı olub-olmaması birbaşa ölkə adına görə yox, istehsal, kəsim, daşınma və saxlanma şəraitinə görə qiymətləndirilir:

“Yəni ətin özü avtomatik ziyanlı deyil, amma bəzi risk faktorları var. Monqolustan geniş çöl və yarı-köçəri heyvandarlıq sistemi ilə tanınır. Heyvanlar əsasən təbii otla qidalanır, bu müsbət haldır. Amma arazitar xəstəliklər (xüsusilə lent qurdları və digər helmintlər) riski mövcud ola bilər”.

Ekspert qeyd edib ki, baytarlıq nəzarət sistemi idxal edən ölkənin standartlarına uyğun yoxlanmalıdır. Əgər idxal zamanı ciddi laboratoriya nəzarət yoxdursa, risk artır:

“Monqolustandan gətirilən ət uzun məsafə qət edir və adətən dondurulmuş olur.

Soyuq zəncir pozularsa bakterial artım baş verə bilər. Bir neçə dəfə dondurulub-əridilmə keyfiyyəti aşağı sala və qida təhlükəsizliyini poza bilər. Uzunmüddətli saxlanma zamanı lipid oksidləşməsi (yağın keyfiyyətinin pozulması) baş verə bilər”.

Fərid Səfərov əlavə edib ki, yaşlı heyvan əti daha sərt və həzmi çətin ola bilər.

Sənaye üsulu ilə emal olunmuş (kolbasa, konserv və s.) formada gəlirsə, artıq duz və qoruyucu maddə riski yaranır:

“Əgər idxal qaydaları düzgün tətbiq olunursa və ət baytarlıq sertifikatlıdırsa, gigiyenik şəraitdə kəsilibsə, soyuq zəncir qorunubsa zaman xüsusi bir “ölkəyə məxsus ziyan”dan danışmaq doğru deyil. Rəsmi nəzarətdən keçmiş məhsul təhlükəli sayılmır. Əsas məsələ mənbə yox, nəzarət və saxlanma standartlarıdır”, – deyə o əlavə edib.