Qarabağ müharibəsi Almaniya parlamentində müzakirə edilib

Anar Məmmədli
Oktyabrın 31-də Almaniya parlamentində (Bundestag) Qarabağ müharibəsi ilə bağlı maraqlı müzakirələr keçirilib. Qeyd edim ki, müharibə başlayandan bəri yalnız Avropa Parlamentində və Türkiyə Böyük Millət Məclisində bu cür müzakirələr olub. Cəmi bircə dəfə Fransa parlamentində bu ölkənin ATƏT-in Minsk qrupu üzrə təmsilçisi çıxış edərək, deputatları məlumatlandırıb.
.
Müzakirələr öncəsi xarici işlər naziri Heiko Mass (koalisyon hökumətdə SPD-nin təmsilçsisidir) deputatlara mövcud durumla bağlı məruzə edib. O bundan öncəki açqılamsından xeyli yumşaq mövqe tutaraq, tərəfsiz qalmağa çalışıb. Amma hökumətin iki məsələdən narahat olduğunu bəyan edib:
.
1) müharibə nəticəsində yaranmış humanitar fəlakət (mülki insanların öldürülməsi, məcburi köçkünlərin yaranması və Qırmızı Xaçın fəaliyyəti).
.
2) tərəflərin qeyd-şərtsiz humanitar atəşkəs rejiminə əməl etməsi.
.
Massın fikrincə, atəşkəs 3 dəfə pozulduğu üçün, tərəflərə beynəlxalq təzyiq artırılmalı, onları dəstəkləyən ölkələr münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü anlamalıdırlar. Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğunu xatırladaraq, sülh danışıqlarının substantiv məcrada getməsini, Avropa Birliyinin bu prosesdə fəal olmasını zəruri sayıb. Onun fikrincə, AB ilə əməkdaşlıq hər iki ölkəyə münaqişə sonrası yenidənqurma prosesində maddi-texniki dəstəyin əldə olunması üçün əhəmiyyətli olacaq. Nəhayət, Türkiyənin də Minsk qrupunun üzvü olduğunu xatırladaraq, bu dövlətin də tərəfsiz vasitəçilik etməsini önə çəkib.
.
Müxtəlif fraksiyalardan olan deputatların çıxışlarında ümum xətt beynəlxalq hüquq və BMT-nin 4 qətnasinin icarsından yana olsa da, Azərbaycan hazırkı müharibənin təşəbbüskarı, Türkiyə isə qızışdırıcı ölkə kimi qınanıb. Ermənistanın indiki rəhbərliyi isə danışıqlar prosesini pozmaqda, xüsusən də köhnə formatı dəyişmək cəhdində ittiham edilib. Bəzi çıxışlarda deputatların, xüsuən də Linke və Yaşıllardan olan deputatların çıxış mətnləri düşünməyə əsas verir ki, erməni lobbisinin dəstəyi ilə hazırlanıb. Ümumən Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən “ərazi bütövlüyü” məsələsində həmrəylik olub.
.
Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulması və siyasi repressiyalara görə daim tənqid edən sosialist deputatlar – Barbara Hendricks və Frank Şvabe ərazi bütövlüyü, BMT qətnamələrin icrası və məcburi köçkünlərin durumu ilə bağlı problemlərə diqqət çəkiblər.
.
Almaniya parlamentində bu cür müzakirə bir sıra səbəbdən ciddi əhəmiyyət daşıyır. İlk növbədə nəzərə alaq ki, Almaniya Avropa Birliyinin lokomotivi olan lider ölkədir.
.
İkincisi, bu ölkə münaqişə üzrə ATƏT-in Minsk qrupunun üzvüdür.
Üçüncüsü, AB ölkələri arasında soydaşlarımıza daha çox qucaq açaraq ən çox azərbaycanlı yaşayan ölkədir.
.
Nəhayət, Almaniya parlamentində müzakirələr münaqişənin həlli yönündə Qərbin mövqeyini dəyərləndirmək, müharibənin gedişi və sonrasında xarici siyasi kursu müəyyən etmək üçün vacibdir.
.
Və təəsüflə qeyd edim ki, bu müzakirələr Azərbaycan mediasında nə lazımınca işıqlandırıldı, nə də ictimai diqqət cəlb elədi. Ölkədə anti-Qərb əhval-ruhiyyəsinin çoxaldığı indiki anda bu müzakirə göstərir ki, Avropada bizim mövqeyimizə ədalətlə yanaşan siyasilər var. Və hazırkı müharibəyə Qərbdəki barışmaz münasibət heç də ikili standart kimi qəbul edilə bilməz. Çünki müasir Avropada ciddi siyasi çevrələr müharibəni təqdir etmə və ya təşviq etmə siyasətini birmənalı olaraq qəbul etmir. Bu cür mövqeyə də anlayışla yanaşmaq lazımdır.
.
Müharibə ritorikasının tüğyan etdiyi indiki zamanda Azərbaycanda yaşayan və gələcəyini bu ölkədə görən hər kəs üçün Otto fon Bismarkdan maraqlı bir fikri paylaşım. Aramsız müharibələrdən sonra 1871-ci ildə vahid Alman milli dövlətini quran Bismarkdan avstriyalı jurnalist soruşur ki, bu qədər ərazini əldə etdikdən sonra niyyətiniz nədir? Bismarkın cavabı belə olur: “Vahid Almaniyanı irəli aparacaq qüdrətli alman xalqını formalaşdırmaq”. 1890-cı ilədək Almaniya imperiyasının kansler olmuş Bismarkın siyasi karyerasında yanlışlıqları da olub, uğurları da. Amma onun müasir Almaniyaya ən böyük töhfəsi “sosial dövlət” konspesiyasını idarəçiliyə gətirməsi oldu.
.
Alman dilini bilənlər üçün müzakirənin videoyazısını təqdim edirik:
.

.
Basta
.