Tarixə yazılıb bu ad, bu soyad

Ariz ABDULƏLİYEV,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, aparıcı elmi işçi 
Əfrasiyab Bədəlbəyli görkəmli bəstəkar, dirijor və musiqişünas kimi 
Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətinin ən böyük  şəxsiyyətlərindən biridir. XX əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin, peşəkar dirijorluq sənətinin, musiqi elminin, musiqi publisistikası və tənqinin inkişaf və nailiyyətlərində bu böyük sənətkarın misilsiz xidmətləri vardır.
Üzeyir bəyin ilk yetirməsi, Üzeyir bəyin ilk dəstəkçisi, ilk peşəkar opera və simfonik dirijoru, ilk milli bəstəkarlıq nəslinin təmsilçisi, bütün Şərqdə ilk professional balet incəsənətinin banisi, ilk musiqi şərqşünası, ilk uşaq baletinin müəllifi, Rusiyada bəstəkarlıq və dirijorluq təhsili alan azərbaycanlı… Təkcə bu “ilk”lərə imza atması, onların müəllifi olması yetərlidir ki, Əfrasiyab Bədəlbəyli şəxsiyyətinin, sənətinin və sənətkarlığının, Əfrasiyab ömrünün və yaradıcılığının Azərbaycan xalqı və mədəniyyəti üçün böyük tarixi dəyəri, yüksək qiyməti, zirvə mövqeyi və əbədiliyi öz həqiqiliyini təsdiq eləsin. Onun yaradıcılığına musiqi xadimləri tərəfindən yüksək qiymət verilmiş, əsərləri haqqında elmi araşdırmalar yazılmışdır.
Əfrasiyab Bədəlbəyli –  bəstəkar və dirijor
Əfrasiyab. O, ilk dəfə bu adla yazıb-yaratmağa, dirijorluq etməyə və bəstəkarlığa başlayıb. Elə bu adla da sənətdə, yaradıcılıq aləmində tanınıb, şöhrət qazanıb, bu adla da ustadı Üzeyir bəyin, sənət dostlarının sevimlisi, əzizi olub, bu adla da Azərbaycan musiqisinə yeni yollar açıb, əsərlər yaradıb və xalqının qəlbində özünə rəğbət, sevgi qazanıb. Bir sözlə, o, Azərbaycan musiqi mədəniyyətinin həmişə yeganə, əvəzsiz, həmişə qiymətli, iftixarlı olan Əfrasiyabıdır.
Əfrasiyab haqqında yazılanlar və Əfrasiyabın yazdıqları. “Əfrasiyab” adı, imzası XX əsrin ilk onilliklərində Azərbaycan mətbuatında konsertlərə, teatr tamaşalarına, opera və operettalara, qastrollara aid dərc olunan elanlarda, afişalarda, məlumatlarda, resenziyalarda, müzakirələrdə, məqalələrdə ən çox rast gəlinən professional musiqiçi adıdır, imzasıdır. Üzeyir Hacıbəyovun adı və imzasından sonra musiqi haqqında bütün elan, afişa, rəy və məqalələrdə ən çox yazılan onun adıdır.
Əfrasiyab Bədəlbəyli Üzeyir Hacıbəylinin nəsil şəcərəsinə daxil olan, Üzeyir bəyin yaxın qohumu, məşhur Bədəlbəylilər nəslindəndir. Atası Bədəl bəy Üzeyir bəy ilə doğma xalauşağıdır. Bədəlbəylilər Azərbaycan tarixinə ziyalı, yaradıcı, maairifçi, musiqiçi, sənətkar nəsli kimi daxil olmuşlar. Bu dinastiyanın Azərbaycan mədəniyyəti, təhsili və incəsənətində özünəməxsus və görkəmli xidmətləri vardır.
Bədəl bəyin ailəsinin və evinin ən yaxın, əziz adamı olan Üzeyir Hacıbəyliyə kiçik yaşlarında da, sənət adamı, musiqi professionalı olanda şirin-şirin “Üzeyir əmi” deyən, uşaqlığında onun mehribanlığına, isti və doğma səmimiyyətinə qəlbən bağlanan Əfrasiyab elə ilk məqaləsini də Üzeyir bəydən yazmış, ilk dirijorluq fəaliyyətində Üzeyir bəyin opera və musiqili komediyalarını ifa etmiş, yeniyetməlik yaşlarından etibarən ömrünün sonuna qədər həyatda da, yaradıcılıqda da, sənətdə də, ideya və mövqedə də Üzeyir Hacıbəylinin ən yaxın amal və əməl dostu olmuş, Azərbaycan musiqisinin inkişafında, taleyüklü anlarında hər zaman onunla yanaşı dayanmış, onunla eyni bir səngərdə döyüşmüşdür.
Əfrasiyab Bədəlbəylinin yaradıcılığı çoxşaxəlidir: bəstəkar, dirijor, musiqişü-nas, publisist, tənqidçi, şərqşünas, librettoçu, jurnalist, musiqi maarifçisi. Yaradıcılığının və fəaliyyətinin bütün sahələrində o, eyni dərəcədə professionaldır, ciddir, fəaldır, məhsuldardır, dəyərli və səmimidir. Fəaliyyətinin hər bir anını, hər bir məqsədini, bütün yaradıcılıq yolunu və ömrünü Azərbaycan professional musiqi mədəniyyəti və incəsənətinin inkişafına, təbliğinə həsr edib. Həyat və fəaliyyətinin əvvəldən sona qədər yeganə və dəyişməz məramı, məqsədi də yalnız elə bu olub.
Bəstəkar kimi fəaliyyətinə Cəfər Cabbarlının dram əsərlərinə musiqi yazmaqla başlayıb. Belə ki, 1928-ci ildə Cəfər Cabbarlının “Od gəlini” dramına yazdığı musiqi müəllif, teatrın kollektivi və tamaşaçılar tərəfindən müsbət qarşılanır. İlk uğuru onu daha da ruhlandırır. 1920-40-cı illərdə  C. Cabbarlının “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar”, “Solğun cicəklər”,  A. Afinegovun “Qorxu”, M.F.Axundovun “Hacı Qara”, “Müsyo Jordan”, H. Cavidin “Knyaz”, “Səyavuş”, S. Vurğunun “Xanlar”, “Fərhad və Şirin”, M.S. Ordubadinin “Dumanlı Təbriz” və b. dram tamaşalarına musiqi yazır. Eyni zamanda, 1928-1932-ci illərdə Dövlət dram teatrının “musiqi bölməsi”nin rəhbəri işləyir.
Ə.Bədəlbəylini və C.Cabbarlı bir-birilə cənclik illərinin ən yaxın yaradıcılıq dostu idilər. C.Cabbarlının öz əsərlərinin tamaşasına musiqi üçün müraciət etdiyi ilk bəstəkar da Ə.Bədəlbəyli olmuşdur. 1920-ci illərin sonlarından başlayaraq, davamlı şəkildə sonrakı illərdə də Azərbaycan dilli dram əsərlərinə musiqi yazan bəstəkar, əslində, ilk yaradıcılığı ilə respublikada teatr musiqinin başlanğıcını qoymuşdur. Bəstəkarın həyatı boyu teatr sənətinə bağlı olmasının bir səbəbi teatr texnikumunda oxuyarkən dövrün məşhur rejissor və aktyorlarından dərslər alması, bir səbəbi böyüdüyü evdə daim yaradıcı insanların olması, atasının, böyük qaraşı Şəmsi Bədəlbəylinin, əmisi Əhməd Ağdamsikinin, yaxın qohumları Üzeyir bəyin, Z.Hacıbəyovun, A.Əliverdibəyovun təsiri, kiçik yaşlarından atası ilə tanaşalara, operalara baxması, digər bir səbəbi də Cəfər Cabbarlı ilə dostluğu idi. Dram əsərlərindəki hadisələri, obrazları musiqinin dili ilə şəhr etmək, açıqlamaq bacarığı sonrakı illərdə onun opera və balet sahəsindəki uğurlarının təməli olmuşdur.
Ü.Hacıbəyli XX əsr musiqi tarixində Şərqdə Avropa tipli və sintez modelli ilk milli operanın müəllifidirsə, Ə.Bədəlbəyli Şərqdə həmin model əsasına ilk baletin – “Qız qalası”nın müəllifidir. Bu əsərlə Azərbaycan musiqisində balet janrının əsası qoyulmuş, qarşıdakı dövrlərdə neçə-neşə istedadlı baletin yazılmasına bədii zəmin yaradılmışdır. Azərbaycanın paytaxt şəhəri, Şərqin  qədim mədəniyyət və iqtisadiyyat şəhəri Bakının tarixi-mədəni rəmsi olan Qız qalası, məlumdur ki, tarixçilərin, etnoqrafların,  ədəbiyyatçıların, folkrşünasların sevimli tədqiqat mövzusudur. Bu möhtəşəm mədəniyyət abidəsi haqqında şeirlər, mahnılar yazılmış da, ona rəsmlər həsr olunmuşdur. Bununla belə, mövzu musiqi-bədii yaradıcılığa ilk dəfə Ə.Bədəlbəyli tərəfindən daxil edilmişdir. Baletin libretto müəllifi də bəstəkar özüdür. Premyerada (1940, aprel)  və sonrakı tamaşalarda baş rolu SSRİ xalq artisti, prima-balerina Qəmər Almaszadə (Ə.Bədəlbəylinin xanımı) oynamış, əsərin səhnə taleyinə böyük uğur və nüfuz qazandırmışdır.
Xanını Qəmər Almaszadə ilə
Baletin musiqi dramaturgiyası məlum əfsanənin iki personajı arasındakı ziddiyyət, iki gəncin uğursuz sevgisi, xalq və despot hökmdar arasındakı qarşıdurma, xalqın qələbəsi kimi motivlərin maraqlı bədii həlli üzərində qurulmuşdur. Müəllif dahi bəstəkar Ü.Hacıbəylinin musiqidə Şərq-Qərb sintezini baletdə uğurla, peşəkarlıqla davam etdirmiş, xalq rəqs melodiyalarımızı ilk dəfə xoreoqrafik dramaturgiyaya gətirmiş, tar alətini əsərin partiturasına daxil etmişdir. Maraqlıdır ki, Ü.Hacıbəyli Moskvada çıxan “Pravda” və Bakıda çıxan “Kommunist” qəzetlərində bu balet haqqında müsbət rəylər yazmış, müəllifin istedadına və əsərə “bizim milli incəsənətin  inkişaf tarixində yeni səhifə açan ilk Azərbaycan baleti” deyə yüksək qiymət vermiş, bəstəkarın xalq musiqisini, həm ümumi musiqi kultirasını” dərindən bildiyini göstərmişdir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə isə baletin tamaşasından sonra mətbuatda müsbət fikir bildirənlərdən biri də Nazim Hikmət olmuşdur.  Bu xüsusda bəstəkarın Nəsimiyə həsr etdiyi “Xoreoqrafik freskalar” və dahi şairin sözlərinə yazdığı “Vokal – xoreoqrafik poema”nı da qeyd etməliyik.
Ə.Bədəlbəyli musiqi tariximizə muğam əsasında (“Bayatı-Şiraz”) ilk simfonik rapsodiya ilə yazmaqla yanaşı, zərbi-muğamı (“Heyratı”) ilk simfonikləşdirən bəstəkar kimi də düşmüşdür. O, simfonik orkestr üçün “Təntənəli marş”, “28 may marşı”, “Miniatürlər”, “Azərbaycan”, “Yallı”, xalq çalğı alətləri orkestri üçün “Simfoniyetta” və v. əsərləri yazmışdır. Səs ilə fortepiano üçün işlədiyi xalq mahnıları arasında  qədim “Sarı gəlin” xalq mahnımız da var.
Ə.Bədəlbəylinin daha bir yaradıcılıq nailiyyəti opera janrı ilə bağlıdır. Belə ki, o, “Koroğlu” ənənələrini davam etdirən ilk klassik operalardan birinin – “Nizami” operasının müəllifidir və bu əsər müharibədən sonra, 1948-ci ildə Nizami Gəncəvinin yubileyi münasibətilə yazılmışdır. Bundan başqa, özünün libretto mətni əsasında “Xalqın qəzəbi” (B.Zeydmanla birlikdə) və “Söyüdlər ağlamaq” operalarının da müəllifidir.
Ə.Bədəlbəylinin  dirijorluq fəaliyyətinə başlaması 1920-ci illərin sonuna, 1928-ci ilə təsadüf edir. Dövlət dram teatrında C.Cabbarlının tamaşalarına bəstələdiyi musiqi nümunələrinə dirijorluq etməklə başlayan bu dəyərli və uğurlu sənət yolu onun tərəfindən sonrakı illərdə  professional təhsil almış musiqiçi, dirijor kimi davam etdirilmişdir. 1930-cu ilin may ayından isə Dövlət Opera Teatrının dəvəti ilə “türk operalarının dirijoru” vəzifəsində çalışmışdır. Opera dirijoru olmaqla bərabər simfonik dirijor kimi də fəaliyyət göstərmişdir.
Ə.Bədəlbəyli 1933-cu illərdə, daha sonra 1938-ci ildə Bakı filarmoniyasında hər yay “simfonik mövsüm” silsiləli konsertlər vermiş, Azərbaycan və Leninqrad dövlət simfonik orkestlərinə dirijorluq etməklə Avropa, rus və yerli simfonik əsərləri səsləndirmiş, bununla da simfonik musiqinin təbliğində və musiqi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. O, 1938-ci ildən ömrünün sonlarına Dövlət Opera və Balet Teatrında dirijor, baş dirijor kimi çalışmış, Azərbaycan, eləcə də xarici ölkə bəstəkarlarının opera və baletlərinin tamaşaya qoyulmasında yaxından iştirak etmiş, müxtəlif çoxsaylı konsertlərin proqramlarında adı dirijor kimi çəkilmişdir. Dirijorluq sənətinin ilk üç azərbaycanlısı – Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli və Niyazi Azərbaycan professional musiqi incəsənətinin inkişafı və təbliğində böyük xidmətlər göstərmişlər.
Tarın müdafiəsində…
Ə.Bədəlbəlyi 1920-1930-cu illərdə Azərbaycan tarının musiqi mədəniyyətimizdən birdəfəlik çıxdaş edilməsinə, tarın simasında milli musiqi dəyərlərinə qarşı bolşevik təhdidinə yönələn siyasi-ideoloji kampaniyada əks radikal mövqedə dayanmışdı. Başda Ü.Hacıbəyli olmaqla dövrün humanist mövqeli maarifçi ziyalıları ilə birlikdə tarın müdafiəsinə qalxan gənc Ə.Bədəlbəlyi öz mövqeyini mətbuatda hökumət təmsilçilərinə və “görünməyən şovinist əl”ə qarşı açıq şəkildə bildirir, onları ittiham, tənqid etməkdən çəkinmirdi. “Kommunist” qəzetinin 1929-cu il, 11 yanvar sayında  müzakirə təriqilə dərc olunan “Tar üzərində mühakimə münasibətilə” məqaləsi və daha neçə mətbu yazısı Azərbaycan musiqi publisitikasının, XX əsr musiqi tariximizin, tar üzərində ideoloji savaş mücadiləsinin ən qiymətli, maraqlı faktlarındandır. O illərdə Azərbaycan tarını və muğamını erməni və şovinist bolşeviklərin “beynəlmiləl siyasəti”ndən, proletkultçuların və erməni daşnaklarının repressiyasından ciddi-cəhdlə qoruyan və xilas edən Azərbaycanın millətpərvər ziyalıları sırasında 22 yaşlı gənc Əfrasiyab da var idi…
Əfrasiyab Bədəlbəyli – musiqişünas
Əfrasiyab Bədəlbəlinin musiqişünas kimi fəaliyyəti onun bəstəkar yaradıcılığı və dirijor fəaliyyəti ilə yanaşı olmuşdur. XX əsrdə Azərbaycanda musiqişünaslığın yaradıcılıq və fəaliyyət sahəsi olaraq yeni keyfiyyətdə təşəkkül tapmasında,  musiqi-elmi fikrinin, musiqi tənqidi və publisistikasının inkişaf etməsində Ə. Bədəlbəyli mahiyyətli, dəyərli rol oynamışdır. Sayca az olsa da, kitabları musiqişünaslıq fikrinin inkişafına, tarixi və nəzəri musiqişünaslığın formalaşmasına təsir etmiş, ənənəvi musiqiyə dair gələcək tədqiqatlara istiqamət vermiş, geniş kütlələrdə musiqiyə maraq oyatmışdır. Azərbaycan Bəstəkarlar İttifaqında musiqişünaslıq bölməsinə rəhbərlik etdiyi illərdə də musiqişünaslıq elminin və tənqidin bayrağını uca tutmuş, bu sahələr öz yaradıcılığı ilə zənginləşdirmişdir.
1953-cü ildə nəşr olunan “Musiqi haqqında söhbət” kitabı geniş oxucu kütləsinə, ilk növbədə isə məktəblilərə ünvanlanmışdı. 1940-50-ci illdərə SSRİ-də görkəmli rus bəstəkar və musiqişünasların musiqi haqqında rus dilində maarifləndiricu populyar kitabları geniş musiqisüvərlər kütləsi tərəfindən maraqla oxunurdu. Analoji missiyanı respublikamızda ana dilində ilk dəfə Ə. Bədəlbəyli bu kitabı ilə həyata keçirdi. Bəstəkar və musiqişünas musiqi publisitkası və musiqi maarifçiliyi sahəsində aktiv fəaliyyətini bu kitabla davam etdirdi.
Qurban Pirimovla
Azərbaycan dilində muğama və muğam sənətkarına həsr olunmuş ilk kitab Ə. Bədəlbəylinin “Qurban Primov” kitabıdır. 1955-ci ildə nəşr edilən kitabda Qarabağ muğam mühiti və onun yetirməsi Qurban Pirimovun Azərbaycan muğam sənətində, peşəkar tar ifaçılığında rolu və qiyməti, onun fərdi sənətkarlıq dəsti-xətti, ifa üslubu, bənzərsiz ifası, mənalı sənət ömrü, çoxillik konsert fəaliyyəti,  filarmoniyada muğamların solo və dəstgah ifaçısı kimi,  muğam-operalarında muğamların ilk tarzən-ifaçısı kimi fəaliyyəti bu kitabda oxunaqlı bir üslubda əksini tapmışdır.
Bu kitabı yazmaqla, Ə. Bədəlbəyli, əslində Azərbaycan musiqişünaslığına yeni bir yol göstərmiş oldu. O, görkəmli muğam sənətkarlarının həyat və yaradıcılığını musiqişünaslığın tədqiqat obyektinə çevirdi, bu mövzunun gələcəkdə musiqişünaslar tərəfindən davam etdirilməsinə qiymətli zəmin və örnək yaratdı. O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünaslıq və tənqid bölməsinin rəhbəri kimi bəstəkarların yaradıcılığı haqqında musiqişünas fikirlərini və mülahizələrini bildirməklə kifayətlənmirdi. İttifaqın iclaslarında, plenum və qurultaylarında Azərbaycan musiqi tarixinin öyrənilməməsi, konservatoriyada Azərbaycan musiqi tarixinin, xalq musiqisinin yetərincə tədris edilməməsi haqqında çıxışları bu gün Azərbaycan musiqişünaslıq irsinin, musiqi-tənqidi fikrin  qiymətli, həm də maraqlı və aktual faktlarındandır. Ə. Bədəlbəyli sənətdə və elmdə tutduğu mövqeyində, yazdığı, söylədiyi fikir, mülahizə və rəylərində həmişə prinsipial dərəcədə tələbkar, obyektiv, səmimi idi, həmişə həqiqət və ədalət tərəfdarı idi. Xüsusilə, Azərbaycan muğamı, musiqi tarixi, xalq musiqisi, ifaçılıq məsələlərində ən kiçik güzəştə belə yol vermirdi.
Ə.Bədəlbəylinin musiqişünaslıq yaradıcılığının zirvəsində “İzahlı monoqrafik musiqi lüğəti” kitabı dayanır. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfindən çap edilən bu kitab sözün əsil mənasında elmi-tədqiqat əsəridir. Müəllifin çoxillik musiqişünaslıq əməyinin bəhrəsi olan “Lüğət” bu gün də Azərbaycan musiqişünaslığının elmi nailiyyətləri sırasında görkəmli yer tutur.
“İzahlı monoqrafik musiqi lüğəti”nin nəşrinə qədər Ə. Bədəlbəylinin “Musiqi lüğəti” adlı kitabı Azərbaycan Elmlər Akademiyasının dilçilik və terminologiya ko-missiyasında geniş müzakirə edilmiş və haqqında müsbət rəy verilərək, nəşri barədə qərar çıxarılmışdır. “Musiqi lüğəti”nin hazırlanması, əhəmiyyəti, Azərbaycan dilində musiqi sözlüyünün tərtibi, bütün bu işlərin musiqi terminologiyasının inkişafına təsiri haqqında dilçi və ədəbiyyatşünas ailmlərin, terminologiya mütəxəssislərinin çıxışları, əslində Ə. Bədəlbəylinin alim zəhmətinə verilən obyektiv və müsbət qiymət idi.
1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunan ilk musiqi lüğəti respublikada azərbaycandilli musiqi terminologiyasının əsasını qoydu. Terminologiyanın elmi səviyyədə musiqişünaslıq nəzəriyyəsində və praktikasına daxil olması məhz Ə. Bədəlbəylinin musiqişünaslıq və dilçilik biliyinin, gərgin alim-tədqiqatçı əməyinin nəticəsi idi. Bu lüğətdə müəllif Avropa musiqi nəzəriyyəsindən və ifaçılıq praktikasından alınma terminlərin, sadəcə tərcüməsini deyil, dilimzdəki qarşılığını tapmışdır. Bu gün də rus və avropa musiqisinə dair ədəbiyyatların dilimizə tərcüməsində musiqişünaslıq müəyyən terminoloji çətinliklərlə üzləşir, bəzi nəzəri anlayış və terminlərin dilimizdə qarşılığı haqqında neçə illərdir mübahisələr, fərqli fikirlər hələ də davam edir. Lakin məsələ bundadır ki, mübahisə və diskussiyalara səbəb olan, bəzən də qarşılığı düzgün tapılmayan xarici musiqi terminlərinin dilimizdə necə işlədilməsi lazım olduğunu Ə. Bədəlbəyli hələ yarım əsr əvvəl yazdığı lüğətlərdə dəqiq və düzgün göstərmişdir.
Ə. Bədəlbəylinin musiqi terminologiyasına elmi problem səviyyəsində yanaşması bu gün musiqişünaslıq üçün mühüm və aktual əhəmiyyət kəsb edir. Günümüzdə də musiqi anlayış və terminlərinin problemləri çoxsur. Bu baxımdan, Ə. Bədəlbəyli terminologiyaya bu qədər elmi əhəmiyyət verməsi ilə musiqişünaslığın qarşısına olduqca vacib bir məsələ – termin və anlayış problemlərinə elmi yanaşma məsələsini qoymuşdur.
“Musiqi lüğəti”ndən sonra Elmlər Akademiyası Redaksiya-nəşriyyat şurasının qərarı və professor Əşrəf Abbasovun redaktorluğu ilə  Ə. Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” nəşr olunur.
Ə. Bədəlbəyli Dövlət terminologiya komitəsinin həqiqi üzvü seçilən ilk və yeganə musiqişünas idi. Lakin “Musiqi lüğəti”ni tərtib etməsi, sonra “İzahlı monoqrafik musiqi lüğəti”ni yazması, yalnız bu rəsmi elmi qurumda yerinə yetirdiyi elmi iş deyildi. Bu kitablar, xüsusilə də, ikincisi Ə. Bədəlbəylinin musiqi elminə gətirdiyi yenilikləri, yeni fikir və şərhləri, yeni araşdırmaları, yeni terminləri və onların Azərbaycan dilində yeni qarşılığını özündə ehtiva edən ensiklopedik nəşrdir – ilk Azərbaycan musiqi ensiklopedik lüğətidir.
Əfrasiyab Bədəlbəyli – musiqi şərqşünaslığının banisi
“İzahlı monoqrafik musiqi lüğəti” Azərbaycan musiqi şərqşünaslığında ilk əsər kimi də qiymətlidir. Ə. Bədəlbəli bu kitabında ilk dəfə Şərq musiqisinə, Şərq muğam-makam sənətinə, Azərbaycan muğamlarına, orta əsrlərin musiqi elminə, musiqi risalələrinə və musiqişünaslıq yaradıcılığına dair çox qiymətli elmi-nəzəri məlumatlar, terminoloji şərh və izahlar vermiş, təhlillər aparmış və yeni faktlar bidrimişdir. Öz əsəri ilə XX əsrdə Azərbaycan musiqi şərqşünaslığının əsasını qoyan və inkişaf edirən Ə. Bədəlbəyli, həm də bu sahə üzrə geniş biliyə və məlumata, Şərq  mənbələrinə  bələdliliyə malik olan mütəxəssis kimi də adını tarixə yazdı. Ə. Bədəlbəyli Ü. Hacıbəylinin Şərq musiqisi, Şərq musiqi elmi və nəzəriyyəsi, temperasiya, Şərq musiqi risalələri haqqında ilkin fikir və mülahiszələrini davam etdirərək, musiqi şərqşünaslığını  daha da geniş, müfəssəl, ətraflı, yeni məlumat və faktlarla zənginləşdirdi. Bir sözlə, Azərbaycan Şərq musiqisinin, xüsusilə Şərq muğam-makam sənətinin məqsədli elmi araşdırılması və musiqi şərqşünaslığının elmi səviyyədə təşəkkül taparaq inkişaf etməsi Ə. Bədəlbəylinin fəaliyyəti ilə bağlıdır.
Əlbəttə, Şərq muğam-makam sənətinə, Şərq musiqişünaslığına, Azərbaycan muğamlarına dair ilk tədqiqat əsəri kimi elmə təqdim olunan “İzahlı moniqrafik musiqi lüğəti” bu sahədə keyfiyyətcə yeni hadisə idi. Kitabda ilk dəfə müasir musiqi elmimizə Azərbaycan da daxil olmaqla, Şərq xalqlarının muğam-makam sənətinə aid yeni, qiymətli məlumat və faktlar dail etdi, Şərq muğam-makam sənətinə, Şərq musiqişünaslığına aid olan termin və anlayşların şərhini, izahını verdi.
Ə. Bədəlbəyli bu kitabı ilə Azərbaycan musiqişünaslığını fakt qarşısında qoydu və respublikamızda Şərq musiqisinin elmi öyrənilməsini aktuallaşdırdı, musiqi şərqşünaslığını elmin fəaliyyət, tədqiqat müstəvisinə çıxardı. Yeganə kitab idi ki, muğamlar, aşıq havaları, rəqslər, alətlər, Şərq musiqisi, görkəmli muğam ifaçılığı, Şərq temperasiyası, xanəndə-sazəndə ifaçılığı, Azərbaycanın ayrı-ayrı bölgələrindəki muğam məktəbləri, musiqi məclisləri, onların ifaçıları, repertuarı və üslubu haqqında bir lüğət kimi məlumat verirdi. Demək olar ki, bu kitab təkcə Azərbaycan musiqisi haqqında yox, həm də respublikada Şərq musiqisi, orta əsr musiqi tarixi və nəzəriyyəsi haqqında ilk ensiklodik nəşr idi. Orta əsrin şöhrətli və nüfuzlu musiqi alimlərindən S. Urməvinin yaradıcılığı, “Şərəfiyyə”, “Kitab-əl ədvar” risalələrinin məzmunu, Şərq musiqişünaslığında “sistemçilər məktəbi”, Ə.Marağalının yaradıcılığı və nəzəri görüşləri, 19-cu və 20-ci əsrlərdə Avropada Şərq musiqisini öyrənən mütəxəssislər haqqında kitabda verilən zəngin fakt və məlumatlar musiqişünaslığın Şərq musiqisinə, Azərbaycan muğamına dair bilik, tarixi və nəzəri məlumat dairəsini əhəmiyyətli dərəcədə genişləndirmiş, bu sahədə elmi biliyin səviyyəsini yüksəltmişdir.
Bir sözlə, Ə.Bədəlbəyli təkcə Azərbaycanda deyil, XX əsr dünya şərqşünaslıq elmində musiqi şərqşünaslığının ən böyük nümayəndələrindən biridir.
Əfrasiyab Bədəlbəyli – müqayisəli muğamşünaslığın banisi
Müəllif “İzahlı monoqrafik musiqi lüğəti”ndə “Rast”, “Rast-Pəncigah”, “Şur”, “Nəva” “Humayun”, “Rəhab”, “Mahur”, “Segah”, “Cahargah” “Bayatı Qacar”, “Dəşti”, “Qatar” və digər klassik muğamlar haqqında məlumat verərkən, Azərbaycan, İran və Türkiyə musiqisindəki şöbə, guşə tərkibini tam şəkildə şəkildə açıqlayır, onların müqayisəli izahını aparır.
Ə.Bədəlbəyli ilk dəfə muğam sənətinin lokal arealları problemi üzərində dayanmış, zəngin ənənələri özündə müxtəlif üslublarda daşıyan regional muğam məktəblərindən bəhs etmiş, hətta “Rast” dəstgahının quruluşunum müxtəlif areallar üzrə müqayisəli cədvəlini tərtib etmişdir. Onun musiqişünaslıq yaradıcılığına muğamın tarixi aspektinə baxış elmi konseptuallığı ilə seçilir.
“Lüğət”də Azərbaycan muğam, şöbə, guşə adları ilə yanaşı, xalq musiqi nümunələri, aşıq havaları və poetik formaları, rəqslər, orta əsr musiqi alətləri, bütün bunların tarixi, ifaçıları, adları, etimologiyası haqqında da mahiyyətli və maraqlı məlumatlar verilir. Məsələn, Şərq musiqisində, o cümlədən, Azərbaycan muğam, aşıq sənətində, ifaçılıqda geniş yayılmış “Şah Xətai”, “Nəhavənd”, “Avaz”, “Muyə”, “Muğni”, “Mizhar”, “Çoğor”, “Hacı Yuni”, “Hüseyni”, “Çins”, Çəkavək”, “Məsnəvi”, “Məxlut”, “Maani”, “Mavərənnəhr”, “Şikəstə”, “Qarabağ  Şikəstəsi”, “Şirvan şikəstəsi”, “Badamı şikəstə”, “Zarınıcı”, “Çoban Bayatı”, “Yallı”, “Kabili”, “Zəngi-şütür”, “Zərbli muğam”, “Zirəfkən”, “Əşiran”, “Əfşarı”, “Əraq”, “”Peşrev”, “Pərdə”, “Oxşama”, “Dəraməd”, “Dilkəş”, “Şikəsteyi-fars”, “Xavəran”, “Xocəstə”, “Üzzal”, “Novruz-xara”, “Novruz-Əcəm”, “Arazbarı”, “Avaz” “Ustadnamə”, “Tərkib”, “Vilayəti”, “Busəlik”, “Baba Tahir”, “Təsnif”, “Təqsim”, “Sümsü”, “Səlmək”, “Saqinamə”, “Ruhül-ərvah”, “Rəvəndi”, “Rah-Şəbdiz”, “Rəməl”, “Rədif”, “Zəminxara”, “Aşiq-guş”, “Ayaq etmə”, “Əlif mizrab” və s. bu kimi onlarla istilah, termin, janr, muğam, guşə, alət adlarının ilk elmi izahı, şərhi və açıqlaması verilmişdir. Tar və ud alətləri nümunəsində Azərbaycan səs sisteminə, qeyri-müntəzəm temperasiyaya, köklənməyə, mikrointervallara ilk nəzəri yanaşma bu gün də elmi aktuallığını itirməmişdir. Bütün dəyərli məzmunu nəzərə alsaq,  kitabı Azərbaycan muğamları, xalq musiqisi haqqında “ilk ensiklopedik lüğət” adlandıra bilərik.
Ə. Bədəlbəyli kitabında 19-cu əsrə aid Qarabağ, Bakı və Şamaxı musiqi-poetik məclisləri, muğam məktəbləri, bu məclislərdə iştirak edən şair və musiqiçilər, onların Azərbaycan musiqi mədəniyyətində tarixi əhəmiyyəti   haqqında da ilk dəfə faktik məlumatlar və tədqiqatlar yazmışdır. Müəllif Mirzə Sadıq Əsəd oğlunun tar islahatlarına da kitabında geniş yer vermiş, bu islahatların hər biri üzərində xüsusi olaraq dayanmış, onların elmi əsasda izah etmiş və Azərbaycan tar lifaçılıq sənətinin inkişafındakı rolunu açıqlamışdır.
“Lüğət” bu gün də istər musiqişünas-mütəxəssislər, tədqiqatçılar, istərsə də tələbələr üçün qiymətli məxəz və mənbə olaraq qalmaqda, aktuallığı saxlamaqdadır. Oxucuların nəzərinə çatdıraq ki, Ə. Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti”nə müasir dövrdə olan elmi tələbatı nəzərə alan Xalq artisti, professor Fərhad Bədəlbəyli və Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov xüsusi layihə çərçivəsində kitabın  http://lugat.musigi-dunya.az  Internet saytını yaradılmışdır.
Əfrasiyab Bədəlbəylinin publisitkası və tənqidçi fəaliyyəti
Bəstəkar və musiqişünasın publisistik fəaliyyətinin ilk və əbədi mövzularından biri Üzeyir Hacıbəyli yaradıclığı, musiqisi idi. Hələ dahi bəstəkarın sağlığında onun opera və musiqi komediyalarına dirijorluq etməklə yanaşı, bu əsərlər haqqında məqalə və resenziyalar da yazırdı. Azərbaycan musiqi elmində Üzeyirşünaslığın elmi-tədqiqat sahəsi kimi təşəkkülü, formalaşması, Ü.Hacıbəyli yaradıcılığının peşəkar mühitində araşdırlması, Üzeyir musiqisi haqqında musiqişünaslıq-elmi fikrinin yaranması, inkişaf etməsi ilk olaraq Ə. Bədəlbəyli tərəfindən başlanılmışdır. Hələ 1920-ci illərdə opera sənətinin vəziyyəti, Ü.Hacıbəylinin opera və operettalarınnı tamaşaları haqqında mətbuat məqalələrində, Ü.Hacıbəylinin musiqili teatr əsərlərinə dair  diskussiyalara münasibətində yeniyetmə Ə. Bədəlbəyli artıq Ü.Hacıbəyli yaradıcılığına dair musiqişünaslıqda, musiqi tənqidi və publisistikasında, dövrün musiqi mühitində ilk məqalə, rəy, məlumat yazan müəllif idi. Əlbəttə, Ü.Hacıbəylinin əsərlərinə dövrün maarifçi ziyalıları,  ədibləri, jurnalistləri, rəsmi hökumət təmsilçiləri də münasibət bildirirdilər. Lakin sırf musiqiçilər arasında sağlam, obyektiv, ədalətli münasibət, demək olar, yox idi. Musiqiçilər çox gizli imzalarla qərəzli, qeyri-obyektiv, çox hallarda isə sifarişli, siyasi məqsədli yazılar yazırdılar.
1920-ci illərdə Ü.Hacıbəyli musiqisi haqqında açıq imza ilə obyektiv, sağlam fikir yürüdən, ona qarşı haqsız hücumları cavabsız qoymayan az sayda musiqiçilərdən biri də Ə. Bədəlbəyli idi. Əslində, yeniyetmə Əfrasiyab müəllimi, dahi bəstəkar və ailm Ü.Hacıbəylinin ən o çətin və mürəkkəb illərdə ən yaxın məsləkdaşına çevrilmişdi. Ü. Hacıbəylinin musiqisi, bəstəkarlıq və pedaqoji fəaliyyəti, opera janrının vəziyyəti və perspekivləri haqqında məqalələri, milli operaların müzakirəsinə qatılması, Ü. Hacıbəylinini muğam operaları haqqında məqalələri ilə, əsində, həm Üzeyirşünaslığın təməlini qoymuş, həm də XX əsrin başlanğıcında Üzeyir bəy ilə birlikdə musiqi tənqidi və publisistikasının ilk nümunələrini yaratmışdır.   Nümunə kimi, “Kommunist” qəzetində dərc olunan “Türk operaları musiqisi haqqında”  (1924, 16 oktyabr), “Leyli və Məcnun” (1925, 30 oktyabr), “Yeni musiqi əsərləri” (1925, 27 noyabr), “Dövlət türk musiqi texnikumunda” (1925, 15 dekabr), “Arşın mal alan” (1926, 1 yanvar), “Opera teatrında “Leyli və Məcnun” (1926, 26 fevral), “Arşın mal alan” (1927, 28 yanvar), “Şah Abbas və Xurşidbanu” (1927, 1 aprel), “Türk operasınını xəstə cəhətləri” (1928, 2 dekabr), “Türk operası yeni mövsüm qarşısında” (1929, 11 noyabr) və digər məqalə və rəylərini misal göstərə bilərik.
Dahi bəstəkarın yaradıcılığını daim təbliğ etmək – Ə.Bədəlbəylinin dirijor, musiqişünas, musiqi tənqidçisi, publisit, musiqi-ictimai xadim, maarifçi-ziyalı, jurnalist fəaliyyətinin əsas məqsəd və vəzifələrindən biri olmuş, bu şərəfli müqəddəs işə  bütün həyatını həsr etmişdir.  Ə. Bədəlbəli ömrünün sonuna qədər Ü.Hacıbəylinin yaradıcılığı, musiqi üslubu, mədəniyyət tarixində rolu, ayrı-ayrı əsərləri, ilk növbədə “Leyli və Məcnun” operası haqqında onlarla elmi, publisist məqalələr yazmış, məruzə və çıxışlar etmşdir. Bu sahədə sona qədər peşəkar musiqiçi, alim, ziyalı və maarifpərvər kimi fədakarlıqla işləməsi Azərbaycan musiqişünaslığını Ü.Hacıbəyli yaradıcılığına dair elmi fikirlə, tədqiqat irsi ilə, elmi və publisist məqalələrlə zənginləşdirmişdir.
Ə.Bədəlbəlinin musiqi publisisti və tənqidçisi kimi yaradıcılığının janr, mövzu dairəsi olduqca müxtəlif, rəngarəng idi. O, bəstəkarların yeni simfonik, kamera, vokal, opera və balet əsərləri haqqında  peşəkar səviyyəli resensiyaların, maraqlı elmi-publisist məqalələrin müəllifidir. XX əsrin ayrı-ayrı onilliklərdə musiqi incəsənətinin ən vacib, aktual, qaçılmaz problemləri, vəzifələri, inkişafa mane olan amilləri, onların həlli yolları haqqında maraqlı tənqidi, təhlili məqalə və çıxşları ilə o, musiqi ictimaiyyətini bu problemlərin, vəzifələrin, nöqsanların həllinə yönəltmişdir.
 
Gənc Fərhad Bədəlbəyli ilə…
Ə.Bədəlbəyli istedadlı bəstəkarlar, dirijorlar, opera və balet artistləri, xanəndələr, muğam ifaçıları, gənc musiqiçilər haqqında məqalələrində onların nailiyyətləri, yaradıcı istedadları haqqında yazmaqla, həm də istedadlı fərdlərə musiqi mədəniyyətinin perspektiv inkişaf xəttində yanaşmış, bununla  musiqişünaslıq və musiqi təbliğçisi vəzifəsini peşəkar səviyyədə və layiqincə yerinə yetirmişdir.  Ə.Bədəlbəlyi Avropa və rus klassik bəstəkarlarına həsr etdiyi çoxsaylı məqalələri ilə musiqi publisitikasının maarifçilik xəttini fəallaşdırmış, inkişaf etdirmişdir. O, respublikada ifaçılıq sənətinin, muğam, xor ifaçılığının vəziyyətinə, musiqinin təbliğinə, məktəblilərin və gənclərin musiqi tərbiyəsinə dair aktual tənqidi çıxışları ilə respublikada geniş müzakirələr yaratmış, ictimaiyyətin bu məsələlərdə fəal iştirakına nail olmuşdur.
1930-1970-ci illərdə Azərbaycana gələn xarici olkə artistlərinin, kollektivlərinin, dirijorlarının konsertləri haqqında resensiya və məqalələri ilə Ə. Bədəlbəyli öz dövrünün musiqi salnaməsini yaradaraq, müasir nəsillərə qiymətli məlumatlar vermişdir.
Ə. Bədəlbəyli müsahibələrindən birində 1969-cu ildə Parisdə Azərbaycan baletlərinin böyük uğurla qarşılandığını, lakin bu səfərdə yalnız dirijor kimi yox, həm də musiqişünas kimi iştirak etdiyini bildirir. Məlim olur ki, o, Paris musiqişünaslıq institunun dəvəti ilə burada, Azərbaycan professional musiqi incəsənəti,  onun nailiyyətləri, xalq musiqisi, muğamlar haqqında geniş məruzə söyləmiş, bu barədə yerli mətbuatda məlumat verilmişdir.
Tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mərhum İbrahim Quliyev Ə.Bədəlbəylinin publisitik və tənqidi irsini toplayaraq, kitab halında nəşr etdirmişdir.
Əfrasiyab Bədəlbəyli – musiqi-ictimai xadim
Ə.Bədədlbəylinin musiqişünaslıq fəaliyyətindən bəhs edərkən, onun Azərbaycan SSR Ensiklodeiyasının elmi şürasının üzvü kimi fəaliyyətini, ensiklopediyada Azərbaycan musiqisinə dair məqalələr yazmasını, Elmlər Akademiyasının “Elm və həyat” jurnalında, Yazıçılaq İttifaqının “Ədəbiyyat və incəsənət” qəzetində uzun illər redaksiya şurasınını üsvü və ekspert-mütəxəssis kimi çalışmasını, Azərbaycan radiosunda musiqi verilişləri redaksiyasına rəhbərliyini, televiziya və radioda muğamlara, musiqiyə dair verilişlər təşkil etməsini və aparmasını, bir çox kitablara redaktorluq etməsini, “Bilik” Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi elmi konfranslarda məruzələrini, respublikanın bölgələrində, mətbuatda musiqi təbliğatçısı və maarifçisi kimi geniş fəaliyyətini, məktəblilərin musiqi tərbiyəsində yaxından iştirakını, orta və ali məktəblərinin musiqi olimpiadalarının, özfəaliyyət müsabiqələrinin təşkilində fəal rol oynamasını, Azərbaycan Xor Cəmiyyətinin sədri, Bəstəkarlar İttifaqının və Teatr Xadimləri Cəmiyyətinin üzvü kimi fəaliyyətini də oxucuların nəzər-diqqətinə çatdırmaq istəyirik.
Şəmsi və Əfrasiyab Bədəlbəylilər. 
Xüsusilə Azərbaycan radiosunda musiqi redaksiyasına rəhbərlik etdiyi illərdə cəmiyyətin musiqiyə zövqunun və tərbiyəsinin inkişafı, dinləyicilərin bəstəkar yaradıcılığı, musiqi janrları, xalq musiqisi, musiqi tarixi, muğam sənəti, ifaçılıq  maarifləndirilməsi onun əsas məqsədi idi.
Ə.Bədəlbəylinin Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Pribaltika bəstəkar və musiqişünas-alimləri ilə yaradıcılıq əlaqələri, onun müxtəlif şəhərlərdə keçirilən elmi konfranslarda iştirakı Azərbaycanın musiqi-elmi əlaqələrinin inkişafına da əhəmiyyətli təsir göstərmişdir.
Epiloq
“Tarixə yazılıb bu ad, bu soyad”… “Əbədidir məhəbbətin, əbədi”… Əfrasiyab Bədəlbəylinin çox yaxın sənət və həyat dostu Rəfiq Zəka Xəndanın onun 60 illiyinə həsr etdiyi şeirin misraları görkəmli sənəti xadimi, musiqişünas, mayestro Əfrasiyab Bədəlbəylinin qiymətli həyat-yaradıcılığının poetik epiqrafı kimi səslənir.
P.S. Məqalədə istifadə olunan foto və sənədlər Dövlət Ədəbiyyat və İncəsənət Arxivində  Ə.Bədəlbəylinin şəxsi arxic fonduna məxsusdur.